Regionların inkişafı əhalinin sosial rifahını yüksəldir
Keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ilə onun qətiyyətli, müdrik və uzaqgörən siyasəti nəticəsində o zaman keçmiş Sovet İttifaqında Azərbaycanın ətrafında yaranmış süni ədalətsizliklər və əngəllər böyük məharətlə aradan qaldırıldı, respublika həyatının bütün sahələrinin, o cümlədən, iqtisadiyyatın hərtərəfli yüksək inkişafı təmin edildi. Bu zəmin əsasında bölgələrin inkişafında da ciddi uğurlar qazanıldı.
Regionlarda çoxlu yeni iri sənaye müəssisələri yarandı, istehsalın bütün başqa əsas sahələrində böyük artım əldə edildi. Tezliklə Azərbaycanın ümumi sənaye məhsulu istehsalında regionların xüsusi çəkisi 2 dəfədən çox artdı. Lakin SSRİ dağıldıqdan sonra bölgələr daha pis duruma düşmüşdü. Müstəqilliyin ilk illərində də durum daha da pisləşdi.
Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra onun apardığı düzgün və gələcəyə istiqamətlənmiş siyasəti nəticəsində tezliklə ölkədə yenidən təşkilolunma dövrü başlandı. O, ölkədə bazar istehsal münasibətlərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən, özəlləşdirmə proqramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması və bu əsasda milli sahibkarlığın yaranması regionların da inkişafı üçün əlverişli zəmin yaratdı.
Tezliklə regionlarda bir sıra sənaye və başqa istehsal sahələri bərpa edildi, yeniləri işə salındı. Regionların əksəriyyətində ət, süd, konserv müəssisələri, Gəncədə şüşə zavodu və iplik əyirici fabriki, Şəmkirdə Yenikənd suelektrik stansiyası, Mingəçevirdə kompyuter, Neftçalada nərə balıq yetişdirmə və çoxlu başqa istehsal müəssisələri tikilib istifadəyə verildi.
Məlumdur ki, regionların sosial-iqtisadi inkişafında 2004-2008-ci illəri əhatə edən birinci mərhələ çox uğurlu olmuşdur. Bu mərhələni regionların inkişafında böyük dönüş illəri də adlandırmaq olar. Onun əsasını ölkə Prezidenti cənab İlham Əliyevin 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı haqqında imzaladığı Fərman təşkil edir. Bu mərhələdə, ilk növbədə, regionlarda geniş təyinatlı infrastruktur şəbəkələrinin yaradılmasına başlanıldı.
Mühüm istehsal sahələrini inkişaf etdirmək üçün mövcud infrastruktur sisteminin əhatə dairəsinin artırılması və müasirləşdirilməsi, xüsusən, regionlarda elektrikləşdirilmə və qazlaşdırılma xətlərinin yeniləşməsi, onların əhatə dairəsinin genişləndirilməsi, magistral, rayonlararası və kəndlərarası avtomobil yollarının yenidən qurulması, Gəncədə, Naxçıvanda, Lənkəranda və Zaqatalada dünya standartları səviyyəsində müasir təyyarə limanlarının açılması, tikinti komplekslərinin və xidmət sahələrinin xeyli artırılması, çoxlu yeni məktəblərin, müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman komplekslərinin, suvarma sistemlərinin inşası həyata keçirildi.
Bu möhtəşəm layihələrin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vaxtında tikintisinin başa çatdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətinin artması, Azərbaycan İnvestisiya Şirkətinin yaradılması, "Aqrolizinq" Şirkətinin fermerlərə xidmətinin genişləndirilməsi, daxili investisiyaların yeni istehsal sahələrinə yönəldilməsi, Sahibkarlığa Kömək Milli Fondunun yerli iş adamlarına böyük dəstək verməsi, özəl sektorun inkişafı üçün əlverişli mühitin yaradılması və digər mühüm tədbirlər müstəsna rol oynadı.
Nəticədə tezliklə regionlarda sosial-iqtisadi inkişafın mənzərəsi əsaslı şəkildə dəyişdi. İlk növbədə, Abşeron iqtisadi regionunun hüdudlarından kənarda yerləşən ölkənin başqa ərazilərinin 2008-ci ildə respublikada hasil edilən ümumi məhsulun həcmində xüsusi çəkisi artıq 19 faizə çatdırıldı.
Hələ növbəti prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev qarşıdakı 5 ildə ölkədə 600 min yeni iş yerlərinin açılacağı barədə vəd vermişdi. O, verdiyi sözə yüksək səviyyədə əməl etdi. 2008-ci ilin 31 dekabrınadək ölkədə 766,3 min yeni iş yeri açıldı ki, bunların da 73,4 faizi regionların payına düşürdü. Çox sevindirici haldır ki, 2008-ci ildə ölkə iqtisadiyyatında çalışanların orta illik sayının artıq 50 faizdən çoxu Abşeron iqtisadi rayonundan kənardakı regionlarda cəmləşmişdir.
İstər yerli, istərsə də xarici iş adamlarının fəaliyyəti üçün münbit biznes mühitinin yaradılması nəticəsində sənaye obyektlərinin, ayrı-ayrı xidmət sahələrinin genişləndirilməsi hesabına regionlarda məhsul istehsalı artmış, ölkənin daxili tələbatının ödənilməsi ilə yanaşı, onların xaricə ixracı da təmin olunmuşdur. Məsələn, təkcə aran iqtisadi regionu 2008-ci ildə Azərbaycanda hasil edilən elektrik enerjisinin 66 faizini vermişdir.
Son illərdə bir sıra regionlarda (Naxçıvan MR, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz) tikilən elektrik stansiyalarını da nəzərə alsaq, ölkədə istehsal olunan elektrik enerjisinin 75 faizi regionların payına düşür. Ümumiyyətlə, son 4 ildə Azərbaycanda 10 yeni elektrik stansiyası tikilmiş və ölkənin enerji potensialı 40 faiz artmışdır.
Göründüyü kimi, bu gün regionlar ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Regionlar, həmçinin, Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında da aparıcı mövqeyə malikdirlər. İndi regionlar ölkədə hasil edilən çox əhəmiyyətli məhsulların, o cümlədən, alüminium xammalının, dəmir filizinin, qızılın, daş duzun, avtomobillərin, traktorların, kompyuterlərin, televizorların, soyuducuların, liftlərin, şəkərin və şəkər tozunun, pambıq xammalının, yunun, baramanın, yaşıl çay yarpağının əsas hissəsini hasil edirlər.
Beləliklə, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük uğurla həyata keçirilməsi müstəqil Azərbaycan dövləti üçün müstəsna əhəmiyyət kəsb edən mühüm bir tarixi addımın atılmasına səbəb oldu. Bu, hər şeydən əvvəl, əhalinin regionlar üzrə düzgün və səmərəli məskunlaşması məsələsinin həlli baxımından çox zəruridir.
Son zamanlar regionlarda müxtəlif istehsal təyinatlı sənaye müəssisələrinin sayı daha böyük sürətlə artır. Məsələn, 2008-ci ildə regionlarda fəaliyyətdə olan müəssisələr 2000-ci ilə nisbətən 1,7 dəfə (Abşeron iqtisadi regionunda isə 1,3 dəfə) artmışdır.
Bu, bir həqiqətdir ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının böyük uğurla həyata keçirilməsi, nəinki regionlarda qeyri-neft sektorunun güclü artımına səbəb oldu, eyni zamanda, məhsuldar qüvvələrin daha da artırılması üçün çox geniş imkanların mövcudluğunu bir daha təsdiqlədi. Bu istiqamətdə əldə edilən uğurlar bir daha göstərdi ki, vaxtilə uzun müddət əsassız olaraq böyük tərəqqi yolundan kənarda qalmış Azərbaycanın bütün regionlarında qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı bundan sonra da məhz onların hesabına genişləndirilməlidir.
Regionların məqsədyönlü hərtərəfli sosial-iqtisadi inkişafının yeni mərhələsi 2008-ci ildən sonrakı dövrü əhatə edir. Onun başlıca mahiyyəti və vəzifələri ölkə Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu ildə imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında" Fərmanda geniş şərh edilmişdir. Bu tarixi Fərmanda deyildiyi kimi, əvvəllər qəbul edilmiş "...sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurla icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə təkan verilmiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında, iqtisadiyyata investisiya qoyuluşunun artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və yoxsulluğun azaldılmasında mühüm rol oynamışdır.
... Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir".
İqtisadiyyat sahəsində keçid dövrünü artıq başa çatdıran Azərbaycan indi inkişaf etmiş ölkələrin sıralarında öz layiqli yerini tutmaq üçün səylərini artırır. Ölkənin regionları üzrə məhsuldar qüvvələrin tarazlı tənzimlənməsi üçün qeyri-neft sektorunun hərtərəfli inkişafı, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası bu məqsədin gerçəkləşməsinin həlledici istiqamətlərindən birini təşkil edir.
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin tətbiq edilməsi də ölkənin bir sıra regionlarında məhsuldar qüvvələrin güclü inkişafına təkan verəcəkdir. Bu, ilk növbədə, Naxçıvan Muxtar Respublikasına, Lənkəran və Quba-Xaçmaz regionlarına aiddir.
Regionların hərtərəfli istehsal potensialının ildən-ilə artması göz qabağındadır. Hələlik, dövlət qayğısı ilə yaşayan və inkişaf edən regionlar tezliklə qeyri-neft sektoru sahələrinin sürətlə şaxələnməsi və yüksəlişi hesabına ölkə büdcəsini daha da artıracaq və bununla da, respublikanın iqtisadi qüdrətini xeyli möhkəmləndirəcəklər.