PDF Oxu

Siyasət

  • 8

İqtisadi inkişafın real nəticələri

İqtisadi inkişafın real nəticələri
Qlobal maliyyə böhranın tüğyan etdiyi bir zamanda Azərbaycanın öz inkişaf tempini qoruyub saxlaması, ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olması beynəlxalq aləmdə təqdir olunur. Dünya iqtisadiyyatının resessiyası dövründə Azərbaycan iqtisadi artımın yüksək tempini təmin edib və bu göstərici üzrə aparıcı mövqe tutur. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankın idarə heyətini sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünya baş verən maliyyə böhranı dövründə Azərbaycan əsas diqqətini maliyyə sabitliyinin təminatına yönəltdi, bank sektorunu vaxtında xəbərdar etdi və artım tempinin genişləndirilməsi zamanı daha konservativ siyasətə çağırdı: "Dünyada gedən proseslər göstərdi ki, böhranın sürətlənməsinin əsas göstəricisi xarici borclar olub. Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı iqtisadi metodlarla onların ölkənin bank sektoruna cəlb olunmasını məhdudlaşdırdı. Görülən tədbirlər nəticəsində, böhranın əvvəlində bank passivlərində xarici borcların xüsusi çəkisi 18 faizi ötmədi".
Göründüyü kimi, 2010-cu il də uğurlu başlayıb və ilin yekunu ilə bağlı proqnozların doğrulması üçün heç bir maneə yoxdur. Bütün bunlar bir daha onu göstərir ki, iqtisadi sferada Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edəcək, ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının qlobal böhranı tədricən geridə qoyması fonunda onlarla aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcmi daha da artacaq. Bu isə qazanılan uğurların miqyasının əhəmiyyətli dərəcədə çoxalması deməkdir. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə, yenə dünyada lider mövqedən çıxış edəcəyini deməyə əsas verir. Bu həm də iqtisadi potensialdan tam səmərəli şəkildə istifadə olunduğunu göstərir.
Prezident İlham Əliyev bununla bağlı bildirib: "Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün, sadəcə olaraq, Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son 6 ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir".
Xarici investisiya qoyuluşu həcmini gücləndirən Azərbaycan həmişəki kimi özü də əcnəbi sərmayədarlar üçün cəlbedici ölkə olaraq qalır. Bunu cari ilin ilk iki ayının yekunlarına nəzər yetirdikdə, aydın görmək mümkündür. Araşdırmalar göstərir ki, 2010-cu ilin yanvar-fevral aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 75,2 faiz və ya 310 milyon 887,2 min manat artıb.
Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider ölkə olub. İnvestisiyaların həcmi 163 milyon 433, 6 min manat və ya bütün investisiyaların 52,6 faizini təşkil edib ki, bu da təxminən iki dəfəyədək artım deməkdir. ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 49 milyon 398,8 min manat həcmində olub və bu zaman artım göstəricisi 30,3 faizə çatıb.
Cari ilin yanvar-fevral aylarında beynəlxalq təşkilatlar arasında Dünya Bankı 27 milyon 752,9 min manat (artım 3,6 dəfə), Asiya İnkişaf Bankı 2 milyon 6,5 min manat (artım 2,8 dəfə), İslam İnkişaf Bankı 675 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib. İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb. Cari ilin qarşıdakı dövrü ərzində isə xarici investisiya yatırımlarının miqdarının yenə də artan xətt üzrə inkişaf edəcəyi proqnozlaşdırılır.
İqtisadi sferada daha bir sevindirici fakt isə Azərbaycanın xarici ticarətində qeydə alınan göstəricilərdir. Yenə də ilin ilk iki ayının yekunları ölkəmizin ixrac potensialının xeyli gücləndiyini göstərir. Bunun nəticəsidir ki, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 milyard 512 milyon 932,4 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,4 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi, ümumiyyətlə, 3 milyard 920 milyon 308,8 min dollar təşkil edib ki, bu da 2009-cu ilin yanvar-fevral aylarındakı göstəricidən 1,6 dəfə çoxdur.
Cari ilin ilk iki ayında ixracın həcmi 3 milyard 216 milyon 620,6 min dollar, idxal 703 milyon 688,2 min dollar təşkil edib. Beləliklə, araşdırmalar göstərir ki, 2009-cu ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə cari ilin analoji dövründə ixrac 15,5 faiz artıb, idxal isə 23,8 faiz azalıb. Məlumat üçün onu da bildirək ki, ixracın strukturunu əsas etibarı ilə xam neft, neft məhsulları, bitki və heyvan mənşəli yağlar, qara metal və ondan hazırlanan məmulatlar, meyvə-tərəvəz, kimya, alüminium və ondan hazırlanan məmulatlar, spirtli və spirtsiz məhsullar, pambıq, tütün və tütün məhsulları təşkil edib.
Bütün bunlar Azərbaycanın hər keçən gün iqtisadi sahədə daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərməklə yanaşı, onun beynəlxalq miqyasda mövqelərini də durmadan gücləndirir. Belə durum isə dünyanın siyasi səhnəsində də Azərbaycanın nüfuz çəkisinin artmasında mühüm rol oynayır. Azərbaycan artıq dünya məkanında nümunəvi ölkəyə çevrilib.

Digər xəbərlər