İqtisadi inkişafın Azərbaycan modeli
Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir, həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın firavan gələcəyinə hesablanmış iqtisadi siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Son 6 ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əyani şəkildə sübut edir. Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, ölkədə 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılmışdır. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş birinci regional inkişaf proqramı mühüm rol oynamışdır.
Xatırladaq ki, 2004-2008-ci illəri əhatə edən bu mühüm ümummilli proqramın uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmiş, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırmışdır. Bununla belə, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, həyat öz yerində dayanmır, qarşıya yeni vəzifələr çıxır, problemlər meydana gəlir, onların həlli isə yeni, daha mükəmməl proqramların qəbulunu və həmin sənədlərin uğurla icra edilməsini tələb edir.
Məhz bu məqsədlə də ötən il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunaraq qəbul edildi. Yeri gəlmişkən, birinci regional inkişaf proqramının icrasını daimi nəzarətdə saxlayan dövlət başçısı ölkənin, demək olar ki, bütün şəhər və rayonlarına çoxsaylı səfərlər etmiş, adı çəkilən mühüm dövlət sənədinin reallaşdırılması istiqamətində görülmüş işləri müzakirə etmək üçün illik yekun konfranslar keçirilmişdir.
Ölkə regionlarının tərəqqisinin sürətləndirilməsini təmin edən, paytaxtla bölgələr arasında yaranmış kəskin fərqlərin aradan qaldırılmasına mühüm töhfələr verən birinci regional inkişaf Dövlət Proqramının reallaşdırılması zamanı əldə edilmiş təcrübə 2009-cu ildə qəbul olunmuş analoji sənədin də uğurla yerinə yetirilməsi üçün geniş imkanlar yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən bir il ərzində ölkənin bütün regionlarında istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, müasir standartlara cavab verən sosial obyektlərin inşası istiqamətində xeyli iş görülmüşdür.
İkinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə şəxsən tanış olmaq istəyən Prezident İlham Əliyev ötən müddət ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş və 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur.
Dövlət başçısı Azərbaycanın hərtərəfli inkişafına, xalqın firavan yaşayışının təminatına yönəldilmiş Dövlət Proqramının icrası ilə bağlı ötən bir il ərzində görülmüş işləri yüksək qiymətləndirərək demişdir: "Bizim bütün planlarımız sistemli xarakter daşıyır... Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın.
Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə, əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər". Bu isə onu göstərir ki, ölkənin tarazlı və davamlı inkişafı dövlətin, xüsusən də dövlət başçısının daimi diqqətində olan məsələdir və bu, gələcək mühüm sənədlərin qəbuluna yol açır.
Ölkənin hərtərəfli inkişafının təmin olunmasında başlıca qüvvəyə çevrilmiş sahibkarlara həssas münasibətini, diqqət və qayğısını bir daha bəyan edən dövlət başçısı iş adamlarında yeniliyə meylin güclənməsini də yüksək qiymətləndirdi. Sahibkarların ölkəmizin ümumi inkişafına öz töhfələrini bundan sonra da verəcəklərini əminliklə bildirən Prezident İlham Əliyev dedi ki, iş adamlarının maliyyə imkanlarının xeyli artmasına baxmayaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə onlara güzəştli kreditlərin verilməsi yenə də davam etdiriləcək.
Yeri gəlmişkən, dövlət başçısı ölkədə özəl bölmənin, sahibkarlığın əsl himayəçisi olduğunu bir daha bəyan edərək demişdir: "Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur.
Prezident İlham Əliyev konfransda ikinci regional inkişaf proqramının icrası ilə bağlı qarşıda duran vəzifələrə də toxundu. Bildirildi ki, regionların inkişaf proqramı ölkənin ərzaq təminatı proqramı ilə sıx əlaqədar olmalıdır. Belə ki, təqribən il yarım bundan əvvəl qəbul olunmuş ərzaq təminatı proqramına əsasən dövlət dəstəyi, kreditlər, subsidiyalar verilir, hər bir bölgədə emal müəssisələri, soyuducu anbarlar, taxıl tədarükü müəssisələri yaradılır ki, istehsal edilmiş məhsullar xarab olmasın.
Dövlət başçısı görülən işlər nəticəsində ölkənin ərzaq məhsulları ilə təminatının ilbəil yaxşılaşdığını son dərəcə müsbət hal kimi dəyərləndirdi. Təsadüfi deyil ki, hazırda ölkənin taxılla təminatının 76 faizi daxili imkanlar hesabına ödənilir. Bundan əlavə, hazırda ölkədə istehlak olunan quş ətinin 74 faizi, ətin 94 faizi, kərə yağının 83 faizi, süd məhsulları və südün 85 faizi, unun 94 faizi, şəkərin 150 faizi, tərəvəzin 102 faizi, meyvənin isə 127 faizi yerli istehsalın payına düşür.
Bu isə Azərbaycanın tarixində misli görünməmiş nailiyyətdir. Bununla belə, Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan dünyada qaçılmaz olan ərzaq böhranına hər an hazır olmalı, daxili istehsalın daha da artırılmasının qayğısına qalmalıdır. Bu yolla həm də ölkənin ixrac imkanlarının artırılmasına nail olmaq mümkündür.