PDF Oxu

Siyasət

  • 12

Regionların inkişafı sürətlənəcək

Regionların inkişafı sürətlənəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Resrublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Resrublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" Fərmanları respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından əvvəl və uğurla icra edilməsi əyalətlərdə yaşayan əhalinin maddi rifah halının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərrasına və yeni iş yerlərinin açılmasına gətirib çıxarıb.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da növbəti beş ildə iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev II dövlət proqramının icrasını da şəxsi nəzarətinə götürmüşdür. Prezident ötən müddət ərzində respublikanın regionlarına 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olub.
Müntəzəm olaraq həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən ediliməsini və həyata keçirilməsini təmin edir.
Prezident İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Ölkə başçısı növbəti beş ildə də ölkəmizin uğurla inkişaf edəcəyini bildirib.
"Hesab edirəm ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olmuşdur. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni, əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik".
Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər hamı tərəfindən razılıqla qarşılanıb. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxumla təmin edilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının daha bir təzahürüdür.
2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin azaldılması sahibkarlığın inkişafı, daxili bazarın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilib, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi ilə vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılıb.
Bu kimi qabaqlayıcı tədbirlərin görülməsi sayəsində Azərbaycan qlobal maliyyə böhranı şəraitində sürətli inkişaf tempini qoruyub saxlaya bilib. Əldə olunan uğurlu nəticələr həm də əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına mümkün olub. Prezident İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərindən danışarkən respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət xətti yürütdüyünü xüsusi vurğulayıb: "Azərbaycan uğurlu inkişaf yolundadır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilib. Müstəqillik dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox böyük sınaq ili idi, həm bizim üçün, həm bütün başqa ölkələr üçün. Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkəyə təsir etmişdir.
Göründüyü kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə artır. Büdcə xərclərinin əsas prioritetləri xərclərin sosial və investisiya yönümlüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatından və digər tədbirlərdən ibarətdir. Builki büdcənin də sosialyönümlü və investisiya tutumlu olması deyilənlərdən xəbər verir.
Ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən islahatların davam etdirilməsi və hər ilin büdcə zərfində bu məsələnin prioritet kimi saxlanılması aparılan sosialyönümlü siyasətin məntiqi nəticəsidir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz və yaxud 3 milyard 877,6 milyon manat təşkil edir. Bu isə 2009-cu ilin büdcə göstəricisindən təxminən 1,8 faiz çoxdur. 2010-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulub.
2009-cu ilin ən əlamətdar hadisələrindən biri də Prezident İlham Əliyevin ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün başa çatması ilə bağlı verdiyi rəsmi açıqlama oldu. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla başa vurub.
Beləliklə, böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət ölkəmizin dünya maliyyə böhranından az itki ilə çıxmasına imkan yaratdı. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək kimi mühüm vəzifələr durur. İndi ölkədə iqtisadi inkişaf tempinin qorunub saxlanması və sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.

Digər xəbərlər