PDF Oxu

Siyasət

  • 8

Azərbaycan Avropaya uğurla inteqrasiya olunur

Azərbaycan Avropaya uğurla inteqrasiya olunur
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri öz geosiyasi əhəmiyyəti və strateji rolu baxımından siyasi spektrin ən aktual mövzusularından birinə çevrilib. Gerçəkdən bu səfər Azərbaycanın diplomatiya tarixinə yazılan ən mühüm hadisələrdəndir.
Sözsüz ki, bu səfərin müstəsna əhəmiyyəti var və bunu şərtləndirən mühüm geosiyasi amillər mövcuddur. Hər iki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri məhz Fransanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Fransanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi. 1992-ci ildə Bakıda səfirliyini açan Fransa bu niyyətini bir daha qabarıq izhar etdi. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Fransa ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu ölkənin Avropa siyasi arenasına təsir imkanlarını nəzərə alan Ulu Öndərimizin ilk xarici səfərini 1993-cü ilin dekabrında məhz Fransaya etməsi, eyni zamanda, Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya niyyətinin rəmzi ifadəsi idi.
Erməni lobbisinin güclü olduğu bir ölkəyə səfər edən Ulu Öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına bu ölkədə Azərbaycanla bağlı formalaşmış mənfi ictimai rəyi aradan qaldırmağa, respublikamızla bağlı həqiqətləri Fransa ictimaiyyətinə dolğun şəkildə çatdırmağa nail oldu. Ulu Öndərimizin sonrakı mərhələdə- 1995, 1997 və 2001-ci illərdə Fransaya müntəzəm səfərlər etməsi iki ölkə arasında dinamik inkişafı stimullaşdıran bir sıra saziş və müqavilələrin, mühüm razılaşmaların əldə olunması ilə nəticələndi. Bu müqavilələr neft-qaz sənayesi sahəsində əməkdaşlığı, ticarət investisiyalarının qarşılıqlı təşviqi və qorunması, elmi-texniki, humanitar və s. sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tuturdu. Azərbaycan hazırda Fransa ilə ticarət əlaqələri ən çox inkişaf etmiş Qafqaz ölkəsidir. Fransa-Azərbaycan ticarət mübadiləsi ildən-ilə artır, statistikaya görə bu ölkə Azərbaycanın Mərkəzi Avropadakı əsas ticarət tərəfdaşıdır.
Fransanın "Total" Şirkəti "Əsrin müqaviləsi"ndə 5 faizlik paya sahibdir və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisində iştirak etmişdir. Fransız bankları, o cümlədən, "Societe Generale" layihənin maliyyələşdirilməsinə kömək göstərmişdir. Bundan başqa, yeyinti və qida sənayesi sahəsində böyük təcrübəyə malik fransız şirkəti "Castel" də Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayələr yatırmışdır.
Prezident İlham Əliyev bu dəfə də Fransaya səfəri müddətində bütün rəsmi danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini əsas mövzusu kimi diqqətdə saxladı. Əslində, ölkənin hakimiyyət rəsmiləri, siyasi elitası, işgüzar dairələrinin təmsilçiləri ilə görüşlərdə, eləcə də Fransa KİV-lərinə müsahibələrdə Azərbaycan Prezidentinin toxunduğu ilk məqam məlum problem idi. Nikolya Sarkozi də görüş zamanı Fransanın münaqişənin həllində ədalətli mövqe tutacağını bir daha bəyan etdi.
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Fransanın bu mövqedən çıxış etməsi Azərbaycan üçün kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin Fransa Beynəlxalq Əlaqələr İnstitutundakı nitqi isə Azərbaycanla yanaşı, bütünlüklə, Cənubi Qafqaz bölgəsinin perspektiv inkişafını əks etdirir. Prezident qətiyyətli mövqeyini bəyan edərək, bir daha bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı böyük məhrumiyyətlərə və ədalətsiz savaşa cəlb etdiyi kimi, həm də Ermənistanın və ümumiyyətlə, bölgənin inkişafına əsaslı maneə yaradır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin son 6 illik prezidentliyi dövründə Fransa-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları güclənmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransaya növbəti səfəri də iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından mühüm aktuallıq kəsb edir. Ötən dövrdə əldə olunan uğurlu nəticələr deməyə əsas verir ki, bu səfər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan potensialın tam açılmasına şərait yaradacaq.
Fransa ermənilərinin separatçı rejimə siyasi dəstəyi Senatın bəzi üzvlərinin Xankəndinə səfərlərinin təşkil edilməsi formasında da özünü büruzə verir. Lakin Azərbaycan liderinin Paris səfəri Fransa erməniləri üçün ciddi xəbərdarlıq anlamına gəldi. İlham Əliyev öz kəskin və qətiyyətli fikirləri ilə rəhbərlik etdiyi dövlət adından bəyan etdi ki, rəsmi Bakı separatçı rejimin illüziyalarına göz yummayacaq. Təbii ki, bu fikirlər az sonra öz təsirini Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində oynadığı rola da göstərəcək. Ən əsası odur ki, Fransa ictimai rəyi bir daha Azərbaycanın Dağlıq Qarabağ münaqnişəsinin həlli prosesində tutduğu qətiyyətli mövqe ilə bir daha tanış oldu. Parisdə keçirilən görüşlərdə əksini tapan məqamlardan biri isə Cənubi Qafqazda hərbi-siyasi təhlükəsizliyin təminatı ilə bağlı idi.
Dövlət başçısının rəsmi qəbullarda iştirakı da olduqca maraqla qarşılanıb. Müzakirə predmetinə çevrilən aktual hadisələrdən biri isə Nikolya Sarkozi-İlham Əliyev görüşüdür. Fransa lideri azərbaycanlı həmkarını yüksək təmtaraqla qarşıladı. Onun Parisə səfərinin Fransa xalqı və dövləti üçün tarixi hadisə olduğunu isə tam cəsarətlə bəyan etdi. Bəlli olduğu kimi, Fransa və Azərbaycan liderlərinin təkbətək görüşündən sonra, dövlət başçıları nümayəndə heyətinin iştirakı ilə də geniş tərkibdə danışıqlar aparıblar. Müzakirələrdə iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sözsüz ki, Prezidentin Fransaya rəsmi səfərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan Avratlantika məkanına inteqrasiyası baxımından daha böyük uğurlar əldə edib. Dünyada mövqelərimiz günü-gündən möhkəmlənir və qüvvətlənir.

Digər xəbərlər