PDF Oxu

Siyasət

  • 15

Davos forumu: Azərbaycan üçün yeni imkanlar mərhələsi

Davos forumu: Azərbaycan üçün yeni imkanlar mərhələsi

Prezident İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün bir sıra strateji imkanların əldə edilməsi ilə yadda qaldı. İlk növbədə, qeyd olunmalıdır ki, dünyanın 90 ölkəsindən 2400 nümayəndənin iştirak etdiyi bu mötəbər toplantıda Azərbaycan Prezidenti çıxış etməklə bir daha beynəlxalq ictimai rəyi ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumatlandırdı. Qeyd edək ki, Davos Forumu 38 ildir ki, ənənəvi olaraq keçirilir. Builki forumun əsas müzakirə mövzuları isə  qlobal istiləşmə, Asiya ölkələrinin iqtisadi inkişafı, İraq və Əfqanıstandakı vəziyyət idi.  Xatırladaq ki, Davos Forumu 1971-ci ildən keçirilir, bu dəfə toplantıya rekord sayda - 800 iri şirkətin rəhbərləri qatılıblar. Forum çərçivəsində 223 görüş və "dəyirmi masa" keçirilib.

Qeyd edək ki, Davos Forumunda, bir qayda olaraq, dünyanın bir çox ölkələrinin rəhbərləri, böyük şirkətlərin, korporasiyaların başçıları, qeyri-hökumət təşkilatlarının nümayəndələri bir neçə gün ərzində daha səmimi şəraitdə-"qalstuksuz" görüşərək iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlər arayır, investisiya qoyuluşunu təşviq edən konkret təklif və ideyalar irəli sürürlər. Bununla artıq 38 ildir ki, Davos şəhəri dünya iqtisadiyyatı ilə bağlı aparılan ciddi müzakirələrə ev sahibliyi edir. 1970-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab Avropa dövlətlərinin rəhbərlərinin İsveçrənin dağ şəhəri olan Davosda toplanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüs əsasında dünyanın bir çox ölkələrinin başçıları 1971-ci ilin yanvar ayında qlobal biznes idarəetmə təcrübələri ilə əlaqədar məsələləri müzakirə etmək üçün Davosda toplanırlar.
Bu hadisə Klaus Şvabı Avropa İdarəetmə Forumunu yaratmağa sövq edir. Təşkilatın Davosdakı illik iclası iqtisadi gündəliyi müəyyən edən qlobal sammit hesab olunur. 1977-ci ildən təşkilat ayrı-ayrı ölkələrin inkişafına yardım etmək üçün fərdi forumlar təşkil etməyə başlamışdır. Forum bu yolla bir çox perspektivli dövlətlərin dünya iqtisadiyyatına sıx inteqrasiyasına yardım göstərməyə çalışır. 1987-ci ildən isə qurum Ümumdünya İqtisadi Forumu adlandırılmış, 1988-ci ildə baş mənzil-qərargahı Davosdan Cenevrəyə köçürülmüşdür.
Ümumdünya İqtisadi Forumu (Davos Forumu) BMT-nin İqtisadi və Sosial Şurası yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir. Ümumdünya İqtisadi Forumu bugünün özündə də bəşəriyyətin üzləşdiyi mühüm problemləri müəyyənləşdirməyə kömək edir və onların müzakirəsi üçün iqtisadi platforma rolunu oynayır. Müstəqil fəaliyyət göstərən forumun başlıca vəzifəsi dünyanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün biznes və sosial sahədə əməkdaşlığı təmin etməkdən ibarətdir. Fəaliyyəti gəlir əldə etmək məqsədi daşımayan forum 3 əsas mənbə - 1000-dən artıq şirkətin üzvlük haqqı, strateji tərəfdaşlardan daxil olan vəsait və özəl şirkətlərin illik iclaslarda, regional iclas və sammitlərdə iştirak haqqı hesabına maliyyələşir. Ümumdünya İqtisadi Forumu mütəmadi olaraq illik iclaslar, habelə, regional iqtisadi sammitlər, ölkə üzrə tədbirlər keçirir.
Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə daha da inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Forumun beynəlxalq terrorizmlə mübarizədə həmrəylik əlaməti kimi 2002-ci ildə Davosda deyil, ABŞ-ın Nyu-York şəhərində keçirilmiş illik toplantısında ümummilli lider Heydər Əliyev iştirak etmiş, dərin məzmunlu nitqində qlobal və regional məsələlərlə bağlı fikirlərini açıqlamışdır. Ümumdünya İqtisadi Forumunun təşkilatçılığı ilə hər il keçirilən Avrasiya İqtisadi Zirvə toplantıları da Azərbaycan üçün olduqca mühüm əhəmiyyət daşıyır. Bu toplantılarda, əsasən, investisiya mühitinin vəziyyəti və region ölkələrinin imkanları, Mərkəzi Asiya-Cənubi Qafqaz regionlarından neft və qazın nəqli perspektivləri, təhlükəsizlik və əməkdaşlıq problemləri, regional layihələrin həyata keçirilməsi, bazar iqtisadiyyatının inkişafı və makroiqtisadi sabitliyin təmin olunması məsələləri, vergi və gömrük sistemində islahatlar, maliyyə sektorunun və informasiya texnologiyalarının inkişafı kimi mühüm məsələlər müzakirə edilir.
Bu dəfə keçirilmiş ənənəvi Davos Forumuna gəlincə, tədbirdə dünyanın 90-a yaxın ölkəsindən təxminən 2,5 min nümayəndə, o cümlədən, 20-dən çox ölkənin dövlət və hökumət başçıları, 100-ə yaxın nazir, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Ənənəyə görə dünyanın ən böyük 800-dən çox şirkətinin rəhbəri də bu beynəlxalq tədbirə dəvət almışdı. Tədbirin gedişində 200-dən çox iclas və "dəyirmi masa"nın keçirilməsi də müzakirələrin səmərəliliyindən xəbər verir. Forum çərçivəsində təşkil olunan iclas və "dəyirmi masa"larda iqlim dəyişikliyi, beynəlxalq layihələrin həyata keçirilməsi, antikorrupsiya məsələləri, habelə, Asiya ölkələrində iqtisadi inkişaf, iqtisadi landşaftın ümumi dəyişikliyi, İraq və Yaxın Şərqdə vəziyyətlə bağlı müzakirələr aparılmışdır.
Forum müzakirə olunan məsələlərin aktuallığına və miqyasına görə Azərbaycan üçün xüsusilə əhəmiyyətli sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forum zamanı keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə, əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur. Davos Forumu çərçivəsində "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilmiş ilk iclasda çıxış edən İlham Əliyev respublikamızın dinamik iqtisadi inkişafından, yeni neft strategiyasından, habelə, dünya iqtisadiyyatına sürətli inteqrasiyasından danışmış, həmçinin, Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını vurğulamışdır. Dövlət başçısı Azərbaycanın bilavasitə təşəbbüsü ilə bir sıra qlobal enerji layihələrinin uğurla gerçəkləşdiyini bildirmiş, bu layihələrin dünya iqtisadiyyatı üçün əhəmiyyətini önə çəkmişdir. Həmin iclasda, əsasən, neft-qaz ölkəsi kimi tanınan ölkələrdə iqtisadi inkişafdan söhbət açılmış, həmçinin, mühüm neft-qaz ixracatçısına çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək dəyərləndirilmişdir. Eyni zamanda, iclasda neft sənayesinin son 100 illik tarixinə nəzər salınmış, enerji daşıyıcılarının dünya bazarlarına çatdırılması, bazar rejimi və sərmayə qoyuluşları çərçivəsində geosiyasi vəziyyətin dinamikasının dəyişildiyi bildirilmişdir. Dünyada baş verən iqlim dəyişikliyi, neft hasilatının yüksək həddə çatması, qlobal enerji təhlükəsizliyi kimi məsələlər də geniş müzakirə edilmiş, bu nöqteyi-nəzərdən beynəlxalq əlaqələrin ön plana çıxarılması zəruriliyi qeyd olunmuşdur.
Dövlət başçısı Davosda keçirdiyi çoxsaylı görüşlərdə enerji sahəsində əməkdaşlıq və respublikamızda informasiya texnologiyalarının inkişaf etdirilməsi, güclü insan kapitalının formalaşdırılması məsələlərini xüsusi önə çəkmişdir. Neft amilini insan kapitalına çevirməyin vacibliyini önə çəkən dövlət başçısının səfər çərçivəsində daha çox informasiya və kompüter texnologiyaları sahəsində ixtisaslaşmış nəhəng şirkətlərin rəhbərləri ilə görüşməsi də diqqətçəkici faktdır. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz insan faktoru dayanır. Dövlət başçısı ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil, haqlı olaraq, məhz insan kapitalının formalaşmasında görür və bu da cənab İlham Əliyevin dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verir.
Yeri gəlmişkən, qeyd edək ki, dünya iqtisadiyyatı üzrə Davos Forumu tərəfindən aparılmış təhlildən sonra dünyanın 115 ölkəsinin mətbuatında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mənfəət əldə olunmasına dair hazırlığın vəziyyətini qiymətləndirən hesabat dərc edilmişdir. 2001-ci ildən etibarən hər il qlobal informasiya texnologiyaları üzrə hesabat hazırlayan Dünya İqtisadiyyatı üzrə Davos Forumu 2006-2009-cu illər üzrə tərtib etdiyi hesabatda 115 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycanı 73-cü yerdə göstərmişdir. Ölkəmizin Davos forumunun hazırladığı hesabatın reytinq cədvəlindəki yeri MDB ölkələri üzrə Qazaxıstan (60-cı yer) və Rusiyadan (72-ci yer) sonra 3-cüdür. Bu cədvəldə MDB ölkələrindən Ukrayna 76-cı, Ermənistan 86-cı, Moldova 94-cü, Gürcüstan 96-cı yerdədir. Cədvəldə birinci pillədə ABŞ, ikinci yerdə Sinqapur, üçüncü yerdə Danimarka qərar tutmuşdur.
Dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Ümumdünya İqtisadi Forumunun (Davos Forumu) hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. Belə ki, 30 ildən artıq müddətdə dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin iqtisadiyyatının davamlı inkişafını, uzunmüddətli çiçəklənməsini şərtləndirən amilləri araşdırır. Dövlətlərin rəqabətə davamlığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılmış və Qlobal Rəqabət İndeksi kimi Ümumdünya İqtisadi Forumuna təqdim edilmişdir. Dövlətlərin rəqabətə davamlılığı - Qlobal Rəqabət İndeksi 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim (insan kapitalı), texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir.
Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksi 2006-2009-cu illərdə Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir. Məsələn, institusional qurumların fəaliyyətinin qiymətləndirilməsi zamanı Azərbaycan dünya üzrə 74-cü, MDB məkanında isə 1-ci yeri tutaraq Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Ukraynanı geridə qoymuşdur. Məlumat üçün bildirək ki, bu istiqamət hökumət, hüquqi şəxslərin qurumlarının fəaliyyəti, onların əldə etdiyi gəlir və ölkənin inkişafında rolunu qiymətləndirir. İnstitusional əsasın rəqabətə davamlılığının artırılmasına və inkişafa böyük təsiri var. Gəlirlərin paylaşdırılması, inkişaf strategiyasının və siyasətinin icrası, həmçinin, sərmayə qoyuluşu, istehsalın təşkilində institusional əsas mühüm rol oynayır.
Bütün bunlarla yanaşı, Azərbaycanın Davos Foumu ilə əməkdaşlığı ölkəmizin beynəlxalq imicini şərtləndirən əsas amillərdən biridir ki, Prezident İlham  Əliyev məhz bu amili yüksək qiymətləndirərək, həmin toplantılarda fəal iştirak edir. 
Qeyd edək ki, forumda Azərbaycan Prezidenti çıxış edərək, müxtəlif məsələlərə dair, o cümlədən, enerji təhlükəsizliyüi haqqında rəsmi Bakının siyasətinin detallarını açıqlayıb: "Müstəqillik əldə etdiyimiz vaxtdan etibarən siyasətimizin Avropa istiqaməti prioritet məsələ idi və bu gün də davam edir. Buna bir çox misal gətirmək olar. Bu, təkcə Avropa İttifaqının, demək olar ki, bütün üzv ölkələri ilə faydalı ikitərəfli əməkdaşlıqla deyil, həm də iştirak etdiyimiz proqramlarla ölçülə bilər. Məsələn, Azərbaycan Avropa Birliyinin "Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı"nın iştirakçısıdır. İki ildən artıqdır ki, Azərbaycan Avropa Birliyi ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışdır. Bu gün Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı Proqramı müzakirə olunur. Ümid edirik ki, bu yaxınlarda biz həmin proqramın icrasının əyani şahidi olacağıq. Bütün bu mühüm addımlar və tədbirlər Azərbaycanla Avropa arasında əlaqələrin necə inkişaf etdiyini göstərir".
Bütün bunlarla yanaşı, Davos İqtisadi Forumunun yekunlarını şərh edən yerli və xarici ekspertlər hesab edirlər ki, bu kimi mötəbər toplantılarda Azərbaycan Prezidentinin məntiqli və intellektual çıxışları ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirir, eyni zamanda, onun əhəmiyyətini bir daha artırır...

Digər xəbərlər