Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 1941-1945-cı illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərın dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlərə birdəfəlik maddi yardım edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilsin.
Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılmışdır ki, həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xüsusi hesabına köçürülməsini təmin etsin. DSMF birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin edəcək.
***
Prezident İlham Əliyev "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalamışdır. Azərbaycan Respublikası haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında AzərTAc-ın xüsusi əhəmiyyəti nəzərə alınaraq imzalanmış Sərəncama əsasən, agentliyin xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılacaqdır. Bundan başqa, AzərTAc-da Multimedia və video xidməti yaradılacaq, agentliyin alman, fransız və ərəb dillərində xəbərlər buraxılışları təmin ediləcəkdir.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılmışdır ki, iki ay müddətində xaricdə yaradılacaq müxbir məntəqələrinin, Multimedia və video xidmətinin fəaliyyətinin, həmçinin xarici dillərdə xəbər buraxılışlarının təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin, AzərTAc-ın işçilərinin say həddini təsdiq etsin, agentliyin yeni inzibati binasının tikintisi məqsədi ilə müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlər görsün, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.