PDF Oxu

Siyasət

  • 15

"Biz 2010-cu ili də uğurla başa vurmalıyıq"

"Biz 2010-cu ili də uğurla başa vurmalıyıq"
İki ildir dünyada hökm sürən iqtisadi böhrandan bütün ölkələr bu və ya digər formada əziyyət çəkiblər. Azərbaycan isə dünya iqtisadiyyatına çox uğurla inteqrasiya olunur və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı durumdan minimum itkilərlə çıxa bilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən bu günə qədər Azərbaycan iqtisadiyyatına 40 milyard ABŞ dollarına yaxın investisiya qoyulub. Bu, Azərbaycanda münbit iqtisadi durumun yaxşı olmasından irəli gəlməklə yanaşı, həm də ölkə iqtisadiyyatının stabil və perspektiv inkişaf imkanlarının göstəricisi sayıla bilər.
2004-cü ildən başlayaraq, Azərbaycanın regionlarında iqtisadi baxımdan inkişaf müşahidə edilməkdədir. Əgər əvvələr regionlarda infrastrukturla bağlı problemlər var idisə, bu gün praktiki olaraq, ciddi irəliləyişlərə nail olunub.
Regionların inkişafı ilə bağlı müsbət cəhət ondan ibarətdir ki, məhz biznes strukturlarının Bakıda yerləşməsi problemini müəyyən qədər yumşaltmaq mümkün olub. Bu gün biznes strukturları yalnız Bakı və ya Abşeron rayonunda deyil, eyni zamanda, regionlarda yerləşməlidir.
Son illər regionlarda zavod və fabriklərin açılması sayəsində iş yerlərinin sayının artması artıq yerli və xarici iş adamları üçün kifayət qədər cəlbedici xarakter daşımaqdadır. Regionlarda məşğulluq probleminin həll edilməsi və eləcə də, paytaxtla region arasında iqtisadi fərqin aradan qaldırılmasına birbaşa təsir göstərir.
Prezident İlham Əliyev qeyd edir ki, 2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət obyektlərinin tikintisi nəzərdə tutulmalıdır: "Bunu etmək üçün tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar- əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar da icra olunmalıdır".
Azərbaycan hökuməti birmənalı şəkildə regionların inkişafını prioritet sahələrdən biri hesab edir. Təbii ki, bunun prioritet elan olunması regionlara daha çox investisiyaların cəlb edilməsi, eləcə də, həm xarici investor, həm də yerli mənbə və dövlət büdcəsi hesabına infrastrukturun yaxşılaşdırılması regionlara investorların cəlb edilməsinə imkan yaradır.
İnfrastruktur problemlərinin həlli investorların cəlb edilməsi üçün çox ciddi əsas yaradır. Regionların inkişafı hər bir ölkə üçün olduqca vacib məsələ sayılır. Bu inkişaf Azərbaycana imkan verir ki, davamlı iqtisadi inkişafı təmin edə bilsin. Çünki regionların inkişafı iqtisadi baxımdan ağırlığın Bakıdan digər bölgələrə-rayonlara paylanmasına gətirib çıxarır. Nəticədə Bakı və regionlar arasında fərq getdikcə azalmaqdadır.
Bu, həm dövlət büdcəsinin gəlirlərində regionların payının artmasında, eləcə də, biznesin formalaşmasında özünü göstərir. Tək iqtisadiyyata 40 milyard dollar investisiyanın ölkəyə qoyulması, onun bir qisminin regionların payına düşməsi ondan xəbər verir ki, bu gün yerli sahibkarlar və xarici iş adamları regionlarda fəaliyyət göstərməkdə maraqlıdır.
Dövlət başçısı qeyd edir ki, regonlara yönəldilən və həyata keçirilən investisiya layihələrinin sayı yaxın illərdə artırılacaq. Çünki məhz regionların inkişafını stimullaşdırmaq üçün xüsusi iqtisadi zonalar haqqında qanun layihəsi müzakirə olunub. Həmin qanun layihəsinin qəbulu regionlarda xarici investisiyaların cəlb edilməsinə imkan verəcək. Bu baxımdan, qanunvericilik bazası da regionlarda vəsaitlərin cəlb edilməsinə imkan verir.
Regionların inkişafının digər mühüm cəhətlərindən biri ondan ibarətdir ki, ölkə başçısının regionlarda açılan daimi iş yerlərinə baş çəkməsi, birbaşa regionların inkişafını proritet sahə elan etməsi, ölkədə hökumətin, eləcə də, xarici iş adamalarının regionlara marağının artmasına gətirib çıxarır.
Bu gün regionların inkişafı ilə bağlı siyasi iradə var. Qanunvericilik mühitinin təkmilləşməsi, regionlarda infrastrukturun yaxşılaşması, bütövlükdə, imkan verir ki, o sahələrə həm daxili, həm də xarici investorlar cəlb etmək mümkün olsun.
Təsadüfi deyil ki, ötən illərdə Dünya Bankı və digər beynəlxalq təşkilatlar Azərbaycanı biznesin həyata keçirilməsi üçün münbit şərait yaratmasına görə bir nömrəli islahatçı ölkə adlandırmışdı. Bu uğurların 2010-cu ildə davam etdirilməsi gözləniləndir.
Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı son illər bir sıra ciddi addımlar atılıb. Bu addımlar həm qanunvericilik bazasının möhkəmlənməsi, həm ən ciddi investisiya mühitinin yaxşılaşdırılması, həm də bir pəncərə sisteminin  tətbiq edilməsi ilə bağlıdır. Bu həm Bakıda, həm də regionlarda qeydiyyat müddətinin 17 dəfə azalmasına gətirib çıxarıb.
Əvvəllər hüquqi və fiziki şəxslər qeydiyyatdan keçmək üçün uzun müddət növbəyə dayanmağa məcbur idilər. İndi isə, bir pəncərə sistemi tətbiq edildikdən sonra 3 gün ərzində hüquqi və fiziki şəxslər qeydiyyatdan keçə bilir. Eyni zamanda, regionlardan Bakıya qayıdan iş adamlarının, hüquqi və fiziki şəxslərin artıq vergi hesabatlarını vergi müfəttişini görmədən Vergilər Nazirliyinə təqdim etməsidir. Bu da investisiya mühitinin yaxşılaşmasına təsir göstərir.
Vergi sahəsində aparılan digər islahatlar sadələşdirilmiş verginin hüquqi və fiziki şəxslər üçün fərqləndirilməsidir. Eləcə də, rüblük yox, illik olması gətirib ona çıxarır ki, artıq regionlarda sadələşdirilmiş vergi subyektləri cəmi 2 faizlə vergi ödəyir. Fiziki şəxslər üçün bu dövriyyə 90 min manat, hüquqi şəxslər üçün 150 min manatdır. Bu da imkan verir ki, sadələşmiş vergi sistemi daxilində vergi güzəştlərindən istifadə edərək, fiziki və hüquqi şəxslər həm Bakıda, həm də regionlarda öz fəaliyyətlərini genişləndirə bilsinlər.
2010-cu il iqtisadi baxımdan nikbin il sayılır. Beynəlxalq təşkilatların və ekspertlərin proqnozlarına görə, cari il Azərbaycanın bütün sektorlarında artıq canlama meyili daha da sürətlənəcək. Ehtimal olunur ki, bu il tikinti və digər sektorlarda müşahidə edilən müəyyən durğunluq artıq yaxın aylarda canlanma ilə əvəz olunacaq. 2010-cu ildə dövlət büdcəsinin gəlir və xərclərinin daha artıq olması ehtimal olunur. Bu il investisiya mühitinin yaxşılaşdırılması baxımından dövlət gəlirlərinin artması baxımından ötən illə müqayisədə daha nikbin olacaq.
Ölkədə son vaxtlar tikinti sektorunda durğunluq müşahidə olunur. Qlobal maliyyə böhranı Azərbaycanda ən çox tikinti sektoruna təsir göstərdi. Əsas səbəb tikinti sektorunda tələbatın azalması ilə bağlıdır. Tikinti bazarında böhranın cari ildə aradan qaldırılması gözlənilir. Güman olunur ki, bu ilin yayından başlayaraq, tikinti sektorunda kifayət qədər canlanma müşahidə olacaq.
Canlanmanın müşahidə olunmasınını əsas səbəbi 2010-ci ildə ipoteka kreditləri proqramına xərclənən vəsaitin həcminin artırılmasıdır. Ötən il ipoteka kreditlərinə 50 milyon manat vəsait ayrıldısa, 2010-cu ildə bu rəqəm 75 milyon manata yüksələcək. Eyni zamanda, sosial ipotekaya kreditlərin verilməsi üçün 14 milyon manat vəsait ayrılacaq. Təbii ki, ipoteka proqramının genişlənməsi ipoteka krediti vasitəsilə mənzil alanların sayının artmasına gətirib çıxarır.
Bununla yanaşı, tikinti sektorunda digər məqam kredit resurslarının çıxışının təmin edilməsi ilə bağlı ölkə başçısının imzaladığı sənəddir. Bu sənədlə Azərbaycan kommersantları 2009-2012-ci ildə mənfəət vergisindən azad ediləcək. Nəzərə alaq ki, kommersiya banklarının  daha çox kredit verdiyi sektor tikinti sektorudur.
Bu mənfəət vergisinin azad edilməsi kommersiya banklarını imkan verir ki, 2010-cu ildən başlayaraq tikinti sektoruna daha çox vəsait ayıra bilsin. Bu baxımdan, atılan addımlar ölkə iqtisadiyyatında alıcılıq qabiliyyətinin 2010-cu ildən yüksələcəyi proqnozlaşdırılır.
Beləliklə, dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə Azərbaycanın öz inkişafını davam etdirməsi həm ekspertlər və xalq tərəfindən təqdir olunur. Bu proses isə, ölkəmizin düşünülmüş inkişaf strategiyasının qətiyyətlə həyata keçirilməsi nəticəsində baş verir.
Prezident İlham Əliyevin dediyi kimi: "Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həlini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməkdə davam edəcəkdir".

Digər xəbərlər