Ölkəmizdə abadlıq və quruculuq işləri genişlənir
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Dənizkənarı Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyev Yaxt-kluba gəldi.
Dövlətimizin başçısına burada aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Yaxt-klub Dənizkənarı Milli parkın ümumi ansamblına uyğun tikilmiş yaraşıqlı binalardan biridir. Bu binanın layihəsi orijinallığı ilə seçilir. Prezident İlham Əliyev binanın yenidən qurulması layihəsi ilə tanış oldu. Dövlətimizin başçısına təmir işlərinin gedişi və istifadə olunan tikinti materialları barədə məlumat verildi. Qeyd olundu ki, bu materiallar ən müasir standartlara cavab verir və binanın dizaynını daha da zənginləşdirəcək. Hazırda yenidənqurma tədbirlərinə əsasən Yaxt-klubun ərazisi də genişləndirilir. Aparılan yenidənqurma tədbirlərindən sonra Yaxt-klub daha yaraşıqlı görkəm alacaq və burada yüksək səviyyəli qonaqların qəbulu, habelə müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait olacaq. Bu obyektdə aparılan əsaslı yenidənqurma işləri bütövlükdə ölkədə idmanın, o cümlədən yelkənli qayıq idmanının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam edib, bütün sosial və infrastruktur layihələri ardıcıl olaraq həyata keçirilib. İşlərin gedişi göstərir ki, Yaxt-klubda 2009-cu ildə başlanmış əsaslı yenidənqurma işləri də uğurla başa çatacaq. Dövlətimizin başçısı yenidənqurma işləri ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.