Azərbaycan MBD-də liderliyini davam etdirir
MDB Dövlətlərarası Statistika Komitəsi ümumi daxili məhsul (ÜDM) və sənaye məhsulu istehsalına dair 10 aylıq göstəriciləri açıqlayıb. Açıqlamada qeyd olunur ki, yanvar-oktyabrda ÜDM üzrə ən yüksək göstərici- 8,3 faiz Azərbaycanda qeydə alınıb. MDB Dövlətlərarası Statistika Komitəsinin son açıqlamasında o da bildirilir ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, sənaye məhsulları istehsalında artım əldə edilib. Belə ki, ötən 10 ayda respublikada sənaye məhsulları istehsalının artımı 2008-ci ilin eyni dövründəkindən 7,4 faiz çox olub.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, ötən 10 ayda iqtisadiyyatın sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 17,7 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib. Əsas sənaye məhsullarından sayılan xam neftin hasilatı 12,1, əmtəəlik təbii qaz hasilatı isə 2,8 faiz artıb.
Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Sənaye istehsalında mədənçıxarmanın çəkisi daha çox- 75 faiz təşkil edib. Emal sahəsində bu göstərici 19,7, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 5,3 faiz olub.
İstehsal edilmiş sənaye məhsullarının əksər hissəsi istehlakçılara çatdırılıb. Noyabrın 1-nə olan məlumata görə, anbarlarda 235,2 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Ehtiyatların daha çox hissəsi respublikanın iri şəhərlərinin - 64,2 faiz Bakı, 10,5 faizi Sumqayıt, 1,5 faizi Gəncə, 1,1 faizi Şirvan və 0,9 faizi Mingəçevir şəhərinin, qalan hissəsi isə digər rayonların sənaye məhsullarının anbarlarında qalıb.
Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 10 ay ərzində 66,3 milyon manatlıq məhsul istehsal edilib. Yanvar-oktyabr aylarında pambıq ipliyinin istehsalı 10,6 faiz, pambıq yataq ağlarının istehsalı 2,4 dəfə artıb. Geyim istehsalında da yüksək artım müşahidə olunur.
Emal sənayesində ikinci böyük xüsusi çəkisi olan neft məhsullarının istehsalı sahəsində 1098,3 milyon manatlıq məhsul istehsal olunub. Qeyd olunan dövr ərzində 1030,1 min ton avtomobil benzini, 521 min ton ağ neft və digər yanacaq növləri hazırlanıb. Avtomobil yollarının çəkilişi üçün mühüm əhəmiyyətə malik olan neft bitumunun istehsalı yanvar-oktyabr aylarında 19,2 faiz artıb.
Kimya sənayesində, rezin və plastik kütlə məmulatları istehsalı müəssisələri tərəfindən 135,8 milyon manatlıq məhsul istehsal edilib.
Tikinti materialları sənayesində istehsal və göstərilmiş xidmətlərin həcmi 8,1 faiz artıb. Bu sahədə əsas məhsullardan sayılan sement və sementdən hazırlanan məhsulların istehsalının azalmasına baxmayaraq, asfalt istehsalı 1,6 dəfə, tikinti kərpici 6,9 faiz, tikinti gipsi isə 0,9 faiz çox olub.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsal müəssisələrində 134,1 milyon manatlıq məhsul istehsal edilib, xidmət göstərilib. Sahənin məhsullarından çuquntökmə istehsalı 1,5 min ton, məftil istehsalı 245,3 ton olub, 1455 ədəd alüminiumdan qapı və pəncərə blokları istehsal edilib.
Maşın və avadanlıqların istehsalı, elektrik və elektron avadanlığı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 134,1 milyon manat təşkil edib. 10 ayda ölkədə 494 ədəd traktor istehsal edilərək, istehsalçılara satılıb. Ötən dövrdə 7536 ədəd televizor istehsal olunmuşdur ki, bu da əvvəlki dövrlə müqayisədə 15,6 faiz çox deməkdir.
İqtisadi inkişafın yeni mərhələyə qədəm qoyması Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq bacarığı ortaya qoyur, ölkənin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Bunu son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilməsi də sübut edir.
2009-cu il üzrə ÜDM-in real artımı Beynəlxalq Valyuta Fondu tərəfindən 7,5 faiz, Asiya İnkişaf Bankı tərəfindən 8 faiz, 2010-cu il üzrə isə, müvafiq olaraq, 7,4 və 6,7 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik inkişafının davam edəcəyini qeyd edən Beynəlxalq Valyuta Fondu bu sektorun gələn il 5 faiz, Asiya İnkişaf Bankı isə 5-7 faiz artacağını bildirir. Bütün bunlar onu göstərir ki, qlobal böhrana baxmayaraq, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayır.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bununla bağlı dedi: "Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doinq Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya iqtisadi forumunun hesablamalarına əsasən, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə birincidir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır.
Bu, bir daha onu göstərir ki, vaxtilə bizim uğurlarımızı ancaq neft amili ilə bağlamaq istəyənlər, neftin qiyməti ilə bağlamaq istəyənlər qərəzli mövqedə idilər, yaxud da ki, səhv mövqedə idilər. Biz həmişə demişik ki, bizim uğurlarımızın əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olmuşdur. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurub. Belə olmasaydı, biz dünya miqyasında 51-ci yerdə olmazdıq".
BVF-in proqnozunda, güman edilir ki, cari ildə ölkədə inflyasiya azalaraq, 2,2 faiz təşkil edəcək ki, bu da daxili tələbat və idxal mallarının qiymətinin ucuzlaşması ilə bağlıdır. Fondun icmalında habelə qeyd olunur ki, 2009-cu ildə əməliyyatların hesabat saldosu ÜDM-ə görə 19,6 faiz təşkil edəcək. Gələn il isə bu göstəricinin 23,1 faizə qədər artacağı gözlənilir. Artım perspektivləri ölkənin enerji resurslarının ixracında özünü daha qabarıq göstərəcək.
Göründüyü kimi, bir sıra nüfuzlu beynəlxalq təşkilatların vaxtaşırı açıqladıqları hesabatlarda, yaxın gələcəyə hesablanan proqnozlarda, bir qayda olaraq, Azərbaycan iqtisadiyyatının davamlığı, dayanıqlığı və inkişafı qeyd olunmaqla yanaşı, dünya iqtisadiyyatında layiqli yer tutması da əksini tapır. İqtisadi tempin sabitliyi isə sosial infrastruktur layihələrinin reallaşdırılmasını tezləşdirir, vətəndaşların rifah halının yüksəldilməsinə birbaşa xidmət edir.
İqtisadiyyatın dinamik inkişafı Azərbaycanı, həmçinin, qonşu və Qərb dövlətləri üçün vacib ölkəyə çevirir, beynəlxalq maliyyə qurumlarının etibarlı tərəfdaşı kimi tanıdır. Bu isə, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə səbəb olur. Hər bir halda, dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vaxtda Azərbaycanda sabit inkişaf tempinin davam etməsi ölkədə həyaya keçirilən siyasətin doğruluğunu göstərir.
Həyata keçirilən uğurlu iqtisadi strategiya nəticəsində ölkəmizdə qlobal maliyyə böhranının fəsadları bir o qədər hiss edilmir. Çünki yaradılmış irihəcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin edir. Digər tərəfdən, əvvəlki illərdə yaradılmış möhkəm iqtisadi potensial hesabına respublikada sosial-iqtisadi inkişafın davamlığı mövcuddur.
Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa sektorundan asılı deyil və son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələnməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirir.