2010-cu ildə daha böyük uğurlar əldə etməliyik
Yanvarın 18-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi. Müşavirədə qeyd edildi ki, 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkiblər. Hökumətin iclasında vurğulandı ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı durumdan minimum itkilərlə çıxa bilib.
Azərbaycan Prezidenti müşavirədə qeyd edib ki, ölkəmiz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşulur. "Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı".
2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Dövlət başçısının sözlərinə görə, bunu görmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. "2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır. Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada, qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf aşağı düşmüşdür. Bəzi ölkələr, demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir".
Ölkə başçısının sözlərinə görə, ötən il sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. "Bu, onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da, çox önəmli göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən, ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir".
Prezident hökumətin toplantısında deyib: "2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi.
Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi. Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır".
Ölkə başçısı qeyd edib ki, 2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam etmişdir. Onun sözlərinə görə, il ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir: "Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir.
Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri, bax, bu vəziyyətə gətirib çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il- 2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik".
Dövlət başçısı bildirib ki, 2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, ya da o layihələrin müəyyən hissəsi icra edildi. "Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir.
"Sumqayıt texnopark"ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın, həqiqətən, müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir. Mən təkcə 3 layihəni qeyd etdim. Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Bu, onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaqdır".
İlham Əliyev 2009-cu ildə ölkənin valyuta ehtiyatlarının daha da artdığını bildirərək, qeyd edib ki, bu çox gözəl göstəricidir, çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. "Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu, bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır.
Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələri vaxtında gerçəkləşdirək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək".
Prezident İlham Əliyev onu da qeyd edib ki, keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam edib. "Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da, onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar ki, həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləmək üçün müraciət edirlər.
Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin, yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir.
İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər öz həllini tapdı. Halbuki işsizlik vardır və biz işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının azaldılmasıdır.
Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu, onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar".
Ümumiyyətlə, ötən ilin yekunları ilə bağlı hökumətin müşavirəsi göstərdi ki, Azərbaycan dünyada maliyyə-iqtisadi böhranın hökm sürdüyü bir zamanda öz inkişaf tempini qoruyub saxlayır.