Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub.
Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada analoqu olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb. Prezident İlham Əliyev seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq yerinə yetirdiyi üçün seçicilər məhz növbəti 5 ildə də taleyini ona etibar etdilər.
Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə, hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. Ötən 5 il xalqın öz inamında yanılmadığına, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyinin ilk günlərindən özünü peşəkar siyasətçi kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi. O öz siyasi simasında Qərb standartlarının aristokratik siyasi rəftarın, rasional düşüncə tərzinin, praqmatizmin milli mentalitetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış ansamblını yaratmağa nail olubdur.
Cənab İlham Əliyev bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs, siyasi ab-hava və müasirlik gətiribdir. Başqalarından fərqli olaraq, onun bir siyasətçi kimi formalaşmasına zəmin yaradan komponentlər sırasında siyasi romantizm, saxta vətənpərvərlik, arxaik siyasi texnologiyalar kimi amillər mövcud deyildir.
Bu gün Azərbaycan siyasətində proseslər elə bir dinamik və açıq müstəvidə cərəyan edir ki, insanların seçim və müqayisə etmək üçün kifayət qədər şansları vardır. Sözsüz ki, ümummilli lider Heydər Əliyev istisna olmaqla, öz prinsiplərinə sadiqlik və intellektual imkanları baxımından Prezident İlham Əliyev heç bir siyasətçiyə bənzəmir. O, Qərb standartlarını öz şəxsi simasında təcəssüm etdirən müasir siyasətçilər sırasında özünə layiqli yer tutmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ümummilli liderimizin xalqın etimadına və dəstəyinə arxalanaraq, apardığı uğurlu daxili siyasət təcrübəsindən öyrənən cənab İlham Əliyev həmin yolu məharətlə davam etdirir. Onun seçkilər ərəfəsində bölgələrə səfərləri, ictimaiyyətin, sadə peşə adamlarının və əhalinin müxtəlif təbəqələri ilə görüşləri buna nümunədir. Mütəmadi keçirilən belə görüşlər zamanı dövlətimizin başçısı sadə xalqla təmasda olmaqla onların problem və qayğılarını öyrənir, əhalini narahat edən problemlərin həlli ilə bilavasitə özü yaxından tanış olur. Prezident özünün əsas vəzifələrini açıqlayarkən, bəyan edib ki, bizim əsas arzu və istəyimiz insanlarımızın daha firavan yaşamasını təmin etməkdir. Odur ki, görülən bütün işlər məhz qüdrətli Azərbaycan dövləti və xalqı naminədir.
Ötən beş il ərzində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər İlham Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslərə, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirən siyasət düzgün istiqamətdədir.
Ulu öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. Ötən altı il ərzində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir.
Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regional sosial-iqtisadi inkişaf Dövlət Proqramı bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması üçün bütün zəruri məqamları özündə əks etdirən mühüm sənəddir. Beş illik Dövlət Proqramının, demək olar ki, 4 ilə yerinə yetirilməsi sayəsində bölgələrimizin siması büsbütün dəyişib, şəhərlə kənd arasında kəskin fərqlər aradan qaldırılır. Son illərdə yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi sayəsində Azərbaycanda yerli iş adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, "bir pəncərə" sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Son illər özəl sektora maliyyə yardımı iki dəfə artırılıb. Dövlətimiz iqtisadiyyatı hökumətin hansısa iqtisadi layihəyə birbaşa müdaxiləsi yolu ilə deyil, lazımi infrastrukturun və özəl sektorun sərmayəsi hesabına maliyyə mənbələrinin yaradılması vasitəsi ilə stimullaşdırır. Prezident İlham Əliyevin təbirincə desək, "əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni iş yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə, özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir". Bütün görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının illik hesabatında 2008-ci ildə sahibkarlıq fəaliyyətinin tənzimlənməsin sahəsində həyata keçrilən islahatlara görə Azərbaycan Respublikası lider ölkə kimi tanınmışdır.
Son illər, xüsusən də, 2008-ci ilin nəticələri tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. Qarşıda duran-istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Son 5 ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkədir. Bu liderliyi əldə etmək və onu qoruyub saxlamaq çətin məsələdir. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir.
Son 5 ildə ölkədə minimum əmək haqqı 8.3 dəfə artaraq 9 manatdan 75 manata çatmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 5.9 dəfə artaraq 1567.6 milyon manata bərabər olmuş, əsas sosial müavinətlərə yönəldilmiş vəsaitlərin məbləği, orta aylıq əmək haqqı dəfələrlə artırılmışdır. Azərbaycan dövlətinin enerji müstəqilliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə mövcud elektrik stansiyalarının yenidən qurulması və əlavə enerji mənbələrinin yaradılması məqsədilə ölkənin 5 regionunda 450 MVt gücü olan modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Görülən tədbirlər nəticəsində elektrik enerjisi istehsalının həcmi xeyli miqdarda artmış və ölkədaxili tələbat tam həcmdə ödənilməklə yanaşı, respublika bu sahədə ixracatçıya çevrilmişdir.
Son 5 il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək, 16167 məcburi köçkün ailəsi 52 yeni inşa olunmuş müasir qəsəbələrə köçürülərək, hər cür şəraiti və lazımi avadanlığı olan fərdi evlərlə təmin olunmuşlar.
Azərbaycanın dövlət büdcəsi son 5 il ərzində 10 dəfədən də çox artıb. Milli valyuta ehtiyatlarımız 13 milyard dollar səviyyəsinə çatıb. Bu imkanlardan, ilk növbədə, ölkəmizin hərtərəfli inkişafı üçün, sənaye potensialının möhkəmləndirilməsi, infrastruktur və layihələrin icra edilməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün istifadə olunacaqdır. Göründüyü kimi, dövlətimizin başçısının verdiyi sözlər, qəbul edilmiş qərar və proqramlar real həyatda öz əksini tapır.
Müstəqil Azərbaycan dövləti bu gün regionun reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.
Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanı nəinki regionda, eləcə də, dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu. Bununla da regionda yalnız enerji layihələri ilə deyil, həm də nəhəng nəqliyyat infrastrukturu ilə birləşəcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci ildə isə Türkiyə hissəsinin tikintisinə başlanılıb. Layihənin Türkiyə hissəsinin təməlqoyma mərasimində qardaş və dost ölkənin prezidenti Abdullah Gülün sözlərini xatırlamaq istərdim: "Bu, Asiyanın mərkəzini, Çini Avropanın o biri ucu Londona bağlayan bir dəmir yoludur. Bu layihə tamamlandıqda, sadəcə, sərnişinlər deyil, çox böyük miqdarda yüklər də Orta Asiyadan Avropanın digər ucuna, yaxud Avropadan da Orta Asiyaya qədər daşına biləcəkdir.
Bu baxımdan, layihə təkcə iki müxtəlif coğrafiyanı bir-birinə bağlamayacaq, eyni zamanda, mədəniyyətləri, fərqli anlayışları da bir-birinə qovuşduracaqdır".
Cənab İlham Əliyev son 5 ildə ölkədə və regionda nəhəng quruculuq layihələrini uğurla həyata keçrildiyinə görə Azərbaycanın tarixinə artıq Qurucu Prezident kimi düşmüşdür.
Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ulu öndərimizin əsasını qoyduğu, formalaşdırdığı və müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq keyfiyyətcə yeni məzmunda uğurla davam etdirilir. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət, nəinki keçmiş ittifaq respublikaları, eləcə də, bütün region üçün bir nümunə, model sayıla bilər. Son 5 ildə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanı regionun şəksiz lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən daha kənara çıxmağa başlayıb. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin, MDB ölkələri ilə, digər tərəfdən Şərq, islam dünyası ilə qarşılıqlı, faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlər qurub. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə əlaqələrini müxtəlif beynəlxalq təşkilatlar, xüsusən də Avratlantika çərçivəsində, yəni çoxtərəfli formatda də uğurla inkişaf etdirir. Təbii ki, bunu müəyyənləşdirən və formalaşdıran müxtəlif amillər mövcuddur. Azərbaycan müstəqil, tarazlaşdırılmış, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmlənməsinə, inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, bununla da öz məqsədinə çatır.
Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.
Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, o, Heydər Əliyevin nurlu ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu baxımdan Azərbaycanda elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində, həmçinin, milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi sahəsində görülən mühüm işlər də xüsusi qeyd olunmalıdır. Hazırda Azərbaycanda elm və təhsil sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya səviyyəsinə yüksəldilir. Azərbaycanlı tələbələr dövlət hesabına dünyanın aparıcı dövlətlərinin ən yaxşı universitetlərində təhsil alırlar. Onlar, gələcəkdə yüksək peşəkar mütəxəssislər kimi, Azərbaycanın inkişafına, güclü, qüdrətli Azərbaycan quruculuğuna öz töhfələrini verəcəklər.
Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ölkənin elmi və mədəni həyatında mühüm hadisədir. Bütün bunlar, birmənalı olaraq, təsdiqləyir ki, cənab İlham Əliyev xalqımızın elmi potensialının artırılmasında, milli-mədəni sərvətlərimizin qorunub saxlanılmasında və gənc nəslə çatdırılmasında olduqca maraqlıdır.
Ölkənin sosial-mədəni sahəsinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir və həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Türk dünyasının milli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin nurlu ideyalarını zamanın tələblərinə uyğun uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin hərtətəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik yüksəlişində fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollar və su xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin yubileylərinin qeyd edilməsinin YUNESKO-nun proqramına salınması, respublikada ümumbəşəri əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.
Ümumən, Azərbaycan xalqının Prezident İlham Əliyevə göstərdiyi bu böyük etimad onun rəhbərliyi ilə ötən 6 ildə yeritdiyi uğurlu daxili və xarici siyasətin, ölkəmizin iqtisadiyyatının sürətlə inkişafının, geniş quruculuq və abadlıq işlərinin, regionların sosial-iqtisadi tərəqqisinə dair möhtəşəm layihələrin uğurla reallaşmasının, milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinin, bütün sahələrdə aparılan demokratik islahatların, vətəndaş cəmiyyətinin bərqərar olunmasının və ölkəmizin əldə etdiyi digər böyük nailiyyətlərin məntiqi nəticəsidir.
Möhtərəm İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.