PDF Oxu

Siyasət

  • 4

"Azərbaycanda ekoloji mühiti daha da sağlamlaşdırmalıyıq"

"Azərbaycanda ekoloji mühiti daha da sağlamlaşdırmalıyıq"

Sovetlər dövründə təbii resurslardan səmərəsiz istifadə və sənayenin inkişafı Azərbaycanda da ekoloji durumun pisləşməsinə səbəb olmuşdu. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ekoloji problemləri həll etmək üçün yetərincə imkanları yox idi. Üstəlik, iqtisadi və sosial problemlər ətraf mühitin daha çox çirklənməsini, meşə fondunun yanacaq və istehsal məqsədilə qırılması, su mənbələrinin Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilməsi Azərbaycanda ekoloji problemləri kəskinləşdirmişdi. Lakin son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafı və maliyyə imkanlarının artması dövlətin bu sahədə daha geniş miqyasda fəaliyyət göstərməsinə imkan yaradır.
Ölkəmizin gözəl təbiətə malik olması turizmin inkişafı üçün də real zəmin yaradır. Ən gəlirli sahələrdən turizmin inkişafı üçün də ekoloji problemlər həll edilməli, təbiət abidələri qorunmalı, yaşıllıq sahələri artırılmalıdır.
Ətraf mühitin sağlamlaşdırılmasında ən əsas məqsədlərdən biri də ölkə əhalisinin sağlam mühitdə yaşamalarını təmin etməkdən ibarətdir. Bu səbəbdən də, son illərdə Azərbaycanda çoxsaylı və davamlı ağac əkmə kampaniyaları aparılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Hərəyə bir ağac əkək!" devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac əkilib.
Lakin problemin bir tərəfi də yeni ağacların əkilməsi ilə yanaşı, mövcud ağacların kəsilməsinin qarşısının alınmasıdır. Bununla bağlı ölkə prezidenti dövlət orqanları qarşısında sərt tələblər qoyub. Ağac kəsilməsinə görə cəzalar sərtləşdirilib, cərimələrin məbləği xeyli artırılıb. Bu tədbirlər ağacların qırılmasının qarşısını, demək olar ki, tamamilə alıb. Cari ildə təkcə Abşeron yarımadasında 3 milyon yeni ting əkilməsi nəzərdə tutulub ki, bu da ərazinin tamamilə yaşıllamasına gətirib çıxaracaq.
Ekoloji təhlükəsizliklə bağlı digər məsələ də su mənbələrinin çirklənməsi və əhaliyə verilən suyun keyfiyyətinin aşağı olması idi. Lakin son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə durum xeyli yaxşılaşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bir çox şəhər və kəndlərində yeni müasir su təmizləyici qurğular quraşdırılıb. Bundan başqa Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi başa çatmaq üzrədir. Bu kəmər Bakı əhalisini ekoloji təmiz içməli su ilə təmin edəcək.
Qısa zamanda geniş əraziləri əhatə edən və səmərəli nəticələr verən "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" üzrə fəaliyyət davam etdirilir. Artıq 12 rayonun 122-dən çox kəndində yekunlaşdırılmış işlər nəticəsində 224 min əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Bunun üçün həm də 1300-ə qədər bulaqbölüşdürücü məntəqə, 600 kilometrdən çox su xətti inşa edilib.
ETSN tərəfindən Xəzərə axıdılan çirkab suların təmizlənməsi məqsədilə də yeni təmizləyici qurğuların quraşdırılması dənizdə ekoloji durumun yaxşılaşmasına öz töhfəsini verir. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı buxtasının təmizlənməsi prosesi də aparılacaq ki, bu da ümumi duruma müsbət təsir edəcək.
Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron yarımadasında modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq, "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb. "Azərsu" SC-nin sərəncamında olan iri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınıb, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Sonuncu müşavirədə "Ekologiya ili" ilə bağlı konkret proqramın qəbul edildiyini vurğulayan dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib. "Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Biz bütün il ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərməliyik. Artıq uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə işlər görülür.
Bir müddət bundan əvvəl, geniş ekoloji proqram qəbul edilmişdi. Proqram çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni zamanda, konkret icra mexanizmləri də müəyyən edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq.
Ekologiya məsələlərinə gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması sanki beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı. Yəni, hətta ekologiya sözü, əvvəlki illərdə o qədər də çox işlədilmirdi. Beləliklə, Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənibdir. Neft tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir. Məişət tullantılarının utilizasiyası məsələləri ilə, demək olar ki, ciddi məşğul olmamışıq.
Azərbaycanda içməli su problemi həmişə, bütün dövrlərdə ən ciddi, ən böyük problemlərdən biri idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini gözləyən əsas problemlərdən biridir. Yəni ki, bütövlükdə, ekologiya məsələlərinə bir az ögey münasibət bəslənilirdi. Deyə bilərəm ki, bütün sovet məkanında, postsovet məkanında, Sovet İttifaqı zamanında daha çox planın icrası məsələləri nəzərdə tutulurdu. Ancaq ekoloji tədbirlər ya yarımçıq görülürdü, ya görülmürdü.
Sovet İttifaqına xas olan bütün bu ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar atılmışdır. Yəni, bütün bu məsələlər o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə müstəqil siyasət apara bilmirdi.
Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə, mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq.
İçməli su ilə bərabər, əlbəttə ki, biz həm Bakının, həm ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələlərini həll etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin, müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə, şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz həllini tapacaqdır.

Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində, Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik.
Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. Mən bir müddət bundan əvvəl, müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq.
Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır".
Qeyd edək ki, sonuncu müşavirədə dövlət başçısı havanın çirkləndirilməsinin qarşısının alınması, meşələrin qorunması, Abşeron yarımadasındakı göllərin bəzilərinin qurudulması, bir sıra göllərin isə abadlaşdırılaraq, istirahət məkanına çevrilməsi, bərpa olunan enerji mənbələri üzrə layihələr və s. məsələlərlə əlaqədar fikirlərini bildirib, müzakirə edilən bütün mövzulara dair kompleks layihələr və təkliflərin hazırlanmasını tapşırıb.

Digər xəbərlər