PDF Oxu

Siyasət

  • 12

Dövlət elmin inkişafına böyük diqqət göstərir

Dövlət elmin inkişafına böyük diqqət göstərir
Azərbaycanda təhsilin, elmin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Odur ki, müasir dövrümüzdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əsaslı islahatlar həyata keçirilir. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir.
Müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafı, onun uğurlu gələcəyi onun elmi potensialı ilə müəyyən olunur. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Fərmanı Azərbaycanda elmə olan diqqətin bir nümunəsidir.  Belə ki, Prezidentin sərəncamı əsasında 2010-2011-ci tədris ilindən başlayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcəkdir. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaqdır.
Bu və ya digər diqqətin davamı kimi, İlham  Əliyev cənablarının  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi ilə bağlı Fərmanı ölkədə elmə dövlət tərəfindən göstərilən qayğını bir daha təsdiqləyir. Fərmanda göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin, bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını müəyyən edilsin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirilsin.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 oktyabr tarixli 526 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Nizamnaməni rəhbər tutur. Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyəti əsas götürür.
Prezidentin təsdiqlədiyi nizamnamədə göstərilir ki, fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur. Müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara, loqotipə malikdir.
Fondun fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Onun əsas məqsədi və vəzifələri sırasında Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə, elm müəssisələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaq dayanır. Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək funksiyasına malik olan fond Azərbaycan Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək istiqamətində işlər görə bilər. Fond, eyni zamanda,  Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək hüqüquna malikdir.  Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək onun vəzifəsi sırasına daxildir.
Azərbaycan Respublikasının sosial-iqtisadi və elmi-mədəni inkişafına müvafiq olaraq, müsabiqə üçün prioritet elmi istiqamətlərin müəyyən edilməsi funksiyasına daxil edilmişdir. Nizamnaməyə müvafiq olaraq, elmi tədqiqat müəssisələrinə, digər qurumlara və fiziki şəxslərə müsabiqə əsasında maliyyə dəstəyinin göstərilməsi üçün müvafiq tədbirləri həyata keçirmək hüququndadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə İlham Əliyev cənabların Fərmanından irəli gələn bu və digər müddəalar ölkəmizdə elmə böyük bir dəstək olacaq.

Digər xəbərlər