Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Prezidenti Mövlud Çavuşoğluya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Avropa Şurası Parlament Assambleyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə və sıx əməkdaşlığa böyük əhəmiyyət verir, ümumavropa proseslərində bu mötəbər təşkilatın daim artan rolunu yüksək qiymətləndirir, Avropa Şurasının bütün strukturları ilə əlaqələrimizi genişləndirməyə çalışırıq. Əminəm ki, insan hüquqları və azadlıqlarının təmin edilməsi, demokratik dəyərlərin təntənəsi, regionumuzda sülhün və sabitliyin bərqərar olması naminə konstruktiv əməkdaşlığımızın səmərəsini daha da artırmaq yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, ən xoş arzularımı yetirirəm."