Koreya Respublikasının ölkəmizdə yeni səfiri təyin olunub
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul etmişdir.
Li Ci-Han fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, onun Koreya Respublikasına və Koreya Prezidenti mərhum Ro Mu Hyunun Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı Azərbaycanda çoxlu sayda Koreya şirkətinin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində, infrastruktur və bir sıra digər investisiya layihələrində iştirakını bu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirdi.
Li Ci-Han Koreya Prezidenti Li Men Bakın salamlarını, Azərbaycan xalqına firavanlıq və ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı. Səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından şərəf duyduğunu deyən diplomat, Koreyanın ikitərəfli münasibətlərimizin inkişafından məmnun olduğunu bildirdi.
Dövlətimizin başçısı Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya dövlətinin başçısına çatdırmağı xahiş etdi.