Davos Forumu Azərbaycan üçün uğurlu oldu
İsveçrənin Davos şəhərində ənənəvi olaraq keçirilən Dünya İqtisadi Forumunun sayca 40-cı toplantısı da başa çatdı. Dünya ölkələrinin yüksək rütbəli rəsmilərinin, iş adamlarının, 1200-dən çox KİV təmsilçisinin iştirak etdiyi forumda, xəbər verildiyi kimi, əsas müzakirə olunan məsələlər dünya iqtisadi böhranı və bu böhranın aradan qaldırılması yolları olub.
Azərbaycan Prezidenti İlham Əliyev də Forumda önəmli çıxışlar edib və xarici mediaya müsahibələr verib. "The Wall Street Journal" qəzetinə və "Bloomberg" informasiya agentliyinə verdiyi müsahibələrdə prezident Azərbaycanda neft və qaz istehsalı, energetika sahələrində görülən işlər, karbohidrogen ehtiyatlarının ixracı perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Ermənistan-Azərbaycan münaqişəsi və digər mövzularda sualları cavablandırıb. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yüksək önəm daşıyır.
İqtisadi forumun "Qlobal enerji mənzərəsi" mövzusuna həsr olunan iclasında çıxış edən dövlət başçısı bildirib ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaq: "Çünki nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin edilməsidir".
Prezident söyləyib ki, Azərbaycan qaz hasılatını 2-3 dəfə, bəlkə də daha çox artırmağı planlaşdırır. İlham Əliyev bunun üçün daha böyük həcmli boru kəmərlərinə ehtiyac olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı iştirakçılara Azərbaycanın nail olduğu iqtisadi inkişafı konkret rəqəmlərlə göstərib.
Qeyd edək ki, forumda dünya iqtisadiyyatının durumu ilə bağlı maraqlı fikirlər səslənib. Müzakirələr zamanı dünya iqtisadiyyatının inkişaf modelləri, dünya ölkələrinin təcrübələri masaya yatırılıb.
Ekspertlərin fikrincə, forum iqtisadiyyatın bir sıra sahələri üzrə təcrübə mübadiləsi aparmaq baxımından önəmlidir. Çünki forum başlıca olaraq elmi-nəzəri xarakter daşıyır. Yəni, burada qəbul olunan qərarlar hansısa məcburetmə qüvvəsinə malik deyil. Bununla belə, forumda müzakirə olunan əksər məsələlərin Azərbaycan üçün çox böyük önəmi var.
Azərbaycan son illərdə sürətli iqtisadi inkişafa nail olub. Ölkəmizin zəngin neft-qaz ehtiyatları var. Bu səbəbdən də, Davos İqtisadi Forumu yeni bazarlar axtarmaq baxımından da maraqlıdır. Azərbaycan fəal iştirakçılarından biri olduğunu bu dəfə də sübut etdi. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi üçün nə qədər önəmli rol oynadığını və etibarlı tərəfdaş olduğunu ortaya qoydu.
Prezident İlham Əliyevin "Qlobal enerji mənzərəsi" mövzusuna həsr olunan iclasında dediyi "Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin edilməsidir" fikri isə "Nabucco" boru kəməri layihəsinin iştirakçılarına mühüm mesaj idi.
Azərbaycan təbii qazın ixracı üçün çoxşaxəli istiqamətlərə üstünlük verir. İlham Əliyev üzünü layihənin iştirakçılarının diqqətinə çatdırdı ki, idxalçılar bu işdə daha maraqlı olmalıdırlar. Haqlı bir mesaj idi. Çünki ortalıqda ideya var, amma kimsə bu ideyanı həyata keçirmək istəmir.
Layihədə vacib rollardan biri Azərbaycana məxsus olsa da, qaz istehlakçılarından çox şey asılıdır. Maraqlı məqamlardan biri də ABŞ-ın hər vəhclə "Nabucco"da Ermənistanın iştirakını təmin etməyə çalışmasıdır. Lakin burada Azərbaycanın mövqeyi qəti rol oynadığından, bu, baş tutmayacaq. Prezident verdiyi müsahibələrdə, həm də keçirdiyi görüşlərdə Azərbaycanın enerji siyasətinin nədən ibarət olduğunu yenidən maraqlı tərəflərin nəzərinə çatdırıb.
"Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilmiş ilk iclasda çıxış edən İlham Əliyev respublikamızın dinamik iqtisadi inkişafından, yeni neft strategiyasından, habelə, dünya iqtisadiyyatına sürətli inteqrasiyasından danışmış, həmçinin, Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bilavasitə təşəbbüsü ilə bir sıra qlobal enerji layihələrinin uğurla gerçəkləşdiyini bildirib, bu layihələrin dünya iqtisadiyyatı üçün əhəmiyyətini önə çəkib.
Həmin iclasda, əsasən, neft-qaz ölkəsi kimi tanınan ölkələrdə iqtisadi inkişafdan söhbət açılmış, həmçinin, mühüm neft-qaz ixracatçısına çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək dəyərləndirilib.
Eyni zamanda, iclasda neft sənayesinin son 100 illik tarixinə nəzər salınıb, enerji daşıyıcılarının dünya bazarlarına çatdırılması, bazar rejimi və sərmayə qoyuluşları çərçivəsində geosiyasi vəziyyətin dinamikasının dəyişildiyi bildirilib. Dünyada baş verən iqlim dəyişikliyi, neft hasilatının yüksək həddə çatması, qlobal enerji təhlükəsizliyi kimi məsələlər də geniş müzakirə edilib, bu nöqteyi-nəzərdən beynəlxalq əlaqələrin ön plana çıxarılması zəruriliyi qeyd olunub.
"Qlobal enerji mənzərəsi" adlanan iclasda Azərbaycanın enerji ehtiyatlarının nəqlində çoxşaxəliliyə üstünlük verdiyini ortaya qoyan Prezident İlham Əliyevin fikirləri Azərbaycanı "Nabucco"nun həyata keçirilməsində günahkar görənlərə çox yaxşı cavab idi. Prezident bildirib ki, "Nabucco"nu həyata keçirmək üçün liderə ehtiyac var. Çox haqlıdır ki, hansısa lider layihə ilə bağlı məsələlərin həllində qabağa düşməlidir. Hamı günahı bir-birinin üzərinə atmaqla geri çəkilir.
Prezident onu da vurğulayıb ki, enerji ehtiyatlarının istehsalı, tranziti və istehlakı ilə məşğul olan tərəflər arasında balans olmalıdır, balans olmadıqda isə, enerji təhlükəsizliyi ilə bağlı problemlər yaranır. Təbii qazın ədalətli qiymətləndirilməsini də qabardan İlham Əliyev söyləyib ki, ən mühüm məsələ etibarlı və uzunmüddətli bazarın təmin edilməsidir.
Aydındır ki, istehsalçı, tranzit və istehlakçıların imzaladığı müqaviləyə əməl etməsi çox vacibdir. Əgər hansısa ölkə siyasi səbəblərlə bağlı iqtisadi problemlər yaradacaqsa, bu, əlbəttə ki, dünyanın enerji təhlükəsizliyinə təhlükə törədir. Prezident İlham Əliyevin forum çərçivəsində çıxışı, bir daha göstərdi ki, Azərbaycan bütün ölkələr üçün olduqca etibarlı tərəfdaş ola bilər. Etibarlı tərəfdaşın nə qədər vacib olduğu keçən il Ukrayna ilə Rusiya arasında yaranan siyasi böhran zamanı bir daha üzə çıxdı".
Yeri gəlmişkən, dünən Azərbaycan və Türkiyə "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində əldə edilən Azərbaycan qazının qiyməti məsələsi barədə razılığa gəliblər. ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev bildirib ki, "birinci mərhələ çərçivəsində qiymət məsələsi razılaşdırılıb. İkinci mərhələ çərçivəsində bu məsələ, hələlik, razılaşdırılmayıb. Nəticə etibarilə də bütün paket üzrə qəti qərar qəbul edilməyib".
Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə arasında qaz sahəsindəki qarşılıqlı əlaqələr məsələlər paketi çərçivəsində müzakirə edildiyi üçün bir məsələnin digəri olmadan razılaşdırılması qəti razılığın olmamasından xəbər verir.
Tərəflər arasında müzakirə edilən paketə "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələsindən əldə edilən qazın qiyməti məsələləri, tranzit şərtləri və tranzitin dəyəri məsələləri daxildir.
Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 5-dən tətbiq olunmalıdır.
Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Bu yatağın işlənməsinin ikinci mərhələsində hər il 20 milyard kubmetr qazın əlavə olunması planlaşdırılır. "Şahdəniz"də ehtiyatlar 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
Davos Forumunun əsas məqamlarından biri də odur ki, Prezident İlham Əliyev bütün iştirak etdiyi toplantılardakı kimi sözügedən toplantıda da Azərbaycan həqiqətlərini iştirakçıların diqqətinə çatdırdı.
Forumun bizim üçün ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, Prezident İlham Əliyev həm "The Wall Street Journal" qəzetinə və "Bloomberg" informasiya agentliyinə verdiyi müsahibələrdə, həm görüşdüyü rəsmi şəxslərlə, həm də iştirak etdiyi "Qlobal enerji mənzərəsi" adlanan iclasda Azərbaycan həqiqətlərini dilə gətirdi.
Dövlət başçısı bir daha bildirdi ki, Azərbaycan problemin qarşılıqlı güzəştlərdən keçdiyini bilir. Amma bununla belə vurğuladı ki, bu güzəşt Dağlıq Qarabağa Azərbaycan daxilində verilən ən yüksək statusdan ibarət ola bilər.
Azərbaycan Prezidenti bir daha beynəlxalq ictimai rəyi ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumatlandırdı. Burada həm Dağlıq Qarabağ probleminin həlli yolları, eləcə də, Azərbaycanın enerji siyasəti bir daha qarşı tərəflərin diqqətinə çatdırıldı.
Ümumilikdə, Dünya İqtisadi Forumunu Azərbaycan üçün əlverişli hesab etmək olar. Ermənistan prezidentinin foruma dəvət edilməməsi isə çox maraqlı mətləblərdən xəbər verir ki, bu da, tamam başqa bir yazının mövzusudur.