Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqeyə başsağlığı məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Jak Roqqe, Dünya Olimpiya hərəkatına baş vermiş ağır itki - Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Don Xuan Antonio Samarançın vəfatı məni dərindən kədərləndirdi. Don Xuan Antonio Samarançın simasında dünya idman ictimaiyyəti, beynəlxalq olimpiya hərəkatı görkəmli xadimini itirdi. Bu hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin fəallarına, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm. Ömrünü olimpiya hərəkatına həsr etmiş bu fədakar insanın aramızdan getməsinə böyük təəssüf hissi keçirir, kədərinizə şərik olduğumu bildirirəm. Olimpiya hərəkatının liderlərindən olan Don Xuan Antonio Samarançın xatirəsi Azərbaycanın idman ictimaiyyətinin yaddaşında uzun zaman qalacaqdır."