Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Astara rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin Murad Qorxmaz oğlu Cabbarlının Şəki şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında, Nazim Asabəli oğlu İbrahimovun Şəki şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə və "Azərbaycan Respublikasının mülki məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-ıııqd nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.