Regionların inkişafı ölkəmizi gücləndirir
Dünyanın əksər böyük dövlətləri artıq bütün regional məsələlərdə Azərbaycanın siyasi mövqeyi ilə razılaşmağı öz milli maraqlarına uyğun hesab edirlər. Təsadüfi deyil ki, son vaxtlar bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün təşəbbüsü ələ almağa çalışırlar. Çünki qeyd edilən münaqişənin həllindən sonra regionun bütün ölkələri, əsasən də, zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikası böyük iqtisadi inkişafa nail olacaq. Bizim ölkənin inkişafı isə regionda marağı olan ölkələr üçün çox vacibdir. Bütün bunları nəzərə alan dünya siyasətçiləri Azərbaycanın mövqelərini dəstəkləməklə gələcək illər üçün nəzərdə tutulmuş addımlar atırlar.
Martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir sıra məqamlar dönə-dönə vurğulandı. Həm Prezident İlham Əliyevin giriş və yekun nitqlərində, həm də konfransda çıxış edən natiqlərin söylədiyi faktlarda ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin miqyası və həmin uğurların dövlətimizə qazandırdığı siyasi nüfuz fəxrlə vurğulanırdı.
Regionların sosial-iqtisadi inkişafını təmin etmiş birinci proqramın və hazırda böyük uğurla icra edilən ikinci Dövlət Proqramının əhəmiyyəti, bu sənədlərin icrası zamanı nail olduğumuz göstəricilər, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, hətta beynəlxalq böhran ilində belə adambaşına düşən ümumi daxili məhsul istehsalının artırılması beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilir.
Təbii ki, istənilən dövlət beynəlxalq aləmdə söz sahibinə çevrilmək üçün əvvəlcə mənsub olduğu regionda liderliyi ələ almalıdır. Bu sahədə Azərbaycanın təcrübəsi fəxr və iftixar hissi yaradan səhifələrlə doludur. Prezident İlham Əliyev qeyd edilən konfransdakı giriş nitqində həmin məsələ ətrafında geniş danışıb: "Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz öz-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır".
Bu gün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Azərbaycanın mövqelərini müdafiə etməklə ölkənin perspektivdəki inkişafına, həmin inkişaf nəticəsində qazandığımız siyasi nüfuza böyük ümidlə baxır, beş-on il sonrakı vəziyyətə hesablanmış addımlar atırlar. Həmin məqamı Prezident İlham Əliyevin martın 12-dəki konfransda söylədiyi nitqində də görürük: "Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək".
Təbii ki, Azərbaycan dövlətinin bu qətiyyətini görən əcnəbi siyasətçilər ölkəmizin gələcəyinə böyük inam və ümidlə baxır, Azərbaycanla əmədaşlığın perspektivinə çox böyük önəm verirlər. Dövlət başçısı son konfransda bildirib: "Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq, ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir.
Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici qüvvələr bundan o qədər də razı deyillər. Amma bu, bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir".
Prezident Dövlət Proqramının 2-ci hissəsinin 1 illiyinə həsr olunmuş konfransda bildirib: "Artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir.
Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi.
Bu, bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır".
Dövlət başçısı qeyd edib ki, əslində, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir: "Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün Dövlət Proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olub.
Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi.
Beş il ərzində, nəinki 600 min, 800 minə qədər yeni iş yerləri açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük".
Dövlət başçısının sözlərinə görə, işsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. "Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq.
Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu, o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı"- deyə İlham Əliyev vurğulayıb.
Ümumiyyətlə, Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olub, sınaq ili olub. Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilib. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Ölkədə həyata keçirilən iqtisadi siyasət göstərir ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir.