PDF Oxu

Siyasət

  • 12

Yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilir

Yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilir
Prezident İlham Əliyev yanvarın 13-də Dövlət bayrağı meydanına gələrək, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına Dövlət bayrağı meydanında görülən işlər barədə ətraflı məlumat verildi. Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət bayrağı meydanının yaradılması barədə Sərəncam imzalayıb. 2009-cu il noyabrın 17-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin Bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulub. Tikinti işlərinin gedişi ilə müntəzəm maraqlanan dövlətimizin başçısı bir neçə dəfə Dövlət bayrağı meydanında olub, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirirlər.
Prezident İlham Əliyevə inşaat işlərinin hazırkı vəziyyəti və burada görüləcək növbəti tədbirlər barədə geniş məlumat verildi. Qeyd olundu ki, 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün lazımi infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Dayağının hündürlüyü 162 metr olan Dövlət bayrağının uzunluğu 70 metr, eni 35 metr, çəkisi 350 kiloqram olacaq. Prezident İlham Əliyev inşaat işləri ilə bağlı növbəti dəfə tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər