PDF Oxu

Siyasət

  • 11

Qafqazın ən qüdrətli ordusu

Qafqazın ən qüdrətli ordusu

Cənubi Qafqazda ən güclü ölkə olan Azərbaycan regionun ən qüdrətli ordusuna malik ölkədir. Azərbaycan Silahlı Qüvvələri son 15 ildə böyük inkişaf yolu keçib. NATO standartlarına cavab verən, peşəkar kadrlarla və modern texniki bazaya malik olan Azərbaycan Ordusu artıq Ali Baş Komandanın əmri ilə istənilən hərbi əməliyyatı qüsursuz yerinə yetirmək qüdrətindədir. Başqa sözlə, artıq ordumuz, nəinki ölkə ərazisini ələ keçirmiş erməni separatçı dəstələrinə qarşı anti-terror əməliyyatı keçirməyə, hətta dövlətin müstəqilliyinə və bütövlüyünə qarşı təhlükə yarandığı zaman geniş miqyaslı müharibə aparmağa və bunu qələbə ilə başa vurmağa qadirdir. Bu həqiqəti son zamanlar beynəlxlaq təşkilatlar və hərbi ekspertlər də etiraf edirlər.

"Silahlı Qüvvələrlə bağlı işlər hər şeydən vacib, hər şeydən önəmlidir"

"Azərbaycan dövlətinin, Prezidetinin, o cümlədən, Ali Baş Komandanın çox işləri var. Ancaq bizim dövlətimiz üçün, mənim üçün, Azərbaycan Respublikasının Ali Baş Komandanı üçün ordu ilə, Silahlı Qüvvələrlə bağlı işlər hər şeydən vacib, hər şeydən önəmlidir"- deyən İlham Əliyev hərbi qüdrətimizin artmasının dövlətin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir.
Son illərdə nizami ordunun formalaşması üçün aparılan islahatları gündəlik işi və dövlət siyasətinin əsas parametrlərindən hesab edən Prezident İlham Əliyev bildirib ki, ildən-ilə güclənən iqtisadi potensialımız hesabına bu sahəyə daha çox diqqət yetirilir.
"Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Ordumuzun 90 illik yubileyi münasibətilə hərbi parad keçirməklə öz hərbi texnikamızı, öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusunun durumu elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın"- deyə Ali Baş Komandan qeyd edib.
Ölkə rəhbəri bildirir ki, "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər".
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Əgər Ermənistan tərəfi real durumu nəzərə alsa və Azərbaycanın artan imkanlarını,- həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını,- təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir".
Ali Baş Komandan İlham Əliyev "Ərazi bütövlüyümüzün bərpası başlıca şərtdir" söyləməklə əsgər və zabitlərimizin məsuliyyətini ikiqat artırır. Artıq torpaqlarımızı erməni işğalından azad edə biləcək, hər an Ali Baş Komandanın əmrini yerinə yetirəcək hazırlıqlı, mükəmməl, nizami ordumuz var.

Azərbaycan Ordusunun büdcəsi Ermənistan büdcəsinə bərabərdir

2003-cü ildə hərbi xərclərə ayrılan 135 milyon dollarla 2010-ci ildə bu sahəyə yönəldilmiş 2 milyard dollardan artıq vəsaiti müqayisə etməklə fərqi aydın görmək olar. Yəni, son 7 ildə hərbi sahəyə ayrılan vəsait 15 dəfə artırılıb. Başqa sözlə deyilsə, Azərbaycanın 15 milyard dollara çatan dövlət büdcəsində hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır.
Bu isə ordunun güclənməsinə, möhkəmlənməsinə stimul yaradır. Bu müqayisə bir növ Prezident İlham Əliyevin 4 il bundan öncə dediklərinin təsdiqidir: "Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq."
Göründüyü kimi, bütün vədlərində reallığa əsaslanan dövlət başçısı bu sahədə də sözünün sahibidir. Hazırda ölkəmizdə hərbi xərclər üçün ayrılan vəsaitin həcmi Ermənistanın bütünlükdə dövlət büdcəsinə bərabərdir. Yaxın illərdə isə ölkəmizdə ordu quruculuğu üçün ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıq olacaq.
Daha böyük işlər barədəki proqnozlar isə ölkənin gələcək qüdrətindən xəbər verir. Müharibə şəraitində yaşamağımızı nəzərə alsaq, paritetləri aydın müəyyənləşdirə bilərik. İstənilən qədər yüksək olan iqtisadi və maliyyə imkanlarımız hesabına Müdafiə Sənayesi Nazirliyinin yaradılması belə tədbirlərdəndir. Nazirliyin təşkili ilə lazımi avadanlıq, silah-sursat istehsalına başlanılması o deməkdir ki, Azərbaycan öz siyasətini proqram üzrə aparır.
Son illərdə ölkədə bir neçə hərbi zavod açılıb, müxtəlif təyinatlı müasir texniki vəsaitlər istehsal olunur. Qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı vardır.
Silahlı Qüvvələr sahəsindəki təhsil sistemi NATO standartları səviyyəsindədir. Ali təhsil ocaqlarında müasir hərb elminin prinsiplərinə uyğun zabit kadrları yetişir. NATO-nun sülhməramlı qüvvələri tərkibində münaqişə ocaqlarında asayişin keşiyində dayanan əsgərlərimiz haqqında yalnız müsbət rəylər bildirilir.
Beynəlxalq səviyyəli hərbi ekspertlər təsdiq edirlər ki, Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatlar NATO standartlarına tam cavab verir. Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.
Yeri gəlmişkən, son vaxtlar NATO-nun Azərbaycanı öz sıralarında görməkdən məmnun olacağı haqda informasiyalar yayılır. Bu isə Azərbaycanın hərbi cəhətdən yüksək inkişafını və ən müasir standartlara cavab verən Silahlı Qüvvələrə malik olduğunun göstəricisidir.
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan öz hərbi-iqtisadi qüdrəti ilə artıq çoxdan regionun ən güclü dövlətinə çevrilib. Hərbi və iqtisadi cəhətdən qüdrətli olan dövlət isə istənilən an öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir. Azərbaycan son variant kimi bu yolu seçməyə məcbur olduqda, bunun qarşısını heç bir qüvvə ala bilməyəcək.

Peşəkar kadrlara və modern arsenala malik ordu

Azərbaycan Ordusu ən müasir standartlara uyğun qurulur, NATO standartlarına uyğunlaşır. Bizim artıq peşəkar ordumuz var. Azərbaycan Ordusunda yeni zabit obrazı yaranır, yeni peşəkar xidmət mühiti, yeni hərbçi düşüncəsi formalaşır. Əsgərlərdə mənəvi ruh yüksəkliyi var, Ana Vətən, Torpaq, qeyrət hissi ilə yanaşı bir əsgər şərəfi, əsgər məsuliyyəti var.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ordunun gücləndirilməsi ilə bağlı keçirilən təlimlər müdafiə naziri Səfər Əbiyevin şəxsi nəzarətində gedir və ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı Müdafiə Nazirliyinin planlaşdırdığı tədbirlər uğurla həyata keçirilir. Ötən il, həmçinin, nazirliklə bir sıra ölkələr arasında hərbi əməkdaşlıq sahəsində sazişlər imzalanıb. Xarici ölkələrdə əməkdaşlıq çərçivəsində artıq bəzi ölkələrin hərbçiləri Azərbaycanın hərbi məktəbində təhsil alır.
Son illərdə Azərbaycan hərbçiləri NATO ilə əməkdaşlıq çərçivəsində qurumun təşkil etdiyi tədbir və təlimlərldə, hərbi kurslarda seminarlarda fəal iştirak edib. NATO ilə əməkdaşlıq çərçivəsində artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması ilə bağlı tədbirlərə başlanıb.
Göründüyü kimi, Azərbaycan Ordusu hərb yolu ilə torpaqları işğaldan azad etməyə qadirdir və artıq ordu döyüşə tam hazır vəziyyətdədir. Lakin Azərbaycan tərəfi bütün beynəlxalq hüquq normalarına riayət edərək, problemin sülh yolu ilə həllinə çalışır. Bu prosesdə beynəlxalq təşkilatlar da Azərbaycanın xeyirinə çıxış edir.
Hazırda bütün beynəlxalq təşkilatlar işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməyə çağırır. Xarici təşkilatların məlumatına görə, hazırda Ermənistan ordusu səfalət içərisindədir. Büdcə xərcləri və hərbi xərcləri azaldığından Ermənistan hökuməti artıq bir neçə hərbi hissəni komplektləşdirə bilmir.
Azərbaycan Silahlı Qüvvələri isə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları demək olar ki, yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.
Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan Bakı bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.

Azərbaycan-NATO: uğurlu əməkdaşlığın real nəticəsi

Azərbaycan ilə NATO arasında əməkdaşlığın 16 illik tarixi var. Bu tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il mayın 4-də Şimali Atlantika Alyansının mənzil-qərargahında "Sülh naminə tərəfdaşlıq" Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub. Həmin vaxtdan Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. NATO ilə əməkdaşlığın sonrakı mərhələsi "Fərdi tərəfdaşlığın əməliyyat planı"nın (FTƏP) icrası oldu. Ölkəmizin "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasından 10 il sonra- 2004-cü ilin mayında Prezident İlham Əliyev Azərbaycanın FTƏP Təqdimat Sənədini NATO-nun baş katibinə təqdim etdi. Bununla da, Azərbaycan ilə NATO münasibətlərində yeni mərhələ başlandı.
Bu gün Azərbaycan FTƏP çərçivəsində NATO ilə siyasi dialoq və məsləhətləşmələri genişləndirir, bu qurumla siyasi, hərbi, iqtisadi, ictimai məlumatlandırma, elm, ətraf mühit və digər sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə" imzaladığı Sərəncam isə bu əlaqələrin inkişafına böyük töhfələr verib.
Azərbaycan NATO ilə qurumun İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda bu əməkdaşlıq Əfqanıstanda davam etdirilir.
NATO-nun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq təşkilatın 1994-cü il Brüssel Zirvə Toplantısının Bəyannaməsində əks olunub.
NATO Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyır, bölgədəki bütün münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, bu sahədə ATƏT-in Minsk Qrupunun göstərdiyi bütün səyləri dəstəkləyir.
NATO-nun həyata keçirdiyi son tədbirlər və yürütdüyü siyasət onu göstərir ki, bu qurum regionda özünə ən qızğın strateji tərəfdaş olaraq Azərbaycanı görür. Alyansın ölkəmizin regionda və dünyada gedən proseslərdə hansı dərəcədə mühüm rolunun olduğunu dərk etməsi isə Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə ən yaxşı faktordur.
Əfqanıstanda olan hərbçilərimizin yüksək xidmət göstərməsinin və bunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artmasının sübutu olduğunu isə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons də təsdiq edib: "Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması son 15 ildə əməkdaşlığımızın əsas elementi olub. Azərbaycan bu sahədə əhəmiyyətli irəliləyiş əldə edib və Azərbaycan hərbçilərinin NATO-nun rəhbərliyi altında İSAF sıralarında Əfqanıstanda uğurlu xidmət keçməsi bunun təsdiqidir".

Azərbaycan anti-terror koalisiyasının fəal üzvüdür

Hazırda Azərbaycan beynəlxalq anti-terror koalisiyasının ən fəal üzvlərindən biridir. Erməni terrorundan əziyyət çəkən Azərbaycanın bu problemə qarşı fəal mübarizə aparmasını və beynəlxalq birliyə göstərdiyi yardımları nəzərə alan NATO isə indi ölkəmizlə qeyd olunan sahədə işbirliyinin miqyasını daha da genişləndirmək niyyətindədir. Hazırda bu məqam özünü daha çox Azərbaycan vasitəsilə Əfqanıstana NATO-nun qeyri-hərbi yüklərinin çatdırılmasında göstərir.
Əfqanıstana qeyri-hərbi yüklərin daşınması, əsasən, özəl şirkətlər tərəfindən həyata keçirilir və Qafqaz vasitəsilə yüklərin daşınmasına hərbi personal cəlb olunmur. Digər tərəfdən, bu, Azərbaycana iqtisadi cəhətdən də olduqca sərfəlidir.
Belə ki, Əfqanıstanda olan koalisiya qüvvələri üçün daşınan qeyri-hərbi yüklərin bir çoxu məhz Azərbaycan istehsalı olacaqdır. Yəni, bu məsələ yerli iqtisadiyyata fayda verəcək və Azərbaycanın regionun nəqliyyat mərkəzi kimi inkişafını bir qədər də sürətləndirəcəkdir.
Azərbaycan Əfqanıstanla bağlı NATO qüvvələrilə əməkdaşlığını təkcə yükdaşımalarla məhdudlaşdırmır. Belə ki, Azərbaycan hökuməti Əfqanıstana yardımların göstərilməsinə dair artıq müvafiq proqramı nəzərdən keçirir. Həmin proqramda Əfqanıstan hökumətinin təklifləri də nəzərə alınıb. Proqramda həm mülki, həm də hərbi yardımların olması məsələsinin öz əksini tapacağı gözlənir.
Bununla yanaşı, Əfqanıstan hökumətinin müraciəti əsasında Azərbaycanın ali hərbi təhsil müəssisələrində əfqan zabitlərinin hazırlanmasının həyata keçiriləcəyi, Azərbaycanın Əfqanıstanın sərhəd qüvvələrinə yardımlar göstərəcəyi bildirilir.
Eləcə də, Azərbaycan mütəxəssisləri əfqan sərhədçilərinə qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, sərhəd-nəzarət buraxılış məntəqələrində nəzarət tədbirlərinin gücləndirilməsi və başqa sahələrdə təlim və treninqlər keçəcəklər. Azərbaycan Əfqanıstana ölkə iqtisadiyyatının yenidən qurulması məqsədilə maddi və texniki kömək göstərməyi də planlaşdırır.
Azərbaycan hərbçiləri həm də Əfqanıstanda sabitliyin təmin olunmasında yaxından iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin 2 taqımı (47 nəfər) Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda xidmət edib.
Milli Məclis isə 2008-ci il oktyabrın 2-də Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının daha 45 nəfər artırılması barədə qərar qəbul edib. Qərara uyğun olaraq fevralın sonlarında Azərbaycanın 45 nəfərdən ibarət iki taqımı Əfqanıstana yola salınıb. Bununla da, Əfqanıstandakı Azərbaycan hərbçilərinin ümumi sayı zabit heyəti ilə birlikdə 95 nəfərə çatıb.
Bütün bunlar həm Azərbaycanın beynəlxalq terrora qarşı mübarizə aparan ən fəal dövlətlərdən biri olduğunu təsdiqləyir, həm də ölkəmizin NATO-da cəmləşən, eləcə də, digər Qərb dövlətləri üçün ən etibarlı partnyorlardan biri olduğunu nümayiş etdirir.

Digər xəbərlər