PDF Oxu

Siyasət

  • 13

Ekoloji sağlamlıq əsas prioritetdir

Ekoloji sağlamlıq əsas prioritetdir
Sovetlər dövründə təbii resurslardan səmərəsiz istifadə və sənayenin inkişafı Azərbaycanda da ekoloji durumun pisləşməsinə səbəb olmuşdu. Müstəqilliyini ilk illərində ölkəmizin ekoloji problemləri həll etmək üçün yetərincə imkanları yox idi. Üstəlik, iqtisadi və sosial problemlər ətraf mühitin daha çox çirklənməsini, meşə fondunun yanacaq və istehsal qsədilə qırılması, su mənbələrinin Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilməsi Azərbaycanda ekoloji problemləri kəskinləşdirmişdi. Lakin son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafı və maliyyə imkanlarının artması dövlətin bu sahədə daha geniş miqyasda fəaliyyət göstərməsinə imkan yaradır.
Ətraf mühitin sağlamlaşdırılmasında ən əsas məqsədlərdən biri də ölkə əhalisinin sağlam mühitdə yaşamalarını təmin etməkdən ibarətdir. Bu səbəbdən də son illərdə Azərbaycanda çoxsaylı və davamlı ağacəkmə kampaniyaları aparılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Hərəyə bir ağac əkək!" devizi ilə keçirilən belə aksiyalarda milyonlarla yeni ağac əkilib.
Lakin problemin bir tərəfi də yeni ağacların əkilməsi ilə yanaşı, mövcud ağacların kəsilməsinin qarşısının alınmasıdır. Bununla bağlı ölkə Prezidenti dövlət orqanları qarşısında sərt tələblər qoyub. Ağac kəsilməsinə görə cəzalar sərtləşdirilib, cərimələrin məbləği xeyli artırılıb. Bu tədbirlər ağacların qırılmasının qarşısını, demək olar ki, tamamilə alıb. Cari ildə təkcə Abşeron yarımadasında 3 milyon yeni ting əkilməsi nəzərdə tutulub ki, bu da ərazinin tamamilə yaşıllamasına gətirib çıxaracaq.
Ekoloji təhlükəsizliklə bağlı digər məsələ də su mənbələrinin çirklənməsi və əhaliyə verilən suyun keyfiyyətinin aşağı olması idi. Lakin son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə durum xeyli yaxşılaşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bir çox şəhər və kəndlərində yeni müasir su-təmizləyici qurğular quraşdırılıb. Bundan başqa, Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilişi başa çatmaq üzrədir. Saniyədə 5 min kubmetr su ötürmək gücündə olan bu kəmər Bakı əhalisinin ekoloji təmiz su ilə təmin edəcək.
Beləliklə, ölkədə ekoloji sahədə görülən işlərlə yanaşı, həll edilməsi vacib olan işlər də var. Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlət başçısı qeyd etdi ki, "biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq".
Prezident qeyd edir ki, Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənib. "Neft tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir. Məişət tullantılarının utilizasiyası məsələləri ilə, demək olar ki, ciddi məşğul olmamışıq. Azərbaycanda içməli su problemi həmişə, bütün dövrlərdə, ən ciddi, ən böyük problemlərdən biri idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini gözləyən əsas problemlərdən biridir".
Dövlət başçısı qeyd edir ki, ətraf mühitin qorunması məsələsi təkcə "Ekologiya ili"ndə deyil, hər zaman diqqət mərkəzində olmalıdır. "Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi, ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini gözləyən əsas məsələlər aydındır. Bu gün biz bu barədə danışacağıq. Ətraf mühitin qorunması, əhalinin içməli su ilə təmin edilməsi - bu istiqamətdə də kompleks tədbirlər görülür".
Dövlət başçısı bildirib ki, hansısa bir istiqamətdən söhbət getmir. "Burada həm də Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. Ümid edirəm ki, bu il bu su kəməri- Bakıya hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz içməli su ilə təmin ediləcəkdir. Samur-Abşeron kanalının tikintisi,- bu da, çox böyük vəsait tələb edən layihədir,- uğurla davam edir.
Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular quraşdırılıbdır və 220 mindən çox vətəndaş- əvvəllər çay sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam etdirilməlidir".
Prezident qeyd edib ki, içməli su ilə bərabər, həm Bakının, həm ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələləri həll edilməlidir. "Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin, müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə, şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz həllini tapacaqdır".
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" üzrə fəaliyyət davam etdirilir. Artıq 12 rayonun 122-dən çox kəndində yekunlaşdırılmış işlər nəticəsində 224 min əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bunun üçün həm də 1300-ə qədər bulaqbölüşdürücü məntəqə, 600 kilometrdən çox su xətti inşa edilib.
Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron yarımadasında modul tipli çirkab su təmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq, "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb.
"Azərsu" SC-nin sərəncamında olan iri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınıb, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Beləliklə, indiyədək görülmüş işlər ölkədə ekoloji durumun sağlamlaşdırılmasına öz töhfəsini verib. 2010-cu Ekologiya ilində isə, bu sahədə daha böyük layihələrin həyata keçirlməsi gözlənilir.

Digər xəbərlər