Azərbaycan və Ukrayna dost ölkələrdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı Boris Klimçukun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin möhkəmləndiyini vurğulayaraq ötən dövr ərzində nəzərdə tutulan məsələlərin bir çox hissəsinin həyata keçirildiyini qeyd etdi. Səfirin Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Boris Klimçuk ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Diplomat ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.