Bakı buxtasında geniş tikinti işləri aparılır
Prezident İlham Əliyev yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Bakı buxtasına gəldi. Dövlətimizin başçısına quru yük liman məntəqəsində həyata keçirilən inşaat işləri barədə ətraflı məlumat verildi. Burada tikintiyə 2008-ci ilin may ayında başlanılıb. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Həmin məntəqədən yalnız quru yüklər daşınacaq. Bu obyektin tikintisindən başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yük daşımalarının həcmini artırmaqdan ibarətdir. Prezident İlham Əliyevə bildirildi ki, indiyə qədər liman məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün inşası başa çatdırılıb. Təmirə dayanacaq gəmilərin yuyulub təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların tikintisi də yekunlaşdırılıb. Məntəqəyə çəkilən dəmir yolu da işlək vəziyyətdədir. "Paris Kommunası" adına gəmitəmiri zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq üzrədir, burada tamamlama işləri aparılır. Liman məntəqəsində aparılan inşaat işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.