PDF Oxu

Siyasət

  • 10

Seçicilərin 83,7%-i Prezident İlham Əliyevi dəstəkləyir

Seçicilərin 83,7%-i Prezident İlham Əliyevi dəstəkləyir

"Rəy" Monitorinq Mərkəzi martın 14-dən 17-dək Azərbaycanın 29 yaşayış məntəqəsində 18 və yuxarı yaşlı 1486 respondent arasında "üzbəüz müsahibə" metodu ilə rəy sorğusu keçirib. Rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisi özünün hazırkı sosial durumunu bütövlükdə müsbət qiymətləndirir. Təhlil göstərir ki, rəyi soruşulanların 77%-i öz həyatından tam və ya qismən razıdır. Bu zaman onlardan 55,1%-i həyatlarından, birmənalı olaraq, razı qaldıqlarını, 21,9%-i isə "daha çox razı" qaldıqlarını qeyd ediblər. Yalnız 10% respondent öz həyatından ümumiyyətlə narazı olduğunu bildirib.

İlham Əliyevə alternativ yoxdur
Son bir-iki il ərzindəki öz həyat səviyyəsini qiymətləndirərkən, respondentlərin 48%-i yaşayışın xeyli və ya bir qədər yaxşılaşdığını qeyd edib. Daha 29,5% respondent isə vəziyyətin dəyişmədiyini düşünür. "Yaşayış xeyli pisləşib" variantını respondentlərin 8,2%-i seçib.
Rəyi soruşulanların 35,7%-nin fikrincə, ümumilikdə ölkəmizdə işlər düzgün istiqamətdə gedir. 26,3% respondent isə işlərin daha çox düzgün getdiyini düşünür. 11,6% respondent isə fərqli düşünür - onların fikrincə, ölkədə işlər yanlış istiqamətdə inkişaf edir.
Məlumdur ki, ölkənin sosial-iqtisadi rifahı cəmiyyətdə siyasi əhval-ruhiyyəni formalaşdıran amillərdən biridir. Mərkəzin keçirdiyi sorğu göstərib ki, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilərsə, seçkilərdə iştirak edəcək respondentlərin 83,7%-i öz səslərini İlham Əliyevə verərdi.
Rəyi soruşulanların 80%-ə yaxını Prezident İlham Əliyevin fəaliyyətinin onların gözləntilərini doğrultduğunu bildirib. İlham Əliyev prezident postunda cəmi 3,5% respondentin gözləntilərini doğrultmayıb. Respondentlərin 73,9%-nin fikrincə, İlham Əliyevə alternativ yoxdur və yalnız 14,3% hesab edir ki, ona alternativ var.
"İlham Əliyevin prezident olduğu son 3-5 ildə onu dəstəkləyənlərin sayı artıb, yoxsa azalıb?" sualını cavablandırarkən, sorğuda iştirak edənlərin 76,6%-i "xeyli artıb" və ya "bir qədər artıb" variantlarını seçiblər. 11% isə vəziyyətin dəyişmədiyi qənaətindədir. Yalnız rəyi soruşulanların 3,5%-i Prezident İlham Əliyevi dəstəkləyənlərin sayının bir qədər azaldığını, cəmi 1,1% isə xeyli azaldığını qeyd edib.
Rəyi soruşulanların təxminən 20%-nin fikrincə, kənardan edilən təzyiqlərə baxmayaraq, rəsmi Bakı hər zaman öz müstəqil siyasi xəttini yürüdə bilir. Daha 33,8% respondent isə hesab edir ki, prinsipial əhəmiyyətli məsələlərdə Azərbaycan öz siyasətini yürüdə bilir. Daha 10,7% qeyd edib ki, rəsmi Bakı nadir hallarda müstəqil siyasət yürüdə bilir və cəmi 9% Azərbaycanın, adətən, başqalarının qaydaları ilə oynamalı olduğunu bildirib.

Xalq yenə də YAP-ı dəstəkləyir
Vətəndaşların hakim Yeni Azərbaycan Partiyasına (YAP) münasibətinə gəldikdə isə, respondentlərin 52,4%-nin fikrincə, hakim partiya onların maraqlarına tam və ya qismən cavab verir.
Sorğu zamanı əhalinin ölkə müxalifətinə münasibəti də öyrənilib. Rəyi soruşulanların 78,1%-nin fikrincə, Azərbaycan müxalifəti sadə insanların maraqlarına cavab vermir: 66,8% respondent birmənalı olaraq belə düşünür, 11,3% isə "daha çox cavab vermir" variantını seçib. Yalnız 0,8% hesab edir ki, müxalifət onların maraqlarına cavab verir, 2,7% isə bu fikri qismən bölüşür. Rəyi soruşulanların 18,4%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 30,5%-i hesab edir ki, Azərbaycan müxalifətinin birləşməsinə "onların şəxsi ambisiyaları mane olur". Daha 28,1% qeyd edib ki, "bizdə əsil müxalifət yoxdur, onlar yalnız başqa əllərdə "oyuncaqdırlar"", 6,9% isə düşünür ki, müxalifətin birləşə bilməməsinə səbəb hakimiyyətin müxalifəti neytrallaşdırmaq üçün apardığı "savadlı oyun"dur. 32,6% respondent sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğunun nəticələri göstərir ki, rəyi soruşulanların əksəriyyəti - 64,9% müxalifətin 2010-cu il parlament seçkiləri ərəfəsində də birləşə bilməyəcəyinə əmindir. Cəmi 1,8% respondent bunun əksini düşünür, 5,9% isə onların fikrini qismən bölüşür.
"Son 3-5 ildə müxalifəti dəstəkləyənlərin sayı artıb, yoxsa azalıb" sualana respondentlərin 46,8%-i "xeyli azalıb", 17,6%-i "bir qədər azalıb" deyə cavab verib. Cəmi 2,8% respondent müxalifəti dəstəkləyənlərin sayının bir qədər artdığını, 1,7% isə xeyli artdığını qeyd edib. 22,2% bu sualı cavablandırmaqda çətinlik çəkib.
İctimai rəy sorğusu göstərib ki, ölkə əhalisi builki parlament seçkilərində fəal iştirak etmək fikrindədir. Sorğuya cəlb olunanların təxminən 60%-i onların səsinin heç nə həll etmədiyi barədə deyilənlərlə razı deyil. Yalnız 18,2% respondent onların səsinin heç nə həll etmədiyini bildirib, 9,5% isə bu fikrlə qismən razılaşıb.
Rəyi soruşulanların əksəriyyəti- 78,2% parlament seçkilərində iştirak etmək fikrində olduqlarını qeyd edib. Onlardan 51,3% birmənalı olaraq səsverməyə gedəcəyini, 26,9% "yəqin ki" iştirak edəcəyini bildirib. Cəmi 13,5% respondent ümumiyyətlə seçkidə iştirak etməyəcəyini qeyd edib.
Göründüyü kimi, Azərbaycan xalqı ölkədə həyata keçirilən islahatları dəstəkləyir, insanların dövlətə və ölkə başçısına inamı getdikcə artır. Qeyd edək ki, Prezident İlham Əliyevin nüfuzunun yüksək olmasını beynəlxalq təşklilatlar, xarici media qurumları da tez-tez vurğulayırlar. Təsadüfi deyil ki, İlham Əliyev hər il dünyanın ən nüfuzlu dövlət xadimləri arasında liderlərdən olur.

"İlin Personası"
Fevralın 25-də Kremldə "İlin Personası" beynəlxalq mükafatının laureatları təltif edilib. "RBK" Agentliyinin verdiyi açıqlamaya görə, "İlin Personası" mükafatı il ərzində Rusiyanın dövlət, ictimai, siyasi maraqları baxımından özünü daha parlaq göstərən şəxslərə verilir. Laureatlar biznes, ictimai və siyasi, mədəniyyət və s. müxtəlif sferalarda fəaliyyət göstərənlər arasında seçilir. Bunların arasında Azərbaycan Prezidenti də var idi.
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması Onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan lideri İlham Əliyevin dünyanın nüfuzlu liderləri siyahısına salınması son vaxtlar daha tez-tez olur.
Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür. 2008-ci ildə Azərbaycan Prezidenti "WorldPublicOpinion.org"un sorğusunda Yaxın Şərq üzrə regional lider seçilmişdi.
"WorldPublicOpinion.org" dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoyaraq böyük bir regionda lider seçilib.
Bu, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi və demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. "Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.


Demokratiyanın qarantı
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı üçün normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti, eyni zamanda, jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Demokratik cəmiyyətin başlıca amillərindən biri də ölkədə çoxpartiyalı sistemin yaradılmasıdır. Hazırda ölkəmizdə 50-dan çox siyasi partiya qeydiyyatdan keçib. Hazırda günün əsas müzakirə mövzularından biri də "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsidir. Həmin dəyişikliklərdən ən başlıcası partiyaların dövlət tərəfindən maliyyələşməsidir.
Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası", eyni zamanda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini daha da aktuallaşdırdı.

Vətəndaş cəmiyyətinin təminatçısı
Demokratiyanın vacib elementlərindən biri də sivil mübarizədir. Yəni, hər siyasi partiya ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə qatılmaqla hansı nüfuza, siyasi çəkiyə malik olduğunu nümayiş etdirir. Demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlətimiz seçki marafonlarının ədalətli, sivil, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində mühüm addımlar atır.
"Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda təbiq etməliyik"-deyə İlham Əliyev qeyd edir. Seçki praktikasının ildən-ilə təkmilləşməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də ölkə Prezidenti İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
Seçki Məcəlləsinə və Sərbəst toplaşma azadlığı haqda Qanuna dəyişikliklərlə bağlı mühüm işlər aparılıb. Bu həmin qanunların daha da təkmilləşdirilməsinə, ölkədə hər cür azadlıqların təmin olunacağına dövlət qarantiyası verilməsinə əyani sübutdur.
Azərbaycanın demokratik inkişaf baxımından bölgə dövlətlərinə nümunə olduğunu şərh etməyə ehtiyac yoxdur. Gürcüstanda və Ermənistanda mövcud duruma diqqət yetirmək kifayətdir.
Bu gün Ermənistandakı böhranlı durum beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu ölkədə də demokratik inkişafla bağlı beynəlxalq təşkilatlar mütəmadi iradlarını bildirirlər. Azərbaycanda isə durum tamamilə fərqlidir.

Avropaya inteqrasiyanın lideri
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara könüllü şəkildə üzv qəbul olunub. Məqsəd meyarlarımızı Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirən dövlətimiz, eyni zamanda, atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir.
Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Xüsusilə, Orta Şərqdə baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar, təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır.
İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində daxili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və ölkə rəhbərliyinin aktiv surətdə xarici siyasət yeritməsinə şərait yaradır.
Azərbaycan Prezidentinin çox fəal xarici siyasəti buna əsaslanır. Postsovet məkanında xarici siyasətdə onun qədər fəal olanı yoxdur. Azərbaycan Prezidentinin bu fəal xarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub.

İnkişaf modelinin yaradıcısı
Bu temp Azərbaycanı dünyada inkişaf tempi üzrə liderə çevirib. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəxalq imicimizin möhkəmlənməsinə təsir edir. Bu gün Azərbaycan 20 milyardlıq strateji valyuta ehtiyatları, 15 milyardlıq icmal büdcəsi, 35 milyardlıq ÜDM ilə dünya iqtisadi məkanında güclü dövlət kimi anılır.
Deməli, konkret olaraq, xarici siyasətin təməlində daxili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri aydınlığı ilə görünməkdədir. Qlobal iqtisadi böhran şəraitində inkişaf tempini davam etdirən çox az sayda ölkədən biri də Azərbaycandır. Beynəlxalq təşkilatların hesabat və proqnzlarına görə, Azərbaycan MDB və dünyada ən çox inkişafda olan ölkələrdən biridir.
Azərbaycanın bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Son proseslər də bu istiqamətdə səylərinin sürətləndiyini əks etdirməkdədir. Bu mövzuda daha əhəmiyyətli görünən məqamlar var ki, onlar hadisələrin gələcək gedişatına ciddi təsir edə bilərlər.
Azərbaycanın dövlət müstəqilliyi indi ən aktual şəkildə gündəmdədir. Ölkənin xarici siyasəti bu istiqamətdə fövqəladə vacib məqamlara yönəlib. Xarici siyasətin uğuru dövlətin imici və gələcəyini təmin etməkdədir.
"Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik." Prezident İlham Əliyev atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını diqqətə çatdırır. Bu addımlar Azərbaycanın böyük gələcəyini indidən təmin edib.

Digər xəbərlər