PDF Oxu

Siyasət

  • 14

Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir

Tallinndə rəsmi qarşılanma mərasimi

Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olundu. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Sonra hədiyyələr təqdim edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü

Aprelin 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Azərbaycan və Estoniya Prezidentləri birgə bəyannamə imzalayıblar

Aprelin 7-də Tallinndə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves birgə Bəyannamə imzaladılar.

Geniş tərkibdə görüş

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli əlaqələrin inkişafı və gələcək əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Azərbaycan ilə Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Prezidentlər ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində vacibliyini vurğuladılar.

Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər

Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Estoniya Prezidenti Toomas Hendrik İlvesin bəyanatı

- Mən çox şadam ki, əziz dostum, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Estoniyada səfərdədir. Bu, ötən il Bakıya etdiyimiz çox uğurlu səfərin davamıdır. Fəaliyyətim boyu görüşdüyüm insanlarla, xüsusən də Sizin kimi yüksək intellektual səviyyəyə malik şəxsiyyətlərlə hər zaman yaxşı müzakirələrimiz olub.  Təbii ki, ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Azərbaycan Xəzər regionunun aparıcı ölkəsi kimi əsrlər boyu enerji sahəsində əsas iştirakçı olub. Biz əminliklə qeyd edə bilərik ki, Azərbaycan ilə Estoniya bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan ölkələrdir. Elə cənab Prezident də bunu belə qeyd etdi. Ölkələrimiz qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yolları birgə müəyyən edə bilər. Biz Avropa İttifaqının üzvü kimi istəyirik ki, Avropa İttifaqı Dünya Ticarət Təşkilatına üzvlük və digər bu kimi mühüm məsələlərdə Azərbaycanı daha dəstəkləyici mövqe ilə çıxış etsin. Avropa İttifaqının üzvü kimi Estoniya Azərbaycan ilə əlaqələri daha da sıx qurmaqda maraqlıdır. Biz bundan sonra çalışacağıq ki, bu məsələyə bacardığımız qədər töhfəmizi verək. Çünki hesab edirik ki, Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Avropanın gələcəyindən asılı olmayaraq, Azərbaycan Avropanın ən mühüm tərəfdaşı və qonşularından biri olaraq qalacaqdır. Biz bu gün burada bir çox məsələləri müzakirə etdik. Onların sırasında ikitərəfli münasibətləri, qonşu ölkələrlə əlaqələri, regional məsələləri qeyd etmək olar. Biz NATO ilə əlaqələrimizi müzakirə etdik, öz regionlarımızda təhlükəsizlik anlayışı ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycan Prezidentinin burada olması çox mühüm tarixə təsadüf edir. Sabah Azərbaycanın eston icmasının 100 illiyi qeyd ediləcəkdir. Bir sözlə, cənab Prezident, səfəriniz çox mühüm tarixi hadisə ilə üst-üstə düşür. Yüz il əvvəl Azərbaycanın eston icması mütəşəkkil forma alıb. Düzdür, onun formalaşması həmin tarixdən də əvvələ təsadüf edir. Lakin məhz 100 il bundan öncə eston icması rəsmən qeydiyyatdan keçib. Sabah eston icmasının 100 illiyidir. Hesab edirəm ki, əlaqələrimizin 100-cü ildönümü onu göstərir ki, biz münasibətlərimizi davam etdirməliyik və yeni əməkdaşlıq ideyaları ilə çıxış etməliyik. Sağ olun.
 
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədi ilə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Burada olmağımdan və Sizinlə olduqca fəal dialoqumuzu davam etdirməkdən çox şadam. Bu dialoq bir il öncə Azərbaycana etdiyiniz səfər zamanı başlanmışdır. Bu, Estoniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu gün isə Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəridir. Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək.


Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar.
Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır.
Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. Ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər. Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir. Hesab edirəm ki, mən bu sözlərlə öz şərhlərimi yekunlaşdıra bilərəm və münasibətlərimizi irəliyə doğru aparmaqda səmimi arzularımızı bildirirəm. Cənab Prezidentlə dost münasibətlərimizi nəzərə alaraq, mən nümayəndə heyətinin bütün üzvlərindən xahiş edərdim ki, bu müsbət nümunədən istifadə etsinlər və öz aralarında yaxşı münasibətlər yaratsınlar. Eyni zamanda, Azərbaycandakı eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik edirəm. Bu, onu göstərir ki, xalqlarımız arasında ünsiyyətin qədim tarixi vardır. Bu gün biz inkişafın bu mərhələsində belə müsbət tarixi nümunədən istifadə etməliyik. Sağ olun!

Tallinndə müstəqillik uğrunda mübarizə abidəsini ziyarət

Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndəkı Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu və Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad etdi.

Tallinnin ratuşası ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinnin Köhnə şəhərində yerləşən və buranın əsas diqqətəlayiq yerlərindən olan Ratuşaya gəlib. Şəhərin meri Edqar Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə səmimiyyətlə qarşıladı.
Tallinnin meri Azərbaycan dövlətinin başçısını salamlayaraq vurğuladı ki, 600 il bundan əvvəl şəhərin bu tarixi abidəsi barədə çox mühüm bir qərar qəbul olunmuşdur. Qərara əsasən şəhərin yüksək səviyyəli qonaqlarını burada qarşılayırlar. Tallinnin tarixi və bu günü haqqında ətraflı məlumat verən E.Savisaar bildirdi ki, Şimali Avropanın qədim paytaxtı olan bu şəhər Estoniyanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Əsrlər boyu Tallinn açıq və çoxmillətli şəhər olub. Hazırda burada 120 millətin nümayəndələri yaşayır.
Bu qədim şəhərdə 700-dək azərbaycanlının yaşadığını qeyd edən mer, həmvətənlərimizin Azərbaycan ilə Estoniya arasında ən yaxşı körpü olduğunu vurğuladı. E.Savisaar bildirdi ki, Estoniyada yaşayan azərbaycanlılar bu ölkədə uğurla fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində birləşmişlər. Mərkəz azərbaycanlıların həmrəy olmasına, dilinin, adət-ənənələrinin qorunmasına və Azərbaycan-Estoniya münasibətlərinin inkişafına xidmət edir. Biz çox şadıq ki, Tallinndə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Azərbaycan uşaq bağçası da fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyev Tallinnin meri Edqar Savisaarın müşayiəti ilə Ratuşanın binası ilə tanış oldu.
Bildirildi ki, XV əsrin əvvəlində mərkəzi ticarət meydanında inşa edilmiş bu tarixi abidə dövlət tərəfindən Şimali Avropanın yeganə qotik üslubda olan memarlıq incisi kimi qorunur. Estoniya paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən 600 illik tarixə malik Ratuşada əsrlər boyu maqistrat üzvləri - ratmanlar şəhər həyatının mühüm məsələlərini müzakirə etmişlər. Bu gün isə burada rəsmi mərasimlər, sərgilər, konsertlər keçirilir. İkimərtəbəli tarixi binada Vətəndaş, Ratuşa, Bürqer, Maqistr, Ticarət, Podval zalları və dövlət xəzinə idarəsi yerləşir. Ratuşa ilə tanışlıq zamanı bildirildi ki, Tallinnə xüsusi yaraşıq verən bu tarixi memarlıq abidəsinin ən əsas elementlərindən biri də paytaxtın rəmzi olan və bir çox əfsanələrdə xatırlanan "Qoca Tomas" yelqovanıdır. Bu yelqovan 1530-cu ildə Ratuşanın qülləsində qurulub. Azərbaycan Prezidenti İlham Əliyev Ratuşanın Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev və Estoniyanın Baş naziri Andrus Ansip birgə nahar ediblər

 Prezident İlham Əliyev və Estoniyanın Baş naziri Andrus Ansip aprelin 7-də Tallinndə, Elmlər Akademiyasının binasında birgə nahar ediblər. Nahardan əvvəl Prezident İlham Əliyev və Baş nazir Andrus Ansip şəhərin mənzərəsini seyr etdilər. Səmimi söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, bu sahədə əlaqələrin genişlənməsi üçün yaxşı potensialın mövcudluğu vurğulandı. Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu. Azərbaycan dövlətinin başçısı Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib

Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış edib. Dövlətimizin başçısı mühazirəsində ölkələrimiz arasında əlaqələrin inkişafı, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, Avropa İttifaqına inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri və problemin həlli ilə bağlı məsələlərə toxunub.

Prezident İlham Əliyev Estoniyada  informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olub

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Tallinndə "Microlink" şirkətindəki informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olub. Azərbaycan dövlətinin başçısı Estoniyada İKT sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşdü. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri Prezident İlham Əliyevə təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verdilər. Dövlətimizin başçısı Sərgi Mərkəzində müxtəlif sahələrdə tətbiq olunan və müasir tələblərə cavab verən innovasiya layihələri ilə tanış oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq dövlət başçısı Arnold Rütel ilə görüşüb

Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşüb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tallinndə "Bastion" qadın geyimləri fabrikində olublar

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 7-də Tallinndəki qadın geyimləri istehsalı üzrə ixtisaslaşan "Bastion" fabrikində olublar. Burada Azərbaycanın birinci xanımına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, müasir dəbə uyğun geniş çeşiddə qadın geyimləri hazırlanan bu fabrik ayrı-ayrı vaxtlarda müxtəlif mükafatlara layiq görülüb. 2003-cü ildə müəssisə "Qızıl iynə" mükafatını alıb. Mehriban xanımın diqqətinə çatdırıldı ki, fabrikdə müasir texnologiya əsasında tikilən yüksək keyfiyyətli qadın geyimləri dünyanın bir çox ölkələrinə ixrac olunur. Burada parçaların kəsilməsi və tikilməsi kompyuter proqramları vasitəsilə əvvəlcədən tərtib olunmuş qaydada aparılır. Şirkət məhsul istehsalı üçün müxtəlif ölkələrdən parça alır. Hazırda şirkətin dizaynerləri 2011-ci ilin yaz-yay mövsümü üçün geyim modelləri üzərində çalışırlar.
Mehriban xanım Əliyeva fabrikin tikiş sexində oldu, geyim nümunələrinin hazırlanma qaydasına baxdı.
Daha sonra Azərbaycanın birinci xanımı fabrikdə hazır geyim nümunələrinin nümayişinə tamaşa etdi. Estoniya Prezidentinin xanımı Evelin İlves fabrik ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət edib.


Estoniya Prezidentinin xanımının adından Azərbaycanın birinci xanımının şərəfinə nahar verilib

Aprelin 7-də Tallinndə Estoniyanın birinci xanımı Evelin İlvesin adından Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şərəfinə nahar verilib.
 
Azərbaycanın birinci xanımı Tallinn şəhərinin qədim hissəsi ilə tanış olub

Aprelin 7-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Estoniyanın birinci xanımı Evelin İlvesin müşayiəti ilə Tallinn şəhərinin qədim hissəsi ilə tanış olub. Mehriban xanıma məlumat verildi ki, Estoniya paytaxtının nadir memarlıq inciləri ilə zəngin olan bu hissəsi şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Tallinnin ən böyük kilsəsi olan XIV əsrə aid Olav da paytaxtın bu hissəsində yerləşir.
Azərbaycanın birinci xanımına mərkəzi meydanda yerləşən qədim binalar, digər kilsələr, ümumiyyətlə, Tallinnin tarixi barədə ətraflı məlumat verildi. Sonra birinci xanımlar şəhər Ratuşasının yerləşdiyi meydana gəldilər. Mehriban xanım Əliyevaya tarixi abidələrlə zəngin olan ərazidə yerləşən və 600 illik tarixi olan Ratuşanın fəaliyyəti və onun Estoniya tarixində oynadığı rol barədə danışıldı.

Azərbaycan Prezidentinin və xanımının  şərəfinə

Aprelin 7-də Tallinndə Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlvesin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri davam edir.

Digər xəbərlər