PDF Oxu

Siyasət

  • 13

Yenilənmiş Madrid prinsipləri Azərbaycan üçün məqbuldur

Yenilənmiş Madrid prinsipləri Azərbaycan üçün məqbuldur
"Hesab edirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində həlledici mərhələyə qədəm qoymuşuq. Mən bu barədə öz fikirlərimi dəfələrlə ictimaiyyətlə bölüşürəm, Azərbaycanın mövqeyini bildirirəm. Ancaq hadisələr çox sürətlə inkişaf edir və əlbəttə ki, danışıqlar prosesinin indiki mərhələsi haqqında da mən həm öz fikirlərimi bildirmək, həm də Azərbaycan dövlətinin rəsmi mövqeyini bir daha açıqlamaq istəyirəm"- Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri bir neçə gün öncə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında deyib.
Hökumət üzvləri qarşısındakı çıxışında dövlət başçısı bildirib ki, bu münaqişə öz həllini ancaq beynəlxalq hüquq normaları əsasında tapa bilər. "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir, işğalçı qüvvələr bütün işğal edilmiş torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları- qaçqınlar, köçkünlər işğal edilmiş bütün ərazilərə, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və Dağlıq Qarabağın statusu ondan sonra müəyyən oluna bilər. Bununla bərabər, bu status ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan dövləti bundan kənarda heç bir statusa heç vaxt razılıq verməyəcəkdir. Biz razılıq vermədiyimiz təqdirdə, heç kim qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayacaqdır"- İlham Əliyev qeyd edib.
Prezident deyib: "Danışıqların ilk günlərindən Azərbaycanın mövqeyi ondan ibarət olmuşdur ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verilə bilər. Biz bu mövqedə qalırıq və ermənilərdən fərqli olaraq heç vaxt etnik təmizləmə əməliyyatları aparmamışıq, belə niyyətimiz də yoxdur.
Bəzi hallarda biz Ermənistandan çox sadəlövh və gülməli bəyanatlar eşidirik ki, əgər Azərbaycanın istədiyi məsələ öz həllini taparsa, Azərbaycanın təklifi qəbul olunarsa, o zaman Dağlıq Qarabağda ermənilər qalmayacaqdır. Qoy onlar bizi öz arşını ilə ölçməsinlər. Azərbaycan xalqı başqa millətlərə qarşı heç vaxt ayrı-seçkilik etməmişdir. Biz Ermənistandan fərqli olaraq monodövlət deyilik. Bizdə bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bizim xüsusiyyətimiz bundadır. Bizim düşüncəmiz bundadır.
Ermənistan isə bəlkə də dünyada tək ölkədir ki, yəni ada olmayan tək ölkədir ki, orada erməni millətindən başqa millət yaşamır. Baxmayaraq ki, bugünkü Ermənistan Azərbaycanın əzəli torpaqları üzərində qurulubdur, İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bu, bizim tarixi torpağımızdır. Ancaq azərbaycanlılar müxtəlif tədbirlərlə, müxtəlif yollarla indiki Ermənistandan qovuldu. Nəinki azərbaycanlılar, bütün başqa millətlər də Ermənistandan ya qovuldu, ya öldürüldü, ya sıxışdırıldı, ya da elə dözülməz şərait yaradılmışdır ki, onlar orada qala bilmirlər.
Azərbaycan dövləti heç vaxt heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışdır və aparmayacaqdır. Əgər beynəlxalq hüquq normalarını əks etdirən təkliflər Ermənistan tərəfindən qəbul edilərsə, o zaman Dağlıq Qarabağda erməni icması ilə bərabər Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və onların orada, azərbaycanlıların orada yaşaması həm tarixi ədaləti tam təsdiq edəcək, həm də ki, beynəlxalq hüquq normalarına tam uyğundur".
Dövlət başçısının sözlərinə görə, bugünkü mərhələdə Ermənistan öz mövqeyini bildirməlidir: "Uzun illərdir ki, biz Minsk Qrupunun həmsədr ölkələrinin dövlət, hökumət başçılarına mövqeyimizi bildirmişik. Ermənistan danışıqları süni şəkildə uzadır. Ermənistan danışıqlarda səmimi deyildir və danışıqları, sadəcə olaraq, bir bəhanə kimi aparır və çox ləng aparır. Müəyyən mərhələlərdə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, yenidən onları ortaya qoyur ki, sadəcə olaraq, vaxt udsun. Hesab edirlər ki, vaxt keçdikcə bu status-kvo vəziyyəti daha da möhkəmlənəcək və 10 ildən, 20 ildən sonra artıq qeyri-qanuni qurum olan Dağlıq Qarabağın, elə bil ki, legitimləşdirilməsi üçün daha da əlverişli imkanlar olacaqdır".
Dəfələrlə həm Minsk Qrupunun səfirlərini, həm də dövlət və hökumət başçılarını məlumatlandırmışıq ki, bizim şübhələrimiz var və bu şübhələr elə boş yerə yaranmayıb- deyən ölkə rəhbəri əlavə edib ki, bu şübhələrin əsası var ki, Ermənistan, sadəcə olaraq, vaxt uzadır, danışıqları belə bir əbədi prosesə çevirmək istəyir, sanki bu danışıqlarda iştirak edir, ona görə onlara qarşı sanksiyalar tətbiq edilməməlidir. Danışıqların uğurlu olmaması səbəbini müxtəlif yollarla Azərbaycanın üzərinə yıxmaq istəyir.
"Artıq biz o mərhələyə yaxınlaşmışıq ki, Ermənistanın bu məkrli, riyakar və yalançı siyasəti davam edə bilməz. Biz o mərhələdəyik ki, onlar Minsk Qrupunun həmsədrləri olan ölkələrin təklifinə cavab verməlidirlər. Yenilənmiş Madrid prinsipləri əsasında iki tərəfə təqdim edilmiş təklif 3 ölkənin təklifidir. Düzdür, bu təklifin formalaşmasında və indiki vəziyyətə gətirib çıxarılmasında Azərbaycan diplomatiyasının çox böyük rolu vardır. Əgər biz mərhələnin əvvəlindəki təkliflərə baxsaq, yəni Praqa prosesi adlandırdığımız mərhələnin əvvəlinə, prosesin əvvəlinə baxsaq, görərik ki, o təkliflərdə bizi qane etməyən çoxsaylı məqamlar var idi. Çox böyük təhlükəli məqamlar var idi, nə vaxtsa Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək müəyyən mexanizmlər orada görünməkdə idi. Əlbəttə ki, biz onu heç vaxt qəbul edə bilməzdik"- Prezident bildirib.
Dövlət başçısı deyib: "Son illər ərzində, son 5 il ərzində Praqa prosesi çərçivəsində bizim səylərimiz nəticəsində və eyni zamanda, hesab edirəm ki, həmsədr ölkələrin məsələyə yeni bucaqdan baxışı nəticəsində biz bugünkü yenilənmiş Madrid prinsipləri əsasında verilmiş təklifləri görürük və müzakirə edirik. Ona görə, bu, böyük bir proses idi. Müxtəlif dövrlərdə Ermənistan tərəfi bu prosesdən müxtəlif yollarla çıxmaq istəyirdi. Bəzən danışıqları tərk etməklə, bəzən çox müəmmalı səbəblər gətirərək danışıqları yarımçıq tərk etməklə, sadəcə olaraq, heç kimə demədən danışıqlardan uzaqlaşmaqla özlərini bir növ gülünc vəziyyətə salırdılar. Ancaq biz görürük ki, onlar hər şeyə razıdırlar. Özlərini gülünc vəziyyətə salmağa razıdırlar. Özlərini qeyri-konstruktiv mövqeyin sahibi olan ölkə kimi təqdim etməyə hazırdırlar, təki bu proses əbədi proses olsun, danışıqlar getsin və dünya da sanki arxayınlaşsın ki, burada hər şey sakit olacaq, müharibə olmayacaq, onlar danışırlar, qoy danışsınlar.
Artıq biz o xəttə çatmışıq ki, Ermənistan tərəfi və əlbəttə ki, Azərbaycan tərəfi öz mövqeyini bildirməlidir. Biz öz mövqeyimizi bildirmişik. Həm keçən ilin noyabr ayında Münhen şəhərində Ermənistan prezidenti ilə apardığım danışıqlarda və son dəfə Soçidə Rusiya prezidenti Medvedevin təşəbbüsü ilə növbəti üçtərəfli görüş əsnasında Azərbaycan rəsmi şəkildə öz mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid prinsipləri üzərində verilən təklif bizim üçün məqbuldur, o təklifdə bizim üçün narahatedici məqamlar çox azlıq təşkil edir".
İlham Əliyev qeyd edib ki, orada kiçik istisnalar etməklə o təklif əsas kimi götürülməlidir və bu təklifin əsasında sülh sazişi hazırlanmalıdır. "Əfsuslar olsun ki, Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib. Ondan sonra bizə çatan məlumata görə, onların o təklifə verdikləri əlavələr, əslində, bizi prosesin əvvəlinə gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edə bilərik, nə də ki, Minsk Qrupunun həmsədr ölkələri. Ona görə, bizə söz verilib ki, bu müddət ərzində Ermənistan tərəfi ilə çox ciddi iş aparılacaq və onlara sübut etməyə çalışacaqlar ki, bu təklifi qəbul etsinlər.
Biz, əlbəttə ki, vəziyyəti, bölgədə gedən prosesləri təhlil edirik və Ermənistandan cavab gözləyirik ki, onlar 3 ölkənin- Rusiya, Fransa və Amerikanın təklifinə müsbət cavab verəcəklər və belə olan halda, biz danışıqları fəal şəkildə aparacağıq, artıq danışıqların yeni mərhələsi başlayacaq, konkret saziş üzərində işlər başlanacaqdır. Əgər onlar bu təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar öz mənasını itirəcək və sadəcə, imitasiya naminə, görüntü yaratmaq üçün danışıqlar aparmaq bizim üçün qəbuledilməzdir".
Biz imitasiya naminə danışıqlar aparmayacağıq, danışıqları o vaxta qədər aparacağıq ki, bizdə ümid var ki, onlardan bir nəticə çıxacaqdır-deyən Prezident bəyan edib: "Görsək ki, burada heç bir ümid yoxdur, onda danışıqlar dayanmalıdır və əlbəttə ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ nədən ibarət olacaq, bunu, hələ ki, demək tezdir. Hər halda, biz istənilən ssenariyə hazırıq. Öz hazırlıq işlərimizi görürük ki, vəziyyətə uyğun şəkildə addımlarımızı ataq. Ancaq mən hesab edirəm və bir daha bunu vurğulamaq istəyirəm, indiki mərhələdə artıq hamı üçün, həm də həmsədr ölkələr üçün bəllidir ki, Ermənistan tərəfi danışıqları pozur. Həmsədr ölkələr əgər əvvəllər buna bir növ göz yummaq istəyirdilərsə, artıq bu gün bunu etmək mümkün deyildir. Çünki onlar üçün də bəllidir ki, Ermənistan tərəfi danışıqları, əslində, pozur. Belə olan halda, mən tam əminəm ki, Ermənistan tərəfi ilə ciddi iş aparılmalıdır. Ermənistanı hansısa yollarla stimullaşdırmaq, onlara ümid vermək, onların işğalçı siyasətinə yenə göz yummaq siyasəti ona gətirib çıxara bilər ki, danışıqlar pozulacaqdır.
Ona görə, mən hesab edirəm ki, indiki həlledici mərhələdə bütün ölkələr, xüsusilə, Minsk Qrupunun həmsədr ölkələri çox həssas olmalıdırlar. Vəziyyətlə bəlkə də yaxından tanış olmayan insanlar daha da çalışmalıdırlar ki, bölgədəki vəziyyəti öyrənsinlər, bölgədə gedən tarixi prosesləri heç olmasa kitablardan oxusunlar. Son 20 ilin tarixini öyrənsinlər. Əgər bilmirlərsə, mən heç kimi günahlandırmaq istəmirəm, bunu öyrənsinlər ki, düzgün nəticə çıxarsınlar, addımları düzgün istiqamətdə atsınlar".

Digər xəbərlər