Azərbaycanla Liviya arasında mehriban münasibətlər mövcuddur
Prezident İlham Əliyev martın 3-də Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Saad Mustafa Mucbir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Saad Mustafa Mucbir Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, on il bundan əvvəl müasir Azərbaycan dövlətinin yaradıcısı, ulu öndər Heydər Əliyev ilə görüşünü ehtiramla xatırladı. Saad Mustafa Mucbir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu dedi. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətləri daha da genişləndirmək üçün bütün səylərini əsirgəməyəcəyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Liviyanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda, İslam Konfransı Təşkilatı və Birləşmiş Millətlər Təşkilatında dəstəkləməsini yüksək qiymətləndirdi. Ölkəmizin Liviya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı əməkdaşlıq üçün yeni imkanların olduğunu bildirdi. İqtisadi sahədə əlaqələri inkişaf etdirməyin önəmini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlıq üçün cəlbedici sahələrin və böyük potensialın mövcudluğunu qeyd etdi.
Dövlətimizin başçısı Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Liviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.