PDF Oxu

Siyasət

  • 13

Məcburi köçkünlərin sosial müdafiəsi gücləndirilir

Məcburi köçkünlərin sosial müdafiəsi gücləndirilir
Azərbaycanda son illərdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri geniş vüsət alıb. Bu sahədə xüsusi dövlət proqramları işlənib hazırlanıb və həyata keçirilib. Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq, 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə qərara alıram:
1. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 (on dörd) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə edilən təcavüz nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısı, onların sosial müdafiəsinin möhkəmləndirilməsi həmişə önə çəkilib, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, layihələr həyata keçirilib.
Prezident İlham Əliyev Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının çox uğurla icra edildiyini vurğulayır: "2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, növbəti 5 ildə Azərbaycanda bir çadır şəhərciyi də qalmayacaq. Biz bu məqsədə 4 il ərzində nail ola bildik.
Artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər. Bu siyasət 2000-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlamış, ilk qəsəbə 2003-cü ildə Biləsuvar rayonunda salınmışdı. İndiyə qədər isə 100 mindən çox insan yeni evlərə köçürülmüşdür".
Qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq normalara tam uyğün hüquqi bazanın yaradılması, "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi, davamlı olaraq, onların sosial problemlərinin həlli ilə bağlı bir sıra önəmli işlərin həyata keçirilməsi yağı düşmənin ölkəmizin ərazisinə təcavüzü nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş, ağır həyat şəraitinə, çətin məhrumiyyətlərə düçar olmuş soydaşlarımıza göstərilən qayğının bariz nümunəsidir.
Cəmiyyətimizin ən kövrək təbəqəsi sayılan bu insanların sosial problemlərinin həllinə ümummilli lider Heydər Əliyev çox qayğı və diqqətlə yanaşırdı. Dövlət başçısının 2001-2002-ci illərdəki üç fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış külli miqdarda vəsait hesabına qısa bir müddətdə 18 şəhər və rayonda, bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə salınıb.
Dörd yüz min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 2 xəstəxana, 16 tibb məntəqəsi tikilib. O cümlədən, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km elektrikötürmə xətti, 133 km irriqasiya su kəməri və s. sosial obyektlər istifadəyə verilib. Bununla da, 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb və ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsinin hamısı ləğv edilib.
Təqdirəlayiq haldır ki, əsası ulu öndər tərəfindən qoyulmuş bütün işləri bu gün Prezident İlham Əliyev davam etdirir. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yenə də dövlətin və onun rəhbərinin diqqət mərkəzindədir. Son 6 il ərzində öz yurd-yuvalarından didərgin düşmüş insanların sosial probleminin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20-dək fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti isə onların icrası ilə əlaqədar 70-dək qərar və sərəncam qəbul edilib.
Təkcə 2007-ci ildə Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı bir sərəncam, hökumət isə, 17 qərar qəbul edib. O cümlədən, ötən il məcburi köçkünlər üçün Ramana qəsəbəsində 450 evdən ibarət yeni qəsəbə salınıb. Torpağının çox hissəsi erməni işğalı altında olan Ağdam rayonunun Quzanlı kəndinin ərazisində Beynəlxalq Olimpiya İdman Kompleksi tikilib.
Dövlət Neft Fondu və büdcə hesabına dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 304 milyon manat məbləğində vəsaitdən istifadə olunub. Hər il bir nəfər məcburi köçkünə dövlət orta hesabla 500 manat pul xərclənib. Məhz bunun nəticəsidir ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq həddi 72,5 faizdən 20 faizə endirilib.
Ölkə ərazisində sonuncu çadır şəhərciyi ləğv edilib, buradan 52 min məcburi köçkün yaşayış üçün tam təmin edilmiş qəsəbələrə köçürülüb. Onu da qeyd edək ki, məcburi köçkünlərə ödənilən aylıq müavinətlər 50 faizə qədər artırılıb. Bu illər ərzində Dünya Ərzaq Proqramı layihəsi üzrə 130 min, Dövlətqaçqınkom tərəfindən isə 140 min məcburi köçkünə ərzaq yardımı davam etdirilib, bu sıradan olan insanların kommunal xidmətlərinə 77 milyon manat ödənilib.
O cümlədən, 110 beynəlxalq humanitar və milli qeyri-hökumət təşkilatı qaçqın və məcburi köçkünlərə yardım və köməklik göstərir. Həmçinin, beynəlxalq humanitar təşkilatlar tərəfindən 1993-2009-ci illərdə 1 milyard ABŞ dolları məbləğində müxtəlif layihələr həyata keçirilib.
Xatırladaq ki, məcburi köçkünlərə dövlətimiz tərəfindən bir sıra yuksək imtiyazlar verilib. Belə ki, onların dövlət tibb müəssisələrində tam pulsuz müayinə, müalicə edilməsi, dövlət təhsil müəssisələrində ödənişli qaydada oxuyan tələbələrin təhsil haqqı verməməsi, mənzil-kommunal xərclərindən azad olunması, köçkün ailəsinin hər birinə qış mövsümündə ayda 40 litr ağ neft verilməsi və s. yuxarıda sadaladıqlarımıza ən yaxşı misaldır.
Onu da qeyd edək ki, keçən il Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 78 min məcburi köçkünün faydalandığı 100 mikrolayihə həyata keçirilib və bu məqsədlə 8,3 milyon ABŞ dolları civarında vəsait xərclənib.
Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2007-ci ildə "Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi layihəsi" imzalanıb. Sözügedən layihə çərçivəsində Yaponiya Sosial İnkişaf Fondu tərəfindən verilən 2 milyon ABŞ dolları həcmində qrant hesabına məcburi köçkün gənclər üçün müxtəlif idman sağlamlıq, mədəniyyət, kompyuter mərkəzləri təşkil edilib.
"Mən əminəm ki, biz bütün rayonları işğalçılardan azad edəndən sonra hər yerdə böyük quruculuq-abadlıq işləri gedəcək, bütün infrastruktur bərpa olunacaq, evlər, məktəblər tikiləcək" deyən ölkə başçısının apardığı məqsədyönlü siyasət, tutduğu prinsipial mövqe nəticəsində, inanırıq ki, qaçqın və məcburi köçkünlərimiz tez bir zamanda öz doğma yurd-yuvalarına dönəcəklər. Burada dövlətətimiz tərəfindən onlara yaradılan yaxşı şərait də, edilən yardımlar da, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

Digər xəbərlər