Ekoloji mühitin yaxşılaşdırılması üçün mühüm işlər görülür
Ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarmışdır. Ekologiya problemlərinin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının təsdiq edilməsi və bu Sərəncamın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilməsi artıq yüksək inkişafın, dövlətin vətəndaşına qayğısının və Azərbaycanda beynəlxalq standartların mövcudluğunun göstəricisidir.
Son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması, eləcə də, ətraf mühitin sağlamlaşdırılması, xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə məsələləri ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır. Nadir təbii şəraitə, zəngin sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərilmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ekoloji tədbirlərin gücləndirilməsi işində artıq İlham Əliyev cənabları tərəfindən praktiki addımlar atılır.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan olunması Azərbaycan Prezidentinin ekologiya və ətraf mühitin mühafizəsinə, insanların sağlamlığının qorunmasına diqqət və qayğının bir daha bariz nümunəsidir. Bu, o deməkdir ki, il ərizində ekoloji məsələlərin həllinə böyük diqqət göstəriləcək, bu istiqamətdə əhəmiyyətli işlərin görünməsinə xüsusi diqqət ayrılacaq.
Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması vacib məsələlərdəndir. Neft tullantıları ilə çirklənmiş gölməçələr, məişət tullantılarının utilizasiyası məsələləri artıq ekoloji mühitdə müəyyən problemlərin yaranması ilə nəticələnib. 2010-cu il Azərbaycanda Ekologiya ili elan edilməsi bütün insanlar tərəfindən müsbət qarşılanıb və ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir.
Ekoloji məsələlər sırasında olan havanın çirklənməsi Azərbaycanda Avropa standartlarına uyğunlaşdırmalıdır. Havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür ki, bu da insanların sağlamlığı, həm onların fiziki qabiliyyətinin artırılmasında mənfi təsirini göstərir.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı üzrə fəaliyyət davam etdirilir. Artıq 12 rayonun 122-dən çox kəndində yekunlaşdırılmış işlər nəticəsində 224 min əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bunun üçün həm də 1300-ə qədər bulaqbölüşdürücü məntəqə, 600 kilometrdən çox su xətti inşa edilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron yarımadasında modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılmışdır.
Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Təkcə son üç ildə 32 min 211 hektar ərazidə meşəbərpa tədbirləri aparılmışdır. Sevindirici haldır ki, son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara qaldırılmışdır ki, bu da respublikada meşə ilə örtülü ərazilərin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir. Bu göstəricilər beynəlxalq peykdən müşahidə təşkilatlarının təhlillərində də təsdiqini tapmışdır.
Qabaqcıl dünya təcrübəsinə və yeni texnologiyaların tətbiqinə diqqət nəticəsində ölkədə müasir ekoloji monitorinq sistemi yaradılmışdır. Ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədi ilə respublikanın müxtəlif bölgələrində, o cümlədən, ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilmişdir. Çoxfunksiyalı və avtomatik rejimdə işləyən müasir cihazlar havada, suda və torpaqda 3 mindən artıq çirkləndiricini təyin etməyə imkan verir. Nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd rayonlarda və Pirallahı adasında radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır ki, həmin şəbəkədən artıq avtomatik rejimdə məlumatlar həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətinə, bilavasitə, mərkəzinə, həm də Fövqəladə Hallar Nazirliyinə ötürülür.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədlə modul tipli sutəmizləyici qurğular quraşdırılmış 122 kəndə əlavə, hazırda 18 rayonun 63 kəndində də həmin istiqamətdə işlər gedir. Nəticədə daha 125 min insan təmiz içməli su ilə təmin olunacaqdır. Eyni zamanda, daha 132 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması üçün hazırlanmış layihə-smeta sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılır.
Xəzər dənizinin çirklənmədən qorunması məqsədi ilə Abşeron yarımadasının şimal sahilboyu ərazilərində qurulmuş modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət Xəzər dənizinin ekoloji mühitinin mühafizə sisteminin cənub istiqamətində davam etdirilməsidir. Mövcud 6 stansiyanın fəaliyyəti diqqət mərkəzindədir və səmərəli işini davam etdirir.
Prioritet istiqamətlərdən biri də atmosfer havasının mühafizəsidir. Burada əsas çirklənmə avtonəqliyyat vasitələri ilə bağlıdır. Əgər sovet dövründə Azərbaycan Respublikası atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton çərçivəsində atırdısa, o dövrdən qalan iqtisadiyatın əsaslı surətdə yenidən qurulması və bir neçə dəfə böyüməsi nəticəsində bu dəqiqə atmosferə atdığımız karbon birləşmələri və çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir.
Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması prosesi uğurla davam edir. Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz-toztutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir. Bakıda məişət tullantıları zavodunun tikintisi başlamışdır. Bu böyük maliyyə vəsaiti tələb edən layihə olsa da, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əvəzolunmaz rol oynayacaq layihədir.
Artıq ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmiş, 5 dövlət proqramı təsdiq edilmişdir. Qeyd etdiyimiz kimi, Kür-Araz ovlağı ərazisində 225 min insan ümumdünya səhiyyə təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilmiş, bu layihənin 800 min insanı əhatə edəcəyi nəzərdə tutulmuşdur. Abşeron yarımadasının sahilboyu ərazisində 17 təmizləyici stansiya istismara verilərək, Xəzər dənizinin ekoloji mühitinin mühafizə sistemi yaradılmışdır. Bakı və Abşeron yarımadasında on minlərlə hektar torpaq çirkab və tullantılardan təmizlənmiş, həmin ərazilərdə yaşıllıq massivləri salınmışdır. Son illər meşə sahələrinin ərazisi 60-70 min hektar artmışdır. Ekologiya ili çərçivəsində 4 min hektar yaşıllıq salınacaq. Mühafizə olunan ərazi 4-5 faizdən 10,1 faizə çatdırılmış, ölkədə 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir.
Prezident İlham Əliyev cənablarının dediyi kimi, 2010-cu il Azərbaycan tarixində, nəinki "Ekologiya ili" kimi qalacaq və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır.