PDF Oxu

Siyasət

  • 7

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2010-cu ilin 1 yanvar tarixinə: bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; 1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Sərəncamda göstərilir ki, Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 (on dörd) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Digər xəbərlər