“Xocalıya ədalət" beynəlxalq kampaniyası uğurla davam edir
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü və İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə bağlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Riyadh Palace" konfrans mərkəzində Xocalı faciəsindən bəhs edən kitablardan, foto-video materiallardan ibarət guşə yaradılmış, "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi təşkil olunmuşdur. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində İKT Gənclər Forumu tərəfindən keçirilmiş tədbirlərin fotosərgisi nümayiş etdirilib.
Mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də, Xocalı soyqırımını əks etdirən disk, kitab və materiallar, Xocalı soyqırımı ilə əlaqədar səfirliyin mətbuat açıqcası, "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dair materiallar paylanıb.
Tədbirdə Ər-Riyad şəhərində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin başçıları və əməkdaşları, krallığın dövlət və ictimai qurumlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak edib.
Səfir Tofiq Abdullayev çıxışında erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən geniş söhbət açmış, həmin faciə zamanı qətlə yetirilmiş, itkin düşmüş və girov götürülmüş insanlar haqqında faktları söyləmişdir.
Səfir bu cinayətin erməni millətçiləri və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirildiyini vurğulayaraq, indiyədək dünya ictimaiyyəti tərəfindən ermənilərin bu dəhşətli əməllərinə bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymət verilmədiyini təəssüflə qeyd edib. Sonra Xocalı soyqırımını əks etdirən "Məhv edilmiş şəhər" adlı filmi ərəb dilində nümayiş etdirilib.
Azərbaycan-Səudiyyə Ərəbistanı Dostluq Cəmiyyətinin həmsədri İzzət Müfti çıxış edərək, filmdəki dəhşətli səhnələrin terrorun din və milliyyətinin olmadığını bir daha sübuta yetirdiyini, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə, insanlığa qarşı vəhşilik olduğunu söyləyib. İ.Müfti islam dünyası tərəfindən Azərbaycanın haqq səsinin dəstəklənməsi məqsədi ilə beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi üçün erməni millətçilərinə təzyiqlər edilməsinin vacibliyini vurğulamış və Ermənistan rəhbərliyinin bu məsələdə birbaşa məsuliyyət daşıdığını deyib.
Sonra səfirliyin birinci katibi T.Qafarov Xocalı soyqırımının törədilməsinə dair siyasi qərarın Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi haqqında faktların mövcudluğunu vurğulamış, bu faciəni törədənlərin bir qisminin müəyyənləşdirilməsi və onların beynəlxalq mühakiməyə cəlb olunması məqsədi ilə axtarışın elan edildiyini söyləyib. T.Qafarov "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində 2008-2009-cu illərdə dünya ölkələrində keçirilmiş tədbirlər haqqında məlumat vermiş, bu kampaniyaya dair internet saytı ilə tədbir iştirakçılarını tanış edib. 2010-cu ildə də dünya dövlətlərinin liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlandığını vurğulamış, ictimai qurumlarının nümayəndələrini, sadə vətəndaşları bu təşəbbüsə qoşulmağa çağırıb. İştirakçıların əksəriyyəti müraciətə həmrəylik nümayiş etdirərək, adıçəkilən sənədi imzalayıblar.
Tədbir çərçivəsində "Dəyirman" qrupu və Toni Bləkmənnin "Xocalıya ədalət" klipi nümayiş etdirilib.