PDF Oxu

Siyasət

  • 17

“Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik"

“Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik"
Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı öz axarı ilə davam edir. Həyatın bütün sahələrində yüksək tərəqqi qeydə alınır. Ötən ilin göstəriciləri də ölkəmizin sürətli inkişaf yolunda olduğunu təsdiqləyir. Başqa sözlə, özünün daxili imkanlarına, zəngin neft-qaz sərvətlərinə əsaslanan Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda başlıca nüfuz sahibinə çevrilir.
Bu günlərdə Qəbələ rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişaf kursunun daha böyük əzmlə davam etdiriləcəyini bildirib. "İqtisadi inkişafımızı davam etdirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür. Hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə getməlidir. Çox işlər görülüb, amma hələ də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra edilir. O cümlədən, regionların inkişafına dair Dövlət Proqramı və bütün regionlarda gedən quruculuq işləri, əlbəttə ki, ölkəmizi gücləndirir. Bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır.
 Prezidenti İlham Əliyev hər zaman deyir: "... Biz öz iqtisadi siyasətimizi apararkən ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur".
Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı və sabit olması heç də təsadüfi deyil. Çünki təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm iqtisadi baza, ölkəmizin malik olduğu zəngin potensial Azərbaycanın dönməz tərəqqisinə əlverişli şərait yaradıb, ölkə iqtisadiyyatını hər cür böhrana qarşı dayanıqlı edib.
Son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizin gələcək davamlı inkişafına yönəldilmiş ümummilli proqramların qəbul edilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın makroiqtisadi göstəriciləri bir qədər də yaxşılaşıb, ölkəmizin strateji valyuta ehtiyatları 20 milyard dolları ötüb keçib.
Bütün bu inkişaf və tərəqqi meyilləri ötən il də davam edib, sosial-iqtisadi həyatın güzgüsü sayılan ümumi daxili məhsul istehsalı ilə yanaşı, iqtisadiyyatın vacib sahələri olan sənayedə və kənd təsərrüfatında da yüksək artım tempi qeydə alınıb.
Prezident İlham Əliyev bu siyasətin bundan sonra da davam etdiriləcəyini, xarici və yerli investisiyaları cəlb etməklə sənaye sektorunda müxtəlif yeni müəssisələrin yaradılacağını bəyan edir.
Artıq bir neçə ildir ki, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri, eləcə də dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də sənaye istehsalının artırılmasına təkan verir.
2009-cu il iqtisadiyyatın mühüm sahəsi sayılan kənd təsərrüfatı üçün də son dərəcə uğurlu olub. Aqrar sahədə aparılan məqsədyönlü islahatlar kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün münbit şərait yaradır.
Təkcə onu demək kifayətdir ki, dövlət tərəfindən adı çəkilən sahənin inkişafına verilən dəstək, maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, aqrolizinq xidməti və s. tədbirlər cari ilin doqquz ayında aqrar bölmədə ciddi artımın əldə olunması ilə nəticələnib. Bu da qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atan, iqtisadiyyatın şaxələndirilməsi xəttini götürən bir ölkə üçün yüksək göstəricidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böhranlı zamanda, qeyri-neft sektorunun inkişafda olduğu bir şəraitdə kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm də sosial cəhətdən çox böyük əhəmiyyətə malik bir sahədir.
Qeyd etmək lazımdır ki, iqtisadi və sosial baxımdan son dərəcə böyük əhəmiyyətə malik olan layihələrin tamamlanması Azərbaycanı daha da gücləndirəcək, suvarılan torpaqlar çoxalacaq, içməli su problemi həll olunacaqdır.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin uğurla həll edildiyini vurğulayan dövlət başçısı qeyd edir ki, indi ölkəmiz xaricə neft və qazla yanaşı, elektrik enerjisi də ixrac etməyə başlayıb. Artıq Azərbaycan dünyada getdikcə aktuallıq kəsb edən alternativ enerji mənbələrinə üstünlük verməyi qarşısına məqsəd qoyub.
Son illər ölkəmizdə ekoloji tarazlığın, ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir, bu sahədə vacib proqramlar yerinə yetirilir. Dövlət başçısının sərəncamı ilə "Ekologiya" ili elan olunmuş cari ildə ölkədə ekoloji tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Bu vacib məsələyə xüsusi diqqət yetirən Prezident İlham Əliyev bildirir ki, ilk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənməli, avtomobillər tərəfindən havaya buraxılan zəhərli qazların təsirini minimuma endirmək üçün yanacağın keyfiyyəti müasir standartlara uyğunlaşdırılmalıdır. Bundan əlavə, ölkədə ağacəkmə kampaniyası davam etdirilməli, bu işə hamı cəlb olunmalıdır.
Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 32 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 7%-lik real artım deməkdir. Proqnozlara görə, bu il qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4% səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8%-lik artım gözlənilir.
Qeyri-neft sənayesində 2,4% səviyyəsində real artım ola öilər. Ümumilikdə, kənd təsərrüfatında 4%, nəqliyyatda 9,3%, rabitədə 17%, sosial və digər xidmətlər üzrə 3,1% səviyyəsində artım proqnozlaşdırılır.
Proqnozlara əsasən, cari ildə adambaşına düşən ÜDM-in həcmi 3627 manata, orta aylıq əmək haqqı isə 365 manata çatacağı proqnozlaşdırılır. Ölkənin ixrac əməliyyatları 15,8 mlrd. dollar, idxal əməliyyatlarının həcmi isə 8,1 mlrd. dollar səviyyəsində nəzərdə tutulub.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası isə, heç şübhəsiz, növbəti illərdə Azərbaycanın sosial-iqtisadi tərəqqisini daha da sürətləndirəcək, ölkə əhalisinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.

Digər xəbərlər