PDF Oxu

Siyasət

  • 14

Bölgələr dinamik şəkildə inkişaf edir

Bölgələr dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri

Ağdaş şəhərində ulu öndərin abidəsini ziyarət

 Prezident İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gəlib. Ölkəmizin ümumi inkişaf dinamikasına uyğun olaraq son illər Ağdaş rayonunun sosial-iqtisadi həyatında da mühüm dəyişikliklər baş verir. Rayonda 2009-cu ildə ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 1,6 dəfə, sənaye məhsulunun həcmi 4 dəfə artıb. Əsas kapitala yönəldilən investisiyaların və tikinti işlərinin həcmi 2,6 dəfə çoxalıb. Ötən il Ucar-Yevlax yolunun rayon ərazisindən keçən hissəsinin yenidən qurulması yekunlaşıb, Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilən Olimpiya-İdman Kompleksinin tikintisi başa çatıb. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi istifadəyə verilib, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatmış, mərkəzi avtomat telefon stansiyasının (ATS-in) elektron ATS-lə (EATS) əvəz edilməsində son tamamlanma işləri görülüb. 2003-2009-cu illərdə rayonda 110/35/10 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyası tikilib istifadəyə verilib. "Şəmsabad" qaz-paylayıcı stansiyası yenidən qurularaq işə salınıb və 23 kəndə təbii qaz verilib. Son 7 ildə rayonda 1672 şagird yeri olan 6 məktəb binası və 800 şagird yeri olan 40 sinif otağı tikilib, 4 məktəb binası əsaslı təmir olunub. Rayonda əlillər və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası, Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi üçün yeni inzibati bina və 9 saylı Ərazi Vergilər İdarəsinin xidmət terminalı tikilib. 2003-2009-cu illərdə rayonda 4500-ü daimi olmaqla 12 mindən çox yeni iş yeri açılmışdır. Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzindəki Heydər Əliyev adına istirahət parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi ilə tanış olub
Fevralın 12-də Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısı məktəbin qarşısında Azərbaycan muğam üçlüyünün heykəllərinə baxdı. Məlumat verildi ki, tikintisinə 2008-ci ilin martında başlanmış musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə verilib. Ağdaş şəhərinin mərkəzində 5500 kvadratmetr sahədə tikilmiş məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı və muzey vardır. Məktəb lazımi inventar və avadanlıqla təmin olunub, ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb. Məktəbin ayrıca havalandırma sistemləri və transformator stansiyası vardır. Xalq artisti Habil Əliyevə həsr olunmuş muzeyə baxan dövlətimizin başçısı burada kamança ustadı ilə söhbət etdi. Prezident İlham Əliyev dərs otaqlarında və konsert salonunda uşaqların ifasını dinlədi.

Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsi ilə bağlı rəmzi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilib. Asiya İnkişaf Bankının və Böyük Britaniyanın "Skott Vilson" şirkətinin mütəxəssisləri tərəfindən Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 2002-2003-cü illərdə texniki-iqtisadi əsaslandırma işləri aparılıb. Qəbul edilmiş texniki-iqtisadi əsaslandırmaya əsasən Qolqəti kəndinin ərazisində 5 artezian quyusu qazılaraq, içməli su burada inşa ediləcək anbarlara vurulacaqdır. Anbarlarda xlorlanmış suyu nasos stansiyası iki xətlə şəhərə nəql edəcək. Eyni zamanda, layihəyə əsasən şəhərin su və kanalizasiya sistemi yenidən qurulacaq. Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu inşa ediləcək. Texniki-iqtisadi əsaslandırmaya görə bu iş üçün xərclərin 75 faizini Asiya İnkişaf Bankı, qalan 25 faizini isə Azərbaycan hökuməti kredit şəklində ödəyəcək. Əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay ərzində reallaşdırılması nəzərdə tutulur.
Qeyd olundu ki, bu günə qədər layihə çərçivəsində 3 artezian quyusu qazılmış, suqəbuledici qurğu, nasos stansiyası, 2 min kubmetrlik su anbarı və xlorlaşdırma binası inşa edilib, 2600 metr magistral boru xətti çəkilmiş, həmçinin su-kanal idarəsinin inzibati binasının və istehsal bazasının tikintisi başa çatdırılıb. Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində 35 min adam içməli su ilə təmin ediləcək. Prezident İlham Əliyev rəmzi açılışı bildirən düyməni basdı, mərasim iştirakçılarını təbrik etdi. Akademik Bəkir Nəbiyev diqqət və qayğıya görə ağdaşlıların minnətdarlığını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və kompleks ilə yaxından tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2006-cı ildə başlanılıb. Ümumi ərazisi 5,5 hektar olan Olimpiya-İdman Kompleksi əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3 kottecdən və digər yardımçı binalardan ibarətdir. Örtülü idman meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın içindəki 1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484 kvadratmetrdir. Bu meydançada voleybol, basketbol, həndbol, güləş, boks yarışları keçiriləcək. Bundan əlavə, binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları vardır. Üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada 192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları vardır. Mini futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri olan tribuna, soyunub-geyinmə, həkim və hakim, duş və sair xidmət otaqları daxildir. Kompleks üçün artezian quyusu qazılmış, su nasosu quraşdırılmış və iki su anbarı tikilib. Havalandırma sistemləri ilə təchiz edilmiş kompleksə daxil olan bütün tikililərin fasadına alkapon üzlük çəkilib. Kompleksin həyəti abadlaşdırılmış, yaşıllıq salınmış və gül kolları əkilib. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşdü, onları yeni idman qurğusunun istifadəyə verilməsi münasibətilə təbrik etdi. Şəhər ictimaiyyətinin nümayəndəsi Şəhla Hacıbalayeva ağdaşlılar adından dövlətimizin başçısına minnətdarlıq etdi.

Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməli qoyulub
Prezident İlham Əliyev fevralın 12-də Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində inşa olunacaq 100 çarpayılıq yeni mərkəzi rayon xəstəxanası üçün Ağdaş şəhərinin girişində 5,3 hektar torpaq sahəsi ayrılıb. Tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Xəstəxana kompleksi 6 korpusdan ibarət olacaq. İki ilə istifadəyə verilməsi nəzərdə tutulan binanın ətrafında abadlıq işləri aparılacaq və yaşıllıq zolaqları salınacaq. Eyni zamanda, layihədə ayrıca nasosxana, qazanxana, generator, transformator, mühafizə üçün binalar və su anbarının tikilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığı tökdü. Dövlətimizin başçısı xəstəxanaya hədiyyə etdiyi təcili tibbi yardım maşınlarının texniki təchizatı ilə tanış oldu.
Səhiyyə işçilərini təbrik edən Prezident İlham Əliyev onlara uğurlar arzuladı.
Prezident İlham Əliyev Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə məlumat verildi ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir-Abşeron enerji təminatının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulub. Yarımstansiyanın tikintisi üçün 15 hektar torpaq sahəsi ayrılıb. Tikinti-quraşdırma işlərinin 15 ay ərzində başa çatması nəzərdə tutulub. Layihə çərçivəsində 125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq, Mingəçevir-Abşeron xətti üzrə 251 kilometr uzunluğunda elektrik xətti dəyişdiriləcəkdir. Layihə Azərbaycanın "AZENKO" və Fransanın "Arivo" şirkəti tərəfindən həyata keçiriləcək. Tikinti işlərinə yanvarın əvvəlində başlanılıb. Ərazi abadlaşdırılıb, ətrafı hasarlanıb, 3 minə yaxın ağac əkilmiş, işıqlandırma xətti çəkilib, obyektə gedən yola asfalt döşənib. Prezident İlham Əliyev gilizi özülə buraxdı və beton qarışığının tökülməsi üçün düyməni basdı, inşaatçılara uğurlar arzuladı. Bununla da dövlətimizin başçısının Ağdaş rayonuna səfəri başa çatdı.

Prezident İlham Əliyev Göyçay şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçay rayonuna gəlib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Göyçay şəhərində Heydər Əliyev Mərkəzi açılıb
Fevralın 12-də Prezident İlham Əliyev Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı mərkəzin yerləşdiyi əraziyə baxdı.

Burada yaşıllıqlar salınıb, dekorativ kollar və ağaclar əkilib, fəvvarələr quraşdırılıb. Heydər Əliyev Mərkəzinin qarşısında isə uzunluğu 40 metr, hündürlüyü 6 metr olan şəlalə-fəvvarə kompleksi yaradılıb. Belə bir kompleks respublikamızda hələlik yeganədir. Şəlalənin divarlarında yandırılmış keramik üzlükdə boya ilə dövlət atributları, rayonun müxtəlif mənzərələri, artıq ənənəyə çevrilmiş Nar bayramının təsvirləri və Göyçayda son 5 ildə inşa olunan tikililərin şəkilləri əks olunub. Şəlalənin ətrafında istirahət üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu.
Məlumat verildi ki, klassik memarlıq üslubunda tikilən və ümumi sahəsi şəlalə kompleksi ilə birlikdə 1,5 hektar olan Heydər Əliyev Mərkəzinin inşasına 2009-cu ildə başlanılıb. Birinci mərtəbədə ümummilli liderin həyat və fəaliyyətini, ulu öndərin 1978-ci ildə Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Burada quraşdırılmış monitorlar vasitəsilə ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntülər nümayiş olunur. Mərkəzdə xalqımızın xilaskar oğlunun dünyanın bir sıra ölkələrində ucaldılan abidələrini əks etdirən fotoguşə də yaradılıb. Burada 3 virtual sinif, 24 nəfərlik konfrans zalı, kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, elektron idarəetmə mərkəzi və ən müasir xidməti otaqlar fəaliyyət göstərir.
Binanın ikinci mərtəbəsində şagirdlərin Azərbaycanın ədəbiyyatını və zəngin tarixini dərindən mənimsəmələrinə kömək məqsədi ilə xüsusi dərnəklər təşkil edilib. Burada elektron idarəetmə otağı, kitabxana, multimedia otağı, elektron kitabxana vardır. Mərkəzdə rəsm və şahmat dərnəkləri də fəaliyyət göstərəcək. 310 yerlik böyük iclas zalı respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zalda quraşdırılmış ən müasir avadanlıq vasitəsilə sinxron tərcümə və izahlı beynəlxalq konfransların keçirilməsi mümkündür. Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı, burada görülmüş işləri yüksək qiymətləndirdi.
Göyçay rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham ƏLİYEV göyçaylıları təbrik edərək dedi:
-Gözəl mərkəzin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Heydər Əliyev Mərkəzinin binası doğrudan da çox gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda, müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur. Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə istifadə etsin.
Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, eksponatlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir. Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz 1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar. Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi. Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur.
Əfsuslar olsun ki, xalqımız üçün ən çətin anlarda, Sovet İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər. Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki, bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə çevrildi.
2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir. Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik. Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq.
2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi - həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları istifadəyə verildi. 2009-cu ildə Azərbaycan vətəndaşları demək olar ki, bu böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı. Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və bunu da edirik. 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına. Hamımız bilirik ki, 2009-cu ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün layihələrin icrası davam etdirildi.
2009-cu ildə iqtisadiyyatımız, ən yüksək templərlə artıbdır. 2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə də Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin inkişafını təmin edən və göstərən vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu məqsədlə bütün layihələr plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi uğurla icra edilir. Əminəm ki, biz 2013-cü ilə qədər bu proqramın uğurlu icrasına nail olacağıq.
Bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılır, gözəl binalar tikilir. Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında da bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıbdır. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir, yaxşı nəticələr göz qabağındadır. Bu gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün, kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir. Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.
Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının, digər sahələrin, emal sahələrinin inkişafı üçün lazımi tədbirlər görülür. Mən ümid edirəm ki, Göyçay həmişə olduğu kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi inkişaf sahəsində ön sıralarda olacaqdır. Bütün bu işləri görmək üçün əlbəttə ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik vardır və mən ümid edirəm ki, Göyçayın uğurlu inkişafı növbəti illərdə davam edəcəkdir. Bu işlərdə sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün işlər yüksək səviyyədə aparılsın. Bir daha gözəl, möhtəşəm, əzəmətli Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi təbrik edirəm.
X X X
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Aqil MƏMMƏDOV Göyçayda aparılan yenidənqurma və abadlıq işlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Çinarlı, narlı Göyçayımıza xoş gəlmisiniz, möhtərəm cənab Prezident. Biz bu gün Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə göyçaylıların dərin məhəbbətlə, hörmətlə ucaltdıqları möhtəşəm mərkəzin açılışında iştirak edirik.

Siz Heydər Əliyev ideyalarının davamçısısınız. Heydər Əliyev ideyalarını inkişaf etdirən, davam etdirən, ölkəmizi iqtisadi qüdrətə çatdıran bir insansınız. Sizin bu gün bizimlə birlikdə olmağınız, sevincimizə şərik olmağınız bizi sevindirir, daha da ruhlandırır. Minnətdarıq ki, Siz bu gün bizimləsiniz. Bütün göyçaylılar bundan qürur hissi duyur.
Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev özünün müdrik siyasəti, qətiyyəti sayəsində Azərbaycanın bugünkü inkişafının təməl daşını, bünövrəsini qoyub. Azərbaycanın bugünkü rifahının əsası məhz ulu öndərimiz tərəfindən qoyulmuşdur. Siz isə onu inkişaf etdirirsiniz, daha yüksəklərə qaldırırsınız. Sizə ürəkdən minnətdarıq.
Möhtərəm cənab Prezident, biz inanırıq ki, bu gün açılan bu mərkəz tez bir zamanda bütün göyçaylıların mənəvi və mötəbər inanc yerinə, əsl məbədgaha çevriləcəkdir. Biz gənclərimizi burada ulu öndərimizin zəngin həyat və fəaliyyətinin timsalında tərbiyə edəcəyik, onlara Vətənə, xalqa Heydər Əliyev kimi xidmət etməyi öyrədəcəyik. Bizim bu mərkəzin ekspozisiyası, orada yaradılacaq dərnəklər, zəngin kitabxana, keçiriləcək silsilə tədbirlər yeni-yeni nəsil yetişdirəcəkdir. O nəsil Sizin etibarlı köməkçiləriniz olacaqdır, cənab Prezident. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın əsas təməlini, bünövrəsini Heydər Əliyev qoyubdur. Amma onu daha da inkişaf etdirən, irəli aparan Sizsiniz. Buna görə Sizə minnətdarıq.
Möhtərəm Prezident, Sizin televiziyada çıxışınız, "Avropa xəbərləri" televiziyasındakı çıxışınız hər bir azərbaycanlının, o cümlədən göyçaylıların ürəyincə oldu. Siz orada çox yaxşı dediniz ki, Azərbaycan inkişaf edir. Hər bir azərbaycanlı bu gün daha yaxşı yaşayır. Keçənilki böhran dövrünə baxmayaraq, Azərbaycan iqtisadiyyatı durmadan artır. Valyuta ehtiyatlarımız artır. Müxalifət ancaq tənqidlə məşğuldur. Biz isə buna etiraz etmirik. Cənab Prezident, elə biz də bunu görürük, elə biz də etiraz etmirik.
Möhtərəm Prezident, bu gün bütün Azərbaycanda olduğu kimi, Göyçayda da inkişaf göz qabağındadır. Bu gün göyçaylıların üzü gülür, işsizlik sürətlə azalır. Bu gün xalqın rifah halı yüksəlir. Bax elə bu gün Siz Göyçayda Olimpiya-İdman Kompleksini, içməli su şəbəkəsini istifadəyə verəcəksiniz, onların açılışında iştirak edəcəksiniz. Bu gün elektrik stansiyasının bünövrəsinin qoyulmasında iştirak edəcəksiniz. Elə bax bu günlərdə Sizin göstərişinizə əsasən rayonumuza ən müasir avadanlıqla təchiz olunmuş iki yeni təcili yardım maşını verilmişdir. Bu, Sizin bizə olan qayğınızın, hörmətinizin, bütün Azərbaycan xalqına olan məhəbbətinizin, hörmətinizin bariz nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarıq. Bu mötəbər, möhtəşəm mərkəzin açılışında biz Azərbaycan mədəniyyətinin, elminin, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun, Fondun prezidenti, millət vəkili, möhtərəm Mehriban xanımın yorulmaz əməyini xüsusi qeyd edirik. Biz xahiş edirik ki, göyçaylılar adından bizim hörmət və ehtiramımızı Mehriban xanıma çatdırasınız. Hörmətli cənab Prezident, bu gün Sizin fəaliyyətiniz, bu gün ölkəmizdə gedən bütün quruculuq işləri bizdə ümid yaradır ki, Azərbaycan öz inkişaf templərinə görə hələ uzun illər dünyanın ən qabaqcıl ölkələri sırasında olacaqdır. Sizin adınıza Göyçayda çox abidələr ucaltmaq olar, amma onun ən möhtəşəmini, hörmətli Prezident, Siz artıq bu gün göyçaylıların qəlbində ucaltmısınız. Sizə minnətdarıq.
Tanrı özünün sevimli bəndələrini həmişə pənahında saxlayır. Tanrı Sizi qorusun. Çox sağ olun, Sizə minnətdarıq.
X X X
Sonra Göyçay ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub Prezident İlham Əliyev fevralın 12-də Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub. Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar. Bildirildi ki, Göyçay şəhərinin su təchizatı probleminin həlli Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilib. Layihənin həyata keçirilməsi nəticəsində şəhər əhalisi keyfiyyətli içməli su ilə təmin ediləcək, bütün ərazi kanalizasiya şəbəkəsi ilə əhatə olunacaq.
Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə, həmçinin su təchizatı sisteminin mənbəyinə və baş sxeminə baxdı.
"Azərsu" ASC-nin prezidenti Nizaməddin Rzayev dövlətimizin başçısına məlumat verdi ki, Potu kəndinin ərazisində 7 artezian quyusu qazılacaq. Çıxarılan içməli su bu ərazidə inşa edilən anbarlara yığılaraq, nasos stansiyasından şəhər ərazisindən keçən iki xətlə yüksəkliklərdə tikilən və hər birinin 2 min ton tutumu olan anbarlara vurulacaqdır. Sonra içməli su xlorlanaraq, öz axarı ilə şəhərin bütün ərazisinə paylanacaq. Layihəyə əsasən şəhər kanalizasiya şəbəkəsi də əsaslı surətdə yenidən qurulacaqdır. Kanalizasiya şəbəkəsi olmayan ərazilərə yeni xətlər çəkiləcəkdir. Çirkab sularını təmizləmək üçün isə Şəhadət kəndinin ərazisində qurğu inşa ediləcəkdir. Bu günə qədər 3 artezian quyusu qazılmış, 4 min metr daşıyıcı su kəməri çəkilmiş, iki su anbarı, istehsalat bazası, inzibati bina, nasos stansiyası, xlorlayıcı qurğu inşa edilib. Prezident İlham Əliyev artezian quyulardan çıxarılaraq şəhərin şimal hissəsindəki yüksəkliklərdə yerləşən anbara vurulacaq içməli su kəmərini işə saldı.

Dövlətimizin başçısı Göyçay Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Göyçay Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə Olimpiya-İdman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Son illər Göyçayda da inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi vardır. Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Kompleksdə ən yüksək səviyyəli yarışlar keçirmək mümkündür. Burada stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 15 metrdir. Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis kortları, mini futbol, voleybol və digər idman növləri üzrə meydançalar inşa edilmiş, futbol stadionu qurulub. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli mehmanxana və iki kottec tikilib. Göyçaylı idmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYEV rəmzi açılışı bildirən lenti kəsdi, idmançıları təbrik edərək dedi:
- Təbrik edirəm. Yaxşı, səmərəli istifadə edin. Kompleksdə idmançılar üçün yaxşı şərait yaratmışıq. Gərək idmançılar da öz gücünü göstərsinlər. Belə gözəl şəraitdə, gərək, gözəl nəticələr olsun. Siz, gərək bunu təmin edəsiniz. Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2006-cı ildə başlanılıb. Foyedə respublikamızda idmanın inkişafı sahəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri genişmiqyaslı tədbirlərdən bəhs edən fotoguşə yaradılıb. Prezident İlham Əliyev müasir avadanlıqla təchiz edilmiş trenajor zallarında, 635 tamaşaçı yeri olan böyük zalda yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısı idmançıların nümunəvi çıxışlarına baxdı. Prezident İlham Əliyev daha sonra kompleksin ərazisi ilə tanış oldu. Ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Dövlətimizin başçısına üzgüçülük hovuzu barədə də məlumat verildi. Burada üzgüçülük yarışlarının gedişini 252 tamaşaçı izləyə biləcəkdir. Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək qiymətləndirdi.

"Göyçay-1" Su Elektrik Stansiyasının təməli qoyulub
 Prezident İlham Əliyev fevralın 12-də "Göyçay-1" Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Son illər ölkəmizin enerjiyə olan tələbatının tam şəkildə ödənilməsi istiqamətində atılan mühüm addımlardan biri də bölgələrdə, rayon və kəndlərdə yeni elektrik stansiyalarının tikilməsidir. Bu baxımdan rayon və kəndlərdə inşa olunan kiçik su elektrik stansiyaları mühüm əhəmiyyət kəsb edir. Bu stansiyalardan biri də Göyçay rayonunun Bığır kəndinin ərazisindən keçən Yuxarı Şirvan kanalı üzərində tikiləcək müasir tipli su elektrik stansiyasıdır.
Prezident İlham Əliyev Bığır kəndindəki "Göyçay-1" Su Elektrik Stansiyasının tikiləcəyi əraziyə gəldi. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, inşa olunacaq "Göyçay-1" Su Elektrik Stansiyasının ərazisi 4 hektardır. Üç meqavat/amper gücündə olacaq stansiyada birmərtəbəli inzibati bina və üç turbindən ibarət maşın zalı inşa ediləcək. Hər turbinin gücü 1 MVA yaxın olacaq. Stansiyanın ərazisi abadlaşdırılıb, ətrafı hasarlanıb və burada 2 minə yaxın ağac əkilib. Ərazidə işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın tikintisində 50 nəfərə yaxın inşaatçı çalışacaq. Müəssisənin bu ilin sonlarınadək istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı stansiyanın prinsipial sxeminə və yaxın gələcəkdə tikilməsi planlaşdırılan kiçik su elektrik stansiyalarının yerləşmə xəritəsinə baxdı. Prezident İlham Əliyevə məlumat verildi ki, ümumilikdə ölkə ərazisində 7 zona üzrə 235 kiçik su elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bu da ölkədə elektrik enerjisi ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığını tökdü.
Bununla da dövlətimizin başçısının Göyçay rayonuna səfəri başa çatdı.

Digər xəbərlər