PDF Oxu

Siyasət

  • 14

Soçi görüşü: real imkanlar və perspektivlər

Soçi görüşü: real imkanlar və perspektivlər
Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi göürüşü bir daha nümayiş etdirdi ki, Dağlıq Qarabağ nizamlanması üzrə vasitəçilik aparan rəsmi Moskva öz səylərini daha çoxşaxəli etmək niyyəti ilə prosesə fəal müdaxilə etməyə çalışır. Təsadüfi deyil ki, prezidentlərin Soçi görüşü son günlərin ən çox müzakirə predmetinə çevrilən mövzularından birinə çevrilib. Lakin politoloqlar Prezident Dmitri Medvedevin vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyanın Soçi görüşünü birmənalı qiymətləndirmirlər.
Ekspertlərin dəyərləndirmələri pessimizmlə nizamlanma prosesinin perspektivsizliyi və ehtiyatlı optimizm arasında var-gəl edir. Bununla belə, politoloqların əksəriyyəti hesab edir ki, danışıqlar prosesi özü müsbət təzahürdür.
"Azərbaycan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanatları xüsusi diqqətəlayiqdir. Bu, onu göstərir ki, rəsmi Moskva danışıqlar prosesində vasitəçi və arbitr rolunu qoruyub və bu rolu oynamaqda davam edir. Bu isə Rusiyanın Qafqaz regionunda öz nüfuz dairəsini qoruyub saxlamaq baxımından müsbət haldır. Bu sülhməramlı vasitəçilik missiyasının əsas məqsədi Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin həlli deyil, konfliktin eskalasiyasına yol verməməkdir ki, bu ehtimal indiki dövrə nisbətən bir il əvvəl daha real idi". Bunu Rusiya Milli Strategiya İnstitutunun prezidenti, politoloq Mixail Remizov bildirib.
Onun sözlərinə görə, iri dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe mühüm olsa da, həlledici rol oynamır: "Münaqişənin nizamlanmasında həlledici rolu, sözsüz ki, konfliktə cəlb olunmuş tərəflər oynayırlar. ABŞ və Rusiya hansı mövqe tutsalar belə, bu mövqe birmənalı və nə xırda detallarına qədər oxşar ola bilməz. Çünki istənilən halda, Ermənistan mövcuddur, yaxşı müdafiə xəttinə malik və öz mövqeyini dəyişməyən Dağlıq Qarabağ mövcuddur və həm də Azərbaycan mövcuddur. Hansı ki, nəinki öz mövqeyini dəyişir, həm də öz ərazi bütövlüyünün bərpasında israrlıdır".
Mixail Remizovun fikrincə, ABŞ və Rusiya münaqişənin nizamlanması üçün tərəflərdən hər hansı birinə qarşı güclü təzyiq etməyə qadir deyil: "Onlar, nəinki buna hazır deyillər, həm də buna qadir deyillər. Çünki bu məsələdə indi və gələcəkdə hər şey münaqişə tərəflərin bu və ya digər qərarı qəbul etmək bacarığından asılıdır".
Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixeyev isə bildirir ki, Soçidə münaqişənin nizamlanması məsələsində irəliləyiş olmayıb və yoxdur: "Hesab edirəm ki, biz, əsasən, kağız üzərində qalan niyyətlərin, bəyanatların şahidi oluruq, real irəliləyiş isə yoxdur. Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonların Azərbaycanın bir hissəsi olması faktını qəbul etmir, Azərbaycan isə Dağlıq Qarabağa müstəqillik verməyə razı deyil və olmayacaq. Bununla da tərəflərin mövqeləri kəsişmir və mən hər hansı kompromisin olacağına dair əlamətlər görmürəm. Xüsusilə də, bu situasiyada hansı kompromisin tapıla biləcəyini də anlamaq çətindir. Məlumdur ki, bu tip münaqişələr uzun müddət həll olunmamış qalır, buna misal olaraq, həll prosesinə kifayət qədər tərəflərin cəlb olunmasına rəğmən hələ də nizamlanmamış Kipr problemini göstərə bilərəm. Vasitəçilər, o cümlədən, Rusiya ya Azərbaycanın, ya da Ermənistanın tərəfini saxlamalıdır. Üçüncü variant yoxdur, çünki tərəflərin mövqeləri o qədər birmənalıdır ki, burada ya tam şəkildə Azərbaycanın, yaxud da tam olaraq Ermənistanın mövqeyini dəstəkləmək lazımdır. Başqa seçim imkanı yoxdur. Vasitəçilər özlərini belə seçim qarşısında qoymaq istəmirlər, çünki belə bir seçim onlardan heç birinə - nə Rusiyanın, nə ABŞ-ın, nə də Fransanın maraqlarına cavab vermir. Vasitəçilərin maraqlarına cavab verən məqam həm Ermənistan, həm də Azərbaycanla az-çox normal münasibətlər saxlamaqdır. Bu səbəbdən məsələnin kökü vasitəçilərdə deyil, münaqişə tərəflərinin mövqelərinin heç bir nöqtədə üst-üstə düşməməsindədir. Həm Ermənistan, həm də Azərbaycan vasitəçiləri sərt seçim qarşısında qoyurlar - ya Bakı, ya İrəvan. Aydındır ki, bu situasiyada vasitəçilərin manevr etməsi üçün çox az imkan qalır".
Rusiya Strateji Dəyərləndirmələr İnstitutunun prezidenti Aleksandr Konovalov da hesab edir ki, Soçi görüşündən əhəmiyyətli irəliləyiş gözləməyə dəyməz: "Danışıqların davam etdirilməsi, liderlərin görüşməsi öz-özlüyündə çox şey deməkdir. Rusiyanın bu prosesdə vasitəçilik etməsi də mühüm faktordur. Azərbaycanın Qarabağla Ermənistan arasında dəhliz yaradılmasına razılıq verməsi barədə sözlər diqqətəlayiqdir. Bu fikirlərin nə dərəcədə artıq qəbul olunmuş qərarların təzahürü olaraq meydana çıxdığını bilmirəm. Lakin bu fakt özü göstərir ki, liderlər prosesi ölü nöqtədən tərpətmək üçün hansısa yollar axtarırlar. Ən əsası isə, hər iki prezident yaxşı anlayır ki, nizamlanma prosesini hərbi yollarla irəli aparmaq mümkün deyil, müharibə bütün prosesi, indiyə kimi görülən bütün işləri məhv edə bilər. Hər hansı strateji gözləntilərimin olmamasına rəğmən danışıqlar prosesinin davam etməsindən razıyam. Bu proses gec-tez nə iləsə yekunlaşacaq. Hesab edirəm ki, proses müharibə ilə yekunlaşmayacaq, çünki müharibə etmək üçün görüşmək, nə barədə isə razılaşmaq lazım deyil. Bəzi istisnalar olmaqla, müharibələr heç zaman danışıqlarla başlamır. Əgər liderlər problemi müzakirə edirsə, bu, artıq hərbi münaqişə ehtimalını öz-özlüyündə inkar edir".
Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin isə bildirir ki, daimi əlaqələrin, həm də bu cür yüksək səviyyədə keçirilən görüşlərin əhəmiyyəti daha çoxdur: "Son nəticədə bu, üzücü, uzun, amma hər halda kompromislərə doğru aparan bir prosesdir. Danışıqlar prosesində mövqelər həmişə sərt olur. Azərbaycanın mövqeləri də prinsipialdır, çünki söhbət milli maraqlardan gedir. Heç kəs heç kəsə söz verməyib ki, bu cür mürəkkəb məsələ birdəfəyə həll olunacaq. Bir daha qeyd edirəm ki, danışıqların olmamasındansa, olması yaxşıdır. Hər iki tərəf istənilən vasitəçiliyi, xüsusilə də, dünyanın ən böyük dövlətlərindən biri olan Rusiyanın vasitəçilik missiyasını alqışlamalıdır. Mən həmişə hesab etmişəm, yenə də hesab edirəm ki, bu problem ona görə mürəkkəbdir ki, sülh sazişinin əldə olunması yalnız tərəflərin ciddi kompromisə getməsi nəticəsində mümkündür. Bu kompromis, sözsüz ki, həm Ermənistan, həm də Azərbaycan əhalisi tərəfindən birmənalı qarşılanmayacaq. Hər iki ölkədə deyəcəklər ki, "biz məğlub olduq" və buna hazır olmaq lazımdır. Və məhz Rusiya kimi böyük qonşunun vasitəçiliyi liderlərin belə kompromis variantlar tapmasına yardım edəcək".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Soçi görüşünü çox yüksək qiymətləndirib: "Ən əsası siyasi iradədir. Siyasi iradə olsa, onda demək olar ki, həll edilmiş məsələlər həll edilməmiş məsələlərdən çoxdur. Siyasi iradə olmasa, onda hətta həll edilmiş məsələlər də həll edilməmiş məsələ bucağından qəbul edilə bilər. Söhbət, münaqişəni, doğrudan da, həll etmək niyyətindən gedir". Ermənistanın xarici işlər naziri Eduard Nalbandiyan da, öz növbəsində, ölkəsinin danışıqlar prosesinə nikbinliklə baxdığını vurğulayıb: "Ermənistan məsələyə nikbinliklə baxır və Dağlıq Qarabağ münaqişəsinin dinc, diplomatik və siyasi yollarla nizamlanması məqsədilə danışıqları davam etdirmək əzmindədir. Biz azərbaycanlılarla, mənə elə gəlir ki, yaxşı başa düşürük, erməni və Azərbaycan tərəfinin qırmızı xətti haradadır. Fikrimcə, biz bu uzun sürən danışıqlarda elə bir mərhələyə çatmışıq ki, orada artıq dayanıb, güzəştə getmək və "bəli, biz məsələni həll edirik" demək lazımdır".
"Russkaya qazeta" isə Rusiyanın xarici işlər naziri Sergey Lavrova istinadla yazıb ki, tərəflər razılaşmaya yaxındırlar: "Madrid prinsipləri"nin yalnız bir-iki razılaşdırmamış məqamı qalıb". Lavrov əlavə edib ki, əsas fikir ayrılığı gələcək Laçın dəhlizi üstündədir".
Rəsmi Vaşinqton da Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin fəallaşdırılması üzrə təşəbbüsünü alqışlayır. Belə ki, bu barədə Vaşinqtonda dünən keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib: "Biz bu problem üzərinə kifayət qədər uzun müddət işləmişik və o cümlədən, məsələnin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində çox səy göstərmişik. Moskvanın təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, bu təşəbbüs uğurlu olacaq".
Yeri gəlmişkən, qeyd edək ki, 2006-cı ilin iyununda isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair "Baza prinsipləri" adlanan sənəd hazırlanıb. Həmin prinsiplərdə Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağın ətrafındakı ərazilərdən, o cümlədən, Kəlbəcər və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji dəhliz olan Laçından çıxarılması nəzərdə tutulurdu. Bundan başqa, sənəddə əsasən işğal altında olan ərazilərin silahsızlaşdırılması, beynəlxalq sülhümühafizə qüvvələrinin bölgəyə yerləşdirilməsi, minaların təmizlənməsi, yenidənqurma işlərinin görülməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmalarının sürətləndirilməsi və yekunda statusa dair Dağlıq Qarabağ əhalisi arasında referendum keçirilməlidir. Bu məsələlər diqqət yönəldən politoloq Liz Fuller Soçi görüşünün nəticələrini şərh edərkən, olduqca maraqlı mülahizələr də irəli sürüb: "İndi söz-söhbət daha çox bölgənin gələcək statusu üzərində deyil, Laçın dəhlizi və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərinə sülhümühafizə qüvvələrinin necə yerləşdirilməsi üzərində gedir".
Yerevandakı təhlilçi Riçard Qiraqosyan isə bildirir ki, prezidentləri görüşdürmək təşəbbüsü Dmitri Medvedevin olsa da, bu münaqişənin həllində ABŞ-la Rusiya əməkdaşlıq edə biləcəklərini nümayiş etdirirlər: "ABŞ və Rusiyanın əməkdaşlıq etməyə, birgə işləməyə meydanları var. Həm Rusiya, həm də ABŞ hesab edir ki, bölgədə yeni gərginliyin, düşmənçiliyin alovlanmasının, xüsusilə də, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdinin qarşısını almalıdırlar".
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer isə prezidentlərin Soçi görüşünü şərh edərkən, bildirib ki, indi hər iki ölkənin rəhbərinin ciddi Qarabağ danışıqları aparmasına münbit şərait var. Sabina Freyzer Rusiyanın indiki cəhdlərinin müsbət olduğunu desə də, düşünür ki, münaqişənin həllinə dair istənilən həll variantının hazırlanması Rusiya, ABŞ və Avropa Birliyinin sıx əməkdaşlığını tələb edəcək: "Rusiyanın münaqişənin həllinə yeni təşəbbüslər, yeni impulslar verdiyini demək mənə çətindir. Məncə, Qarabağ münaqişəsinin hər hansı həlli Minsk Qrupuda çox sıx əməkdaşlıq tələb edəcək. Daha dəqiq desək, Rusiya, Avropa Birliyi və Amerikanın sıx əməkdaşlığı lazım olacaq. Əlbəttə, Rusiyanın öz cəhdlərini artırması yaxşıdır. Amma dediyim kimi, məncə, bu cəhdlər Rusiya, ABŞ və Avropa Birliyi arasında gərək bölüşdürülsün".

Digər xəbərlər