Slovakiya ilə Azərbaycan dost ölkələrdir
Prezident İlham Əliyev martın 15-də Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirdi və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğuladı. Prezident İlham Əliyev bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu da qeyd etdi. Dövlətimizin başçısı səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etdi. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğuladı. O, Azərbaycan Prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu qeyd etdi. Daha sonra nazir bildirdi ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu vurğuladı.