PDF Oxu

Siyasət

  • 5

Azərbaycan ÜDM artımı üzrə MDB məkanında liderdir

Azərbaycan ÜDM artımı üzrə MDB məkanında liderdir

MDB Dövlətlərarası Statistika Komitəsi ümumi daxili məhsula (ÜDM) və sənaye məhsulu istehsalına dair on aylıq göstəriciləri açıqlayıb. Yanvar-oktyabrda ÜDM üzrə ən yüksək göstərici- 8,3 faizlə Azərbaycanda qeydə alınıb. Sonrakı yerləri Özbəkistan (8 faiz), Qırğızıstan (3,2 faiz) və Tacikistan (2,9 faiz) tutur. Ümumiyyətlə, on ayda MDB ölkələri üzrə ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz aşağı düşüb. Bu sahədə 17,5 faizlə Ermənistan "liderdir".

Milli gəlirin artması özünü əhalinin həyat səviyyəsində göstərir

Azərbaycanda ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 5 min dollara çatıb və bu da özünü əhalinin yaşayış səviyyəsinin yüksəlməsində göstərir. Qeyd edək ki, 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Yəni 5 il öncəyə görə, bu göstərici 5 dəfə artıb. Bu dünyada analoqu olmayan artım tempidir.
Azərbaycanda son illər milli gəlir ildə orta hesabla 20-25% artır. Bu artım templəri isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə bağlı verdiyi proqnozlara uyğundur. Bununla belə, Azərbaycan bu nəticələrə yalnız neft-qaz hasilatının sürətli artımı hesabına nail olmur, qeyri-neft sektorunda inkişaf tempi ümumi inkişaf templərindən xeyli çoxdur.
Neft gəlirlərindən səmərəli istifadə olunduğundan, əhalinin yaşayış səviyyəsi də ÜDM-nin artım tempinə uyğun yaxşılaşır. Əgər əhali öz yaşayışında yaxşılaşma hiss edirsə, gəlirlər artırsa, bu, artıq sosial problemlərin həll edilməsi deməkdir. ÜDM-in səviyyəsi artdıqca, paralel olaraq, ölkədə qiymətlər ucuzlaşır, əhalinin alıcılıq səviyyəsi yüksəlir, yoxsulluq səviyyəsi azalır.
"Əsrin müqaviləsi" və digər neft müqavilələri çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu ilin sonunadək 50 milyon tona çatacaq.
Nəzərə alsaq ki, ölkədə həyata keçirilən beynəlxalq enerji layihələri hələ tam gücü ilə işə düşməyib, onda Azərbaycanın gəlirlərinin və iqtisadiyyatın istehsal qabiliyyətinin ilbəil artmasını proqnozlaşdırmaq olar. Ölkə iqtisadiyyatına 40 milyard dollara yaxın vəsaitin yatırılması və yaxın illərdə bunun müsbət nəticələrinin özünü büruzə verəcəyi şübhəsizdir. Bu da, onu göstərir ki, Azərbaycanda ÜDM-in artım sürəti hələ uzun müddət dünyanın ümumi göstəricilərindən çox olacaq.

Qeyri-neft sektorunun inkişafı strateji iqtisadi siyasətdir

Azərbaycanın iqtisadi uğurlarında özəl bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, dövlət başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülüb və bu, hazırda da davam etdirilir.
Ölkənin qeyri-neft sektorunda mövcud iqtisadi potensialdan düzgün istifadə olunması müsbət nəticələrə gətirib çıxarır. Artıq faktdır ki, Azərbaycanda yoxsulluq problemi həll edilmək üzrədir. Hələ 2003-cü ilin əvvəlindən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf" proqramının həyata keçirilməsinə başlanıb və bu sahədə nəzərə çarpacaq irəliləyiş əldə olunub.
İndiki halda, iqtisadiyyatın hərtərəfli inkişafı, yəni onun ancaq neft sektoru üzərində qurulmaması, digər sahələrin də sürətli inkişafı regionlarda iş yerlərinin açılmasına imkan yaradır. Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməklə, cəmi bir neçə il ərzində ölkədə yoxsulluğun tamamilə ləğvinə nail olmaq mümkündür.
Artıq ölkədə nəinki inflyasiyanın artımı müşahidə olunmur, hətta deflyasiya baş verir. Son aylarda dollar manata qarşısında öz dəyərini əhəmiyyətli şəkildə itirib. Əksər ölkələrdə milli valyutanın dəyərdən düşməsi fonunda Azərbaycanda manat sabitdir.
Beləliklə, bütün bunlar hökumətin ölkənin maliyyə ehtiyatlarını effektiv idarə etməsindən xəbər verir. Ölkənin gəlirlərinin istehsal sahələrinə, qeyri-neft sektorunun inkişafına yatırılması daha yüksək nəticələr verə bilər.

Ermənistan sürətlə fəlakətə yuvarlanır

Ermənistan bu il və gələn il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin 2009-cu ilin sonuna olan yekun rəqəmə görə, rekord səviyyədə, 15% düşəcəyi gözlənilir. Ekspertlər ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 7,5%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Bir qədər öncə, BMT-nin yaydığı hesabata görə, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır.
Xarici mətbuat yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. "Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su, qaz, elektrik çatışmazlığı problemi yüksək həddədir.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkişafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikirlər bunu əminliklə söyləməyə tam əsas verir.
Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırım yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix böyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırım aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.

Digər xəbərlər