PDF Oxu

Siyasət

  • 7

Abadlıq və quruculuq işləri uğurla davam edir

Abadlıq və quruculuq işləri uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün obyektə gəldi. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4664 kvadratmetr olan üçmərtəbəli binanın 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşəcək. Burada, həmçinin iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil ediləcəkdir. Salonda İtaliyadan gətirilmiş ən müasir texnika - tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlar quraşdırılacaq.
Prezidentə məlumat verildi ki, sahəsi 1721 kvadratmetr olan binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik üç görüş və konfrans zalları yerləşəcək. İkinci mərtəbədə, həmçinin 250 yerlik restoran da fəaliyyət göstərəcək. Burada da müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə 8 ofis və görüş otaqları vardır. Binanın bütün mərtəbələrində ən müasir mebellər və avadanlıq quraşdırılacaq, dünya standartlarına cavab verən liftlər və eskalatorlar işləyəcəkdir. Bakı Biznes Mərkəzi ən müasir tələblərə cavab verən havalandırma sistemi və yanğınsöndürmə avadanlığı ilə təchiz olunub. Mərkəzin ərazisində Dənizkənarı Milli Parka xüsusi yaraşıq verən fəvvarə də quraşdırılıb. Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı tikintinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər