Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında 2010-cu il yanvarın 15-də respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İlkin oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildiyi deyilir və qeyd olunur ki, bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Əhmədli İlham İlkin oğlunun valideynləri Əhmədov İlkin İslam oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkəmizin doqquz milyonuncu vətəndaşı Əhmədli İlham İlkin oğluna iyirmi min manat məbləğində vəsait ayrılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, Əhmədli İlham İlkin oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.
Ölkə Prezidenti həmçinin Məmməd Novruz oğlu Əliyevin Azərbaycan Respublikasının İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında, Elxan Bahadur oğlu Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barəsində və Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Sərəncamlar imzalayıb.