Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan Səhmdar Cəmiyyətlərinin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, "Azərsutikinti" və "Azərsənayetikinti" açıq səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan edilsinlər, "Azərenerjitikintiquraşdırma" və "Azərnəqliyyatyoltikinti" açıq səhmdar cəmiyyətlərinin səhmlərinin dövlət mülkiyyətində olan nəzarət səhm zərfləri (51%), "Azərkəndtikinti" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin dövlət mülkiyyətində olan məhdudlaşdırıcı hissəsi (25,5%) özəlləşdirilməyə açıq elan edilsinlər və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Sərəncamla özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin, habelə səhmdar cəmiyyətlərin dövlət mülkiyyətində olan səhmlərinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təşkil etsin, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramı"nın təsdiq edilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur), Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidentinin daha bir Sərəncamı ilə Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.