Əlillərin sosial müdafiəsi gücləndirilir
Azərbaycanın iqtisadi inkişafı sürətləndikcə, ölkədə sosial müdafiə proqramlarının miqyası daha da genişlənir. Əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunması və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin bütün aztəminatlı təbəqəsinə, o cümlədən, əlil pensiyaçılara dövlət qayğısı ilbəil artır.
2009-cu il noyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.298.850 nəfərin 23,9 faizi (311 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 7,2 faizi (22,4 min nəfər) I, 83,7 faizi (260,3 min nəfəri) II, 9,1 faizi (28,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7580 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,9 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,6 faizi dövlət qulluqçularıdır.
Əlillərə dövlət qayğısı 2006-cı il yanvarın 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunda xüsusi ifadə edilib. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu qanunda əlilliyə görə əmək pensiyası növü, xüsusilə fərqləndirilib, əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar əks olunub.
Bu müddəalar, ilk növbədə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb.
Qanunun müvafiq müddəaları ilə I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq, sığorta stajına daxil edilib.
Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq, ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.
Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib.
Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Belə ki, qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyn I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 (I qrup Böyük Vətən müharibəsi əlillərinə 140), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza müəssisəsinin 70 (II qrup Böyük Vətən müharibəsi əlillərinə 110), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 (III qrup Böyük Vətən müharibəsi əlillərinə 90) faiz məbləğində əlavələr hesablanır. Bu əlavələr 2006-cı il yanvarın 1-dək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin edilmiş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.
Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiya və müavinətlərinin vaxtında ödənilməsi ilə yanaşı, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin də sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təmin edilib.
Təkcə cari ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,6 milyon manat vəsait xərclənib.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkə vətəndaşlarının qayğıya daha çox ehtiyacı olan hissələrinin dövlət qayğısı ilə əhatə olunmasını təmin edir.