PDF Oxu

Siyasət

  • 11

Azərbaycanın sürətli inkişafının beynəlxalq təsdiqi

Azərbaycanın sürətli inkişafının beynəlxalq təsdiqi
Qlobal böhran şəraitində respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi davamlı inkişafımızı şərtləndirmişdir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətləri ciddi problemlər qarşısında qoyan qlobal maliyyə böhranından maksimum az itki ilə çıxan, eyni zamanda, milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın hesabat dövründə əldə etdiyi nəticələr bunu deməyə əsas verir.
"Əsil siyasət konkret real iş görməkdən ibarətdir" şüarını irəli sürən Prezident İlham Əliyevin ötən müddətdə iqtisadi inkişafı stimullaşdıran perspektivli layihələri reallaşdırması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarını təsdiq etməsi, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atması əldə edilən müsbət nəticələrdəndir.
Ölkə başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanları ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət Proqramının uğurla icrası qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, sahibkarlığa dövlət dəstəyinin artırılmasına, əhalinin maddi rifahı, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar açdı.
Prezident İlham Əliyevin fundamental elmi əsaslarla yürütdüyü sosial-iqtisadi inkişaf strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açır.
Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə, yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək, formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin edib, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoyub.
Ölkə başçısının uğurla apardığı inkişaf strategiyası nəticəsində respublikanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılıb, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin edib. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə çağdaş tariximizin son 6 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdəndir.
Azərbaycanın qlobal maliyyə böhranı şəraitində belə, davamlı inkişafı ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttini uğurla davam etdirməsi nəticəsində mümkün olur. Məhz bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.
Prezident İlham Əliyev 2010-cu ildə də Azərbaycan iqtisadiyyatının davamlı inkişaf edəcəyini bildirib: "2009-cu ildə Azərbaycan çox uğurla inkişaf edir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. 2003-2008-ci illərdə bizim uğurlu inkişafımız gözəl bir zəmin yaratdı. O illərdə iqtisadiyyat 2,6 dəfə artıb və bu artım həyatımızın bütün sahələrində özünü göstərib. 2009-cu il böhranlı il olduğuna görə, əlbəttə ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Hesab edirəm ki, ilin sonuna qədər indiyədək həll olunmamış məsələlər də həll olunmalıdır, bütün sosial və infrastruktur layihələrin icrası davam etdirilməlidir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət olacaq. Makroiqtisadi sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək".
Ölkədə həyata keçirilmiş məqsədyönlü iqtisadi tədbirlər nəticəsində manatın sabitliyi təmin edilib və əhalinin banklara olan inamı daha da artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatıb.
Azərbaycanın Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, cari il AMB öhdəsində olan valyuta ehtiyatlarının idarə olunmasından 50 milyon dollar gəlir əldə etməyi nəzərdə tutub. Artıq bu ilin birinci yarısında 23 milyon gəlir əldə olunub. Ümumilikdə, hesabat dövründə (oktyabrın 30-na) olan məlumata görə, ölkənin valyuta ehtiyatının həcmi 19 milyard dollardan çoxdur ki, bunun da 14,4 milyardı Dövlət Neft Fondunun aktivləridir.
Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf tempini qoruyub saxlaması ölkə rəhbərliyinin yürütdüyü iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq etdi. Qlobal böhran şəraitində ölkəmizdə böyük infrastruktur layihələrinin gerçəkləşdirilməsi, xüsusilə də, bölgələrimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə hesablanan proqramların uğurlu icrası və əlavə tədbirlərin həyata keçirilməsi dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi növbəti ildə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə imkan yaradacaq.

Digər xəbərlər