Fevralın 25-də Kremldə "İlin Personası" beynəlxalq mükafatının laureatları təltif edilib. "RBK" agentliyinin verdiyi açıqlamaya görə, "İlin Personası" mükafatı il ərzində Rusiyanın dövlət, ictimai, siyasi maraqları baxımından özünü daha parlaq göstərən şəxslərə verilir. Laureatlar biznes, ictimai-siyasi, mədəniyyət və s. müxtəlif sferalarda fəaliyyət göstərənlər arasında seçilir.
Dünya liderlərindən biri
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması Onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan lideri İlham Əliyevin dünyanın nüfuzlu liderləri siyahısına salınması son vaxtlar daha tez-tez olur.
Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür. 2008-ci ildə Azərbaycan Prezidenti "WorldPublicOpinion.org"un sorğusunda Yaxın Şərq üzrə regional lider seçilmişdi.
"WorldPublicOpinion.org" dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoyaraq böyük bir regionda lider seçilib.
Bu, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. "Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Demokratiyanın qarantı
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı üçün normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti, eyni zamanda, jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Demokratik cəmiyyətin başlıca amillərindən biri də ölkədə çoxpartiyalı sistemin yaradılmasıdır. Hazırda ölkəmizdə 50-dan çox siyasi partiya qeydiyyatdan keçib. Hazırda günün əsas müzakirə mövzularından biri də "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsidir. Həmin dəyişikliklərdən ən başlıcası partiyaların dövlət tərəfindən maliyyələşməsidir.
Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası", eyni zamanda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini daha da aktuallaşdırdı.
Vətəndaş cəmiyyətinin təminatçısı
Demokratiyanın vacib elementlərindən biri də sivil mübarizədir. Yəni, hər siyasi partiya ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə qatılmaqla hansı nüfuza, siyasi çəkiyə malik olduğunu nümayiş etdirir. Demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlətimiz seçki marafonlarının ədalətli, sivil, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində mühüm addımlar atır.
"Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda təbiq etməliyik"-deyə İlham Əliyev qeyd edir. Seçki praktikasının ildən-ilə təkmilləşməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də ölkə Prezidenti İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
Seçki Məcəlləsinə və Sərbəst toplaşma azadlığı haqda Qanuna dəyişikliklərlə bağlı mühüm işlər aparılıb. Bu, həmin qanunların daha da təkmilləşdirilməsinə, ölkədə hər cür azadlıqların təmin olunacağına dövlət təminatı verilməsinə əyani sübutdur.
Azərbaycanın demokratik inkişaf baxımından bölgə dövlətlərinə nümunə olduğunu şərh etməyə ehtiyac yoxdur. Gürcüstanda və Ermənistanda mövcud duruma diqqət yetirmək kifayətdir.
Bu gün Ermənistandakı böhranlı durum beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu ölkədə də demokratik inkişafla bağlı beynəlxalq təşkilatlar mütəmadi iradlarını bildirirlər. Azərbaycanda isə durum tamamilə fərqlidir.
Avropaya inteqrasiyanın lideri
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara könüllü şəkildə üzv qəbul olunub. Məqsəd meyarlarımızı Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirən dövlətimiz, eyni zamanda, atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir.
Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Xüsusilə, Orta Şərqdə baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar, təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır.
İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində daxili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və ölkə rəhbərliyinin aktiv surətdə xarici siyasət yeritməsinə şərait yaradır.
Azərbaycan Prezidentinin çox fəal xarici siyasəti buna əsaslanır. Postsovet məkanında xarici siyasətdə onun qədər fəal olanı yoxdur. Azərbaycan Prezidentinin bu fəal xarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub.
İnkişaf modelinin yaradıcısı
Bu temp Azərbaycanı dünyada inkişaf tempi üzrə liderə çevirib. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəlxalq imicimizin möhkəmlənməsinə təsir edir. Bu gün Azərbaycan 20 milyardlıq strateji valyuta ehtiyatları, 15 milyardlıq icmal büdcəsi, 35 milyardlıq ÜDM ilə dünya iqtisadi məkanında güclü dövlət kimi anınır.
Deməli, konkret olaraq, xarici siyasətin təməlində daxili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri aydınlığı ilə görünməkdədir. Qlobal iqtisadi böhran şəraitində inkişaf tempini davam etdirən çox az sayda ölkədən biri də Azərbaycandır. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD və dünyada ən inkişafda olan ölkələrdən biridir.
Azərbaycanın bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Son proseslər də bu istiqamətdə səylərin sürətləndiyini əks etdirməkdədir. Bu mövzuda daha əhəmiyyətli görünən məqamlar var ki, onlar hadisələrin gələcək gedişatına ciddi təsir edə bilərlər.
Azərbaycanın dövlət müstəqilliyi indi ən aktual şəkildə gündəmdədir. Ölkənin xarici siyasəti bu istiqamətdə fövqəladə vacib məqamlara yönəlib. Xarici siyasətin uğuru dövlətin imici və gələcəyini təmin etməkdədir.
"Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik." Prezident İlham Əliyev atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını diqqətə çatdırır. Bu addımlar Azərbaycanın böyük gələcəyini indidən təmin edib.