Dövlət təhsilin inkişafına olan qayğısını gücləndirir
Prezident İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Ölkə Prezidentinin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının inkişafına, məktəb binalarının təmirinə mütəmadi şəkildə dövlət qayğısı göstərilir. Eyni zamanda görülən işlərə baxmayaraq, ölkədə qəza vəziyyətinə düşmüş, təlim və tədris şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır. Sərəncamda qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması işlərinin davam etdirilməsini təmin etmək məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsaitin ayrılması, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi öz əksini tapıb.