Dünya iqqtisadi böhranı: mümkün risklər və gələcək ssenarilər
Dünya iqtisadiyyatını sarsıdan 2009-cu il başa çatır. İlayrıcında qlobal maliyyə və real sektor böhranının Azərbaycana mümkün təsirləri ilə bağlı çoxsaylı mülahizələr səslənir. Əsas fikir ondan ibarətdir ki, böhran ölkəmizdən önəmli ölçüdə yan keçib, valyuta ehtiyatları Azərbaycanı xilas edib. Lakin böhran ilində ölkəmizin iqtisadi fəlakətlərdən xilası həm də mübaliğəsiz olaraq, hökumətin apardığı davamlı, praqmatik və rasional siyasətə əsaslandı.
İqtisadi məntiq və həqiqət bu firkin doğruluğunu, birmənalı olaraq, sübut edir. Bu təsdiqləmək üçün ABŞ-ın ipoteka bazarında başlayıb birjalara sıçrayan, oradan da real sektora sirayət edən qlobal iqtisadi böhranın mahiyyətinə və 2010-cu ildə gözlənilən mümkün fəsadlarına nəzər yetirək. 12 oktyabr 1977-ci ildə ABŞ prezidenti Cimmi Karter "qırmızı xətt" (kredit verilməsinin məhdudlaşdırılması) əleyhinə sazişi imzaladı. O vaxta qədər, kreditorlar əsas etibarilə yoxsul kateqoriyalara borc verilməsindən imtina edirdilər. Çünki onların fikrincə, aşağı gəlirliliklə zəif mənzil təminatının birləşməsi bir çox insanın öz kredit öhdəlikləri üzrə vəsaitləri ödəyə bilməməsinə səbəb olacaq. Beləliklə, borcverənlər riskli ipoteka kreditləri verməyə məcbur edildilər (bu, "substandart" borclar da adlandırılır).
Bu uğursuz biznes axını 1985-ci ildə Amerikanın yığım və borc institutlarını müflis etdi. Nəticədə hökumət öz uğursuz borclanmasını geri götürdü və kredit təşkilatlarını birləşməyə təhrik etdi və əslində, özü də bilmədən onlara uğursuzluğa düçar olmağın daha böyük imkanını açdı. Eyni zamanda, bir sıra digər problemlər monetar inzibatçıları narahat edirdi. 1997-ci ildə ABŞ fond bazarı digər kreditorların tənəzzül edəcəyi qorxusu ilə kəskin eniş yaşadı. Asiya bazarları çökdü. Meksika, Argentina və hətta Rusiya borcları üzrə defolt elan etdi. Hər dəfə də Qərbin maliyyə iqtidarları bazarı nəğd pul ilə boğaraq, böhrana cavab verdi. 11 sentyabrdan sonra isə ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini 6.25% səviyyəsindən investor etibarının azalmasının bazarları batıra biləcəyi qorxusu ilə yalnız 1% azaltdı. Ancaq yenə də, onların hərəkəti "kredit bumu"nu dəstəkləyən yanlış bazar reksiyasına səbəb oldu. Borclanmanın daha asan olduğu şəraitdə ipoteka müraciətləri kəskin artdı. Kreditorlar FES-in nəğd pul buraxılışları hesabına əvvəlkindən daha çox substandart kreditlərini məmnuniyyətlə müştərilərə təqdim etdilər.
Ev alan insanların sayının artması isə ev qiymətlərini yüksəltdi. Ev almaq artıq müəyyən biznesə çevrilmişdi, spiralvari olaraq, daha çox insan kredit götürür və mənzil alırdı. Londonda və digər böyük maliyyə mərkəzlərində son onillikdə hökumətin yüksək xərcləri dövlət borcunun artması ilə də nəticələndi. Özəl sektorun borcları və mənzil qiymətləri isə daha dinamik templərlə artdı. Nəticədə isə likvidliyin kəskin azalması müşahidə olundu və dünya iqtisadiyyatı indiki duruma düşdü.
Geridə qalan 2009-cu ildə isə bir çox inkişaf etməkdə olan ölkələr yüksək faiz dərəcələri və kəskin limitləşdirilmiş kreditlərlə qarşılaşdılar. 2010-cu ildə isə inkişaf etməkdə olan ölkələrdə ÜDM artım dinamikası 2008-ci ildəki 7.9% səviyyəsindən 4.5%-ə düşəcək. Özəl kapital axınının isə 2007-ci ildəki 1 trilyon dollar səviyyəsindən 2010-cu ildə 530 milyard dollara düşəcəyi proqnozlaşdırılır. Həmçinin, ölkəsindən kənarda çalışıb ölkəsinə müntəzəm pul vəsaiti göndərən mühacirlərin pul göndərişləri də azalacaq. Qlobal ticarət həcmi də 1982-ci ildən bu tərəfə, ilk dəfə olaraq 2010-cu ildə azalacaq. Xarici investisiyalara və qısamüddətli kreditlərə çıxış da çətinləşəcək. İnkişaf etməkdə olan ölkələrin ixracının da səngiyəcəyi və iri həcmli kapitalın geri çəkiləcəyi gözlənilir. Qlobal problemlər çoxtərəfli müzakirələr və həllər tələb edir ki, qlobal və milli liderlər də böhrandan çıxmaq üzrə məsuliyyətin və imkanların bölüşdürülməsinə, iqtisadi böhranın arxasındakı insan faktorunun üzə çıxarılmasına, yeni iqtisadi siyasətlərin müəyyən edilməsinə cəhd göstərməlidirlər.
Beynəlxalq maliyyə qurumları, o cümlədən, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı isə bu dövrdə maliyyə yardımı və güzəştli kreditləri artırırlar. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı önümüzdəki 3 ildə də kreditlərini 100 milyard dollar artırmaq niyyətindədir. Beynəlxalq İnkişaf Assosiasiyası isə yoxsul ölkələrə əlavə 2 milyard dollar yardım ayıracaq. Burada əsas məqsəd ticarət və bank sektorunu, habelə, infrastruktur layihələrini dəstəkləməklə özəl sektoru daha da gücləndirməkdir. Maliyyə böhranının təsirindən əvvəl bir sıra ölkələr artıq qida və yanacaq böhranından əziyyət çəkirdilər. Bunun nəticəsində qlobal miqyasda 130-155 milyon insan kəskin yoxsulluğa düçar olmuş, əlavə, 44 milyon uşaq tələbatdan daha az qida təchizatı ilə üzləşmiş, yüksək ərzaq və yanacaq qiymətlərini kompensasiya etmək cəhdi həmin ölkələrin fiskal defisitini artırmışdır. Yoxsul və az gəlirli əhalisi olan ölkələr iqtisadi böhranın təsirini limitləşdirmək üçün beynəlxalq yardımlardan səmərəli istifadə etməli, infrastruktur və sosial investisiyaları azaltmamalı, biznes mühitini daha da təkmilləşdirməklə xarici investisiya axınını artırmalıdırlar. Vaxtilə maliyyə böhranı kimi başlayan bu böhran hal-hazırda real sektora sirayət edərək qlobal iqtisadi böhrana çevrilib və getdikcə işsizliyin yüksəlməsinə gətirib çıxarır. Problemin mənşə ölkəsi olan ABŞ onun fəsadlarını aradan qaldırmaq üçün artıq 787 milyard dollarlıq üçüncü iqtisadi stimullaşdırma paketini də təsdiqləyib.
Onu da qeyd edək ki, böhran şəraitində Azərbaycanda, əsasən, dövlət investisiya proqramı çərçivəsində infrastruktur layihələrinə qoyulan sərmayələr hesabına daxili investisiyanın artımı qarşılığında, 2009-cu ildə ölkə iqtisadiyyatına yönələn birbaşa xarici investisiya bir qədər azalıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 2009-cu ildə 2.2 milyard manat (2.75 milyard dollar) təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 16.3% az olub. Əgər əvvəlki illərdə azalmanın səbəbi daha çox neft-qaz layihələrinin investisiya repatriasiyası mərhələsinə keçməsi ilə əlaqədar olmuşdursa, 2009-cu ildə buna qlobal iqtisadi böhranın təsirlərini də əlavə etmək lazımdır. Onu da qeyd edək ki, Azərbaycana 2009-cu ildə yatırılan investisiya qoyuluşu üzrə xarici ölkələr və beynəlxalq təşkilatlar arasında ən böyük paya Böyük Britaniya malik olub.
Britaniya rezidentlərinin Azərbaycanda əsas kapitala yönəltdiyi investisiyanın həcmi 1.27 milyard dollara yaxın və yaxud manat ekvivalentində 1 milyard manat təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə Britaniya investorlarının sərmayə yatırımı 202 mln. manat və ya 16.5% azalıb. Böyük Britaniya ilə yanaşı, Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarının ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə və Norveç rezidentlərini daxil etmək olar. Bu dörd ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumi hesabda 941.3 mln. manata yaxındır, onların xüsusi çəkisi isə 42.3%-ə bərabərdir. Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 9 milyard manat həcmində və ya 2008-ci ildəkindən 34.3% çox investisiya yönəldilib.
Anti böhran tədbirlərindən biri də hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta şirkətlərinin üç il müddətinə mənfəətin kapitallaşmasının artırılmasına yönəldilən hissəsinin vergidən azad edilməsidir. Böhranın sığorta şirkətlərinə təsirinin minimuma endirilməsi üçün bu dövr ərzində gərəksiz xərcləri azaltmaq, müştəri sayını artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 2009-cu ilin sonunda həm sığorta şirkətlərini, həm də bankları mənfəət vergisindən azad edərək, mühüm bir addım atmış oldu. Lakin onu da qeyd edək ki, böhran dövründə Azərbaycanın xarici dövlət borcunun həcmi 2009-cu il ərzində 22.9% azalaraq 3 milyard dollara çatıb. Xarici borcun ümumi daxili məhsula (ÜDM) qarşı nisbəti son bir il ərzində 8.2%-dən 6.4%-ə düşüb. Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır.
Belə ki, bu cür kreditlərin həcmi ümumi xarici borcun 88.5%-ni təşkil edib. Həmin məbləğin 40%-i və yaxud 1194.9 mln. dolları elektrik enerjisi sektoruna, 7.7%-i (230.9 mln.) kənd təsərrüfatı, 22%-i isə (659.9 mln.) yol tikintisi və nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunub. İqtisadi islahatlar üçün cəlb edilən kreditlərin məbləği 344.9 mln. dollar təşkil edib. Bu məbləğin 266 mln. dolları Dünya Bankı, 78.9 mln. dolları isə Beynəlxalq Valyuta Fondunun kreditlərinin payına düşür. Maraqlıdır ki, 2009-cu ildə əlavə cəlb edilən və istifadə olunan xarici kreditlərin həcmi 58% artaraq 697 mln. dollara çatıb. Öz növbəsində, xarici borcun ödənilməsinə 286.3 mln. dollar xərclənib. Bu göstərici son bir il ərzində 67.9% artıb və onun hissəsi borclar üzrə faizlərin ödənilməsinə sərf olunub. Qeyd edək ki, dövlət büdcəsi vəsaitləri hesabına xarici borcun ödənilməsinə 117.9 mln. dollar xərclənib.
Bütün bunlarla yanaşı, Dünya Bankı (DB) 2009-cu ilin yekunlarına görə, Azərbaycanda cari hesab balansının ÜDM-ə nisbətinin 41.6% səviyyəsinə çatacağını, 2010-cu ildə isə bunun 30.7% olacağını proqnozlaşdırır. Qeyd edək ki, bu göstərici üzrə Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir. Eyni zamanda, Azərbaycanın 2010-cu və 2011-ci illərdə də lider mövqeyini qoruyacağı gözlənilir. Ümumilikdə isə, sözügedən regionun ölkələrinin əksəriyyəti mənfi cari hesab balansına malik olduğundan, bu göstəricinin ÜDM-ə faiz nisbəti də mənfidir. 5 Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2009-cu il üzrə məcmu aktivlərinin gəlirlilik əmsalı (ROA) əvvəlki illə müqayisədə 0.4 faiz bəndi azalaraq 2.2% təşkil etmişdir (bankların mənfəətinin artım tempinin aktivlərin artım tempini üstələdiyi şəraitdə). Eyni zamanda, məcmu kapitalın gəlirlilik əmsalı (ROE) da 2008-ci ilin yekunlarına nisbətdə 2009-cu ilin sonuna 0.6% azalmışdır. Bu, Azərbaycandakı bankların həm faiz və həm də qeyri-faiz xərclərinin normadan yüksək olması ilə əlaqələndirilə bilər. Habelə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi 2009-cu ildə 2334.9 mln. manat təşkil edib. Bu göstərici ötən il ərzində 40.9% artsa da, ötən ilin sonuncu rübündə onun azalması müşahidə olunub. Belə ki, istehlak kreditlərinin həcmi oktyabrda 2433 mln. manatdan 2365 mln. manatadək, noyabrda 2354 mln. manatadək, dekabrda isə 2335 mln. manatadək, ümumilikdə, dördüncü rübdə 98 mln. manat azalıb.
2009-cu il ərzində aparılmış sorğular göstərir ki, Azərbaycan banklarının əksəriyyəti hələ də istehlak kreditlərinin verilməsini bərpa etməyib. İlin əvvəlindən istehlak kreditlərinin verilməsinə başlamağa hazırlaşan banklardan bildiriblər ki, bərpa prosesi hələ də başam çatdırılmayıb. Borcların verilməsini davam etdirən bəzi banklar öz kredit siyasətlərini sərtləşdiriblər ki, bu da biznes-kreditləşməyə təsir göstərib. Ölkədəki qiymətli kağızlar bazarının strukturunu da tam optimal hesab etmək olmaz.
Səhm buraxılışında dövlət müəssisələrinin payı 61%-i keçmiş, onun sahəvi strukturunda isə maliyyə, xüsusilə, bank sektoru üstünlük təşkil edərək ümumi səhm buraxılışının 1/3 hissəsini təşkil etmişdir. Dövr ərzində səhm buraxılışı üzrə əməliyyatların sayının 2008-ci ilə nisbətən 33% azalmasına baxmayaraq, onların məbləği 80% artmışdır. Korporativ istiqrazların emissiyası da 2009-cu ildə 2008-ci ilə nisbətən 50% azalmışdır. 2008-ci ildə borc bazarının ümumi həcminin 94%-ni Milli Bankın qısamüddətli notları, 4.8%-ni dövlət qısamüddətli istiqrazları, 0.5%-ni korporativ istiqrazları ilə aparılan əməliyyatlar, 0.7%-ni veksellər təşkil etmişdir. 2009-cu ilin ortalarından likvidliyə tələbatın artması ilə əlaqədar veksellərlə əməliyyatlar genişlənmişdir. Belə ki, hesabat dövründə 63 mln. manat məbləğində 509 veksel buraxılışı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2008-ci ilin müvafiq göstəricilərindən say üzrə 5 dəfə, məbləğ üzrə isə 2 dəfə çoxdur. 2009-cu ildə Milli Bankın qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik səviyyəsinin azalaraq, dövrün əvvəlində keçirilmiş ilk auksiondakı 10.9%-dən sonuncu auksionda 4.7%-dək enməsi mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın müəyyən etdiyi uçot dərəcəsinin 5%-ə qədər azaldılması ilə izah olunur.
Bütün bunlar bir daha iqtisadi böhran ilindən Azərbaycanın uğurla çıxdığını təsdiqləyir və bir daha sübut edir ki, ölkəmiz böhran ilindən ən az itki ilə çıxan dövlətlər sırasındadır.