PDF Oxu

Siyasət

  • 16

“Modernləşmiş iqtisadiyyat yaradırıq"

“Modernləşmiş iqtisadiyyat yaradırıq"
Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir, həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 6 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi potensialının tam hərəkətə gətirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlara göstərilən dövlət qayğısı, eləcə də, əhalinin maddi rifahının yüksəldilməsi ümumi tərəqqiyə təkan verib, ölkəmizi dünyanın ən sürətli inkişaf edən dövlətləri ilə bir sırada qoyub.
Son 6 ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əyani şəkildə sübut edir. Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artıb, ölkədə 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılıb.
Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş birinci regional inkişaf proqramı mühüm rol oynayıb. 2004-2008-ci illəri əhatə edən bu mühüm ümummilli proqramın uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırıb.
Bununla belə, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, həyat öz yerində dayanmır, qarşıya yeni vəzifələr çıxır, problemlər meydana gəlir, onların həlli isə yeni, daha mükəmməl proqramların qəbulunu və həmin sənədlərin uğurla icra edilməsini tələb edir. Məhz bu məqsədlə də ötən il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunaraq, qəbul edildi.
Yeri gəlmişkən, birinci regional inkişaf proqramının icrasını daimi nəzarətdə saxlayan dövlət başçısı ölkənin, demək olar ki, bütün şəhər və rayonlarına çoxsaylı səfərlər etmiş, adıçəkilən mühüm dövlət sənədinin reallaşdırılması istiqamətində görülmüş işləri müzakirə etmək üçün illik yekun konfranslar keçirilib.
Sevindirici haldır ki, bu ənənə hazırda da davam etdirilir, dövlət başçısı ikinci regional inkişaf proqramının icrasına nəzarəti gücləndirmək məqsədilə bölgələrə səfər edir, lazımi göstəriş və tapşırıqlarını verir.
Dövlət başçısı bildirib ki, bölgələrin mövcud potensialını hərəkətə gətirmək üçün bütün lazımi infrastruktur yaradıldı, bunun da nəticəsində şəhər və rayonlarımızın siması əsaslı şəkildə dəyişdi, sosial obyektlərin tikintisi sürətləndirildi.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişaf etdirilməsi üçün konkret proqram və ya sənəd qəbul olunmasın. Hətta həmin proqramların icrasını sürətləndirmək məqsədilə lazımi maliyyə mənbələri və bütün texniki imkanlar da öncədən müəyyənləşdirilib. İri dövlət proqramlarının uğurla icra edilməsini təmin edən şərtlərdən biri də məhz bu amillərdir. Həmin proqramların son məqsədi isə ölkə əhalisinin firavan yaşayışını təmin etmək, dövlətin məşğulluq strategiyasını uğurla reallaşdırmaqdan ibarətdir.
Son 6 ildə ölkədə 840 min yeni iş yerinin yaradılması isə sübut edir ki, nəzərdə tutulmuş bütün planlar uğurla icra olunur, Azərbaycan düzgün yoldadır, ölkənin davamlı və tarazlı inkişafı artıq dönməz bir prosesə çevrilmişdir. Bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: "Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi- bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik".
Azərbaycanın mövcud zəngin neft-qaz potensialına baxmayaraq, uğurlarımızın təməlində ciddi islahatların dayandığını vurğulayan dövlət başçısı bir daha bəyan etdi ki, həyata keçirilən tədbirlər, iqtisadiyyatın liberallaşması istiqamətində görülən işlər nəticəsində Azərbaycan, hətta böhranlı 2009-cu ili də uğurla başa vurdu, ölkədə 9,3 faizlik iqtisadi artıma nail olundu.
Hətta ötən il dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq, ölkəmizin sürətli inkişafı davam etdi və bu, bütün uğurlarımızı neft amili ilə bağlayanlara bir daha sübut etdi ki, qazandığımız nailiyyətlərin təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır.
Ölkə regionlarının tərəqqisinin sürətləndirilməsini təmin edən, paytaxtla bölgələr arasında yaranmış kəskin fərqlərin aradan qaldırılmasına mühüm töhfələr verən birinci regional inkişaf Dövlət Proqramının reallaşdırılması zamanı əldə edilmiş təcrübə 2009-cu ildə qəbul olunmuş analoji sənədin də uğurla yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb.
Təkcə onu demək kifayətdir ki, ötən bir il ərzində ölkənin bütün regionlarında istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, müasir standartlara cavab verən sosial obyektlərin inşası istiqamətində xeyli iş görülüb.
İkinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə şəxsən tanış olmaq istəyən Prezident İlham Əliyev ötən müddət ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak edib və 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olub.
Dövlət başçısı Azərbaycanın hərtərəfli inkişafına, xalqın firavan yaşayışının təminatına yönəldilmiş Dövlət Proqramının icrası ilə bağlı ötən bir il ərzində görülmüş işləri yüksək qiymətləndirərək deyib: "Bizim bütün planlarımız sistemli xarakter daşıyır... Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə, əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər". Bu isə, onu göstərir ki, ölkənin tarazlı və davamlı inkişafı dövlətin, xüsusən də, dövlət başçısının daimi diqqətində olan məsələdir və bu, gələcək mühüm sənədlərin qəbuluna yol açır.
Ölkənin hərtərəfli inkişafının təmin olunmasında başlıca qüvvəyə çevrilmiş sahibkarlara həssas münasibətini, diqqət və qayğısını bir daha bəyan edən dövlət başçısı iş adamlarında yeniliyə meyilin güclənməsini də yüksək qiymətləndirdi. Sahibkarların ölkəmizin ümumi inkişafına öz töhfələrini bundan sonra da verəcəklərini əminliklə bildirən Prezident İlham Əliyev dedi ki, iş adamlarının maliyyə imkanlarının xeyli artmasına baxmayaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə onlara güzəştli kreditlərin verilməsi yenə də davam etdiriləcək.
Yeri gəlmişkən, dövlət başçısı ölkədə özəl bölmənin, sahibkarlığın əsil himayəçisi olduğunu bir daha bəyan edərək deyib: "Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik... Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır".
Bununla belə, dövlət başçısı sahibkarların da üzərinə mühüm vəzifələrin düşdüyünü bəyan edərək, bildirib ki, iş adamları dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtında ödəməlidirlər. Eyni zamanda, onlar sosial təşəbbüslərə də fəal qoşulmalıdırlar.
Prezident İlham Əliyev konfransda ikinci regional inkişaf proqramının icrası ilə bağlı qarşıda duran vəzifələrə də toxundu. Bildirildi ki, regionların inkişaf proqramı ölkənin ərzaq təminatı proqramı ilə sıx əlaqədar olmalıdır. Belə ki, təqribən il yarım bundan öncə qəbul olunmuş ərzaq təminatı proqramına əsasən dövlət dəstəyi, kreditlər, subsidiyalar verilir, hər bir bölgədə emal müəssisələri, soyuducu anbarlar, taxıl tədarükü müəssisələri yaradılır ki, istehsal edilmiş məhsullar xarab olmasın.
Dövlət başçısı görülən işlər nəticəsində ölkənin ərzaq məhsulları ilə təminatının ilbəil yaxşılaşdığını son dərəcə müsbət hal kimi dəyərləndirdi. Təsadüfi deyil ki, hazırda ölkənin taxılla təminatının 76 faizi daxili imkanlar hesabına ödənilir. Bundan əlavə, hazırda ölkədə istehlak olunan quş ətinin 74 faizi, ətin 94 faizi, kərə yağının 83 faizi, süd məhsulları və südün 85 faizi, unun 94 faizi, şəkərin 150 faizi, tərəvəzin 102 faizi, meyvənin isə 127 faizi yerli istehsalın payına düşür.
Bu isə Azərbaycanın tarixində misli görünməmiş nailiyyətdir. Bununla belə, Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan dünyada qaçılmaz olan ərzaq böhranına hər an hazır olmalı, daxili istehsalın daha da artırılmasının qayğısına qalmalıdır. Bu yolla həm də ölkənin ixrac imkanlarının artırılmasına nail olmaq mümkündür.
Məlum olduğu kimi, Azərbaycanda bir neçə ildir ki, yüksək sənayeləşmə siyasəti həyata keçirilir. Ümumi inkişafda sənaye istehsalının payı getdikcə artır. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə ölkəmizdə sənaye istehsalının artımı 8,6 faiz təşkil edib ki, bu da dünya üzrə yüksək göstərici hesab olunur.
İkinci regional inkişaf proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə danışarkən deyib: "Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır...
Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin". Bu sahənin daha da inkişaf etdirilməsi üçün isə ölkəmizin hər cür imkanları var. Belə ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının satışından əldə edilən gəlir, eləcə də, ölkədə yaradılmış çoxşaxəli nəqliyyat infrastrukturu yeni sənaye sahələrinin yaradılmasına, mövcud müəssisələrdə rəqabət qabiliyyətli məhsul istehsalına hər cür imkan verir.
Azərbaycanın növbəti 5 ili üçün müəyyən olunmuş konkret tədbirləri özündə əks etdirən ikinci regional inkişaf proqramı ölkənin tarazlı və davamlı tərəqqisinin təmin olunması istiqamətində mühüm, bitkin bir sənəddir. Elə adıçəkilən proqram çərçivəsində ötən 1 ildə həyata keçirilmiş tədbirlər də bunu bir daha sübut edir.

Digər xəbərlər