PDF Oxu

Siyasət

  • 18

Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcək

Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcək

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfər edib. Öncə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edən dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Heydər Əliyev Mərkəzi Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun tərzdə 450 kvadratmetr sahədə inşa edilib.
Fasad hissələr yüksək keyfiyyətli ağ lay daş və qranit plitələrlə üzlənib. Mərkəzin ətrafında 3400 kvadratmetr sahə abadlaşdırılıb, burada dekorativ ağac və gül kolları əkilib, çəmənliklər salınıb, müasir işıqlandırma sistemləri, oturacaqlar quraşdırılıb.
Hündürlüyü 7 metr olan binanın portalı 9 metrdir. Bina səkkizguşə formasındadır. Fasadın bəzək elementləri axşam işıqlanması zamanı binanı daha əzəmətli göstərir.
Binanın daxilində əsas ekspozisiyaların yerləşdirilməsi üçün beş guşə, mərkəzində isə zal var. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulub. Burada konfrans zalı, kitabxana, kompyuter otağı var və bu otaqda "Gənc Heydərçilər" dərnəyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev daha sonra Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin Şirvan şəhərindəki "Araz" zavodunun açılışında iştirak edib. Zavodun həyətində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyan Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, zavodla tanış oldu.
Dövlət başçısı zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxıb. Sonra ölkə rəhbəri müəssisədə yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikilən zavod və müəssisələrin açılışlarını əks etdirən fotolar yer alıb. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işləri əks etdirən fotolar da Heydər Əliyev Muzeyində sərgilənib.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə də baxıb. Məlumat verilib ki, 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra zavodda əsaslı surətdə yenidənqurma işlərinə başlanılıb. Zavodun ərazisi genişləndirilərək 174 hektara çatdırılıb. Bütün istehsal sexləri və sahələri, eləcə də, inzibati bina əsaslı surətdə yenidən qurulub, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 min kvadratmetr sahəsi olan 2 sex, yeməkxana istifadəyə verilib.
Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanıb. Buraxılan məhsullar sınaqdan uğurla çıxıb. Zavodun ərazisində 5000-dən artıq həmişəyaşıl ağac əkilib. Hazırda işçilərin sayı 70 nəfərdir.
Müəssisəsinin ərazisində xüsusi təyinatlı 7-ci sahənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Hazırda 6-cı sahənin tikinti-quraşdırma işləri başlanılıb və 2010-cu ilin sonunadək istifadəyə veriləcək. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcək. Yaxın gələcəkdə istehsal sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində də iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 5 hektar ərazidə inşa olunacaq kompleksdə ümumi tikinti sahəsi 25 min kvadratmetrdir.
Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor zalları və digər zallar fəaliyyət göstərəcək. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaq.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçiriləcək yeni layihələr barədə də məlumat verilib. Dövlətimizin başçısı gilizi təmələ buraxıb, beton qarışığını tökdü, inşaatçılara uğurlar arzulayıb.
Daha sonra ölkə başçısı Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev zavodda yeni istehsal sahəsini işə salıb.
Məlumat verilib ki, telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod nazirliyin tabeliyinə veriləndən sonra müvafiq bərpa və yenidənqurma işləri aparılmış və yeni istehsal sahələri yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak etmişdi. Son 2 ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılıb.
Bildirilib ki, buradakı 5 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılıb. Hazırda müəssisədə 330 nəfər çalışır. Yeni mexaniki emal sahəsində quraşdırılmış proqramla idarə olunan rotor xətlərində mürəkkəb konstruksiyaya malik məmulatların istehsalı təşkil olunub. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da qaydaya salınıb.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxıb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Daha sonra Azərbaycan Prezidenti "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcək.


Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaq. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada 3 yanacaq növündən- qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaq. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək.
Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirildi ki, stansiyada 4 qaz, 2 buxar turbini, 4 qazan utilizator, 6 generator, 3 yarımstansiya, 3 qaz kompressoru, müasir idarəetmə sistemi və digər qurğular quraşdırılacaq. 330, 220 və 110 kilovoltluq kabel və hava xətlərinin uzunluğu 50 kilometr təşkil edəcəkdir. Ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verdi, energetiklərə və inşaatçılara uğurlar arzulayıb.
Ölkə başçısı Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlətimizin rəhbəri binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Mədəniyyət evində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edən fotolar vardır.
Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi 1958-ci ildə istifadəyə verilib. Uzun müddət istismar nəticəsində aşınan bina müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının Şirvana ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama əsasən ayrılmış vəsait hesabına yenidən qurulan Mərkəzi Mədəniyyət Evinin binası müasir standartlar səviyyəsinə çatdırılıb.
Mərkəzi Mədəniyyət Evində 247 yerlik tamaşa salonu, səhnə, qrim otağı, dərnək işi üçün 9 otaq və kabinetlər yaradılmış, avadanlıqla təmin olunub. Mədəniyyət evinin ətrafında da abadlaşdırma işləri görülmüş, yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Göründüyü kimi, ölkə başçısının bölgələrə hər səfəri zamanı neçə-neçə istehsal və xidmət obyektinin, sosial və mədəniyyət müəssislərinin açılışı olur. Bu da ölkəmizin tarazlı inkişaf konsepsiyasına uyğundur. Maraqlıdır ki, martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamlar dönə-dönə vurğulandı. Həm Prezident İlham Əliyevin giriş və yekun nitqlərində, həm də konfransda çıxış edən natiqlərin söylədiyi faktlarda ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin miqyası və həmin uğurların dövlətimizə qazandırdığı siyasi nüfuz fəxrlə vurğulanırdı.
Regionların sosial-iqtisadi inkişafını təmin etmiş birinci proqramın və hazırda böyük uğurla icra edilən ikinci Dövlət Proqramının əhəmiyyəti, bu sənədlərin icrası zamanı nail olduğumuz göstəricilər, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, hətta beynəlxalq böhran ilində belə adambaşına düşən ümumi daxili məhsul istehsalının artırılması beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilir.
Dövlət Proqramının digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi.
5 il ərzində nəinki 600 min əvəzinə, 40 minə qədər yeni iş yerləri açılıb. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük".
Dövlət başçısının sözlərinə görə, işsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. "Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq.
Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı"- deyə Prezident  İlham Əliyev vurğulayıb.
Beləliklə, Azərbaycanda regionların inkişafı ölkənin ümumi inkişafı fonunda daha qabarıq nəzərə çarpmağa başlayıb. Bu fakt isə ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılmasında və qeyri-neft sektorunun inkişafında özünü göstərir. Bir sözlə, bölgələrdə gedən tərəqqi ölkəmizin işıqlı gələcəyinə böyük ümid yaradır.

Digər xəbərlər