PDF Oxu

Siyasət

  • 10

Azərbaycan 2009-cu ili uğurla başa vurur

Azərbaycan 2009-cu ili uğurla başa vurur
Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 31,8 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 6,8%-lik real artım deməkdir. Bu proqnoz Milli Məclisdə təsdiq olunan "2010-cu il dövlət büdcəsi haqqında" qanunda əks olunub. Gələn ilin büdcəsi yenə də sosial və investisiya yönümlü olacaq.
Proqnozlara görə, gələn il qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4% səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8%-lik artım gözlənilir.
Qeyri-neft sənayesində 2,4% səviyyəsində real artım ola bilər. Ümumilikdə, kənd təsərrüfatında 4%, nəqliyyatda 9,3%, rabitədə 17%, sosial və digər xidmətlər üzrə 3,1% səviyyəsində artım proqnozlaşdırılır.
Proqnozlara əsasən, gələn il adambaşına düşən ÜDM-in həcmi 3627,8 manata, orta aylıq əmək haqqı isə 365,6 manata çatacağı proqnozlaşdırılır. Ölkənin ixrac əməliyyatları 15,8 mlrd. dollar, idxal əməliyyatlarının həcmi isə 8,1 mlrd. dollar səviyyəsində nəzərdə tutulub.
Gələn il dövlət büdcəsinin gəlirləri 10 milyard manat, xərclər isə 11,264 milyard manat həcmində nəzərdə tutulub. ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 4,5 min dollara çatıb. 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub.
Sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunur. Yəni, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun sürəkli inkişafı hesabına deyil, həm də qeyri-neft sektoprunun inkişafı hesabına nail olur. Habelə neft gəlirlərindən səmərəli istifadə olunduğundan əhalinin yaşayış səviyyəsi də ÜDM-nin artım tempinə uyğun yaxşılaşır.
Ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm də əhalinin rifahının yaxşılaşmasına, o cümlədən gəlirlərin və əmək haqqının artmasına öz müsbət təsirini göstərib. Belə ki, doqquz ay ərzində orta aylıq əmək haqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz artıb.
Əhalinin gəlirlərinin, həyat səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə yenidən baxılıb və ona daxil olan ərzaq məhsullarının tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə çatdırılıb ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatıb. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 235 milyon manat və ya 91,9 faiz yerinə yetirilmiş, xərcləri isə 6 milyard 457 milyon manat icra edilib. Büdcə xərclərinin 30,1 faizi və ya 1 milyard 942 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz çox olub.
Təhsil xərclərinə 182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 milyon manat və ya 29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və ya 25,4 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulub ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.
Əldə olunmuş uğurlar nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.
Aqrar sahədə də inkişaf müşahidə olunur. Bu sahədə yeni layijələr həyata keçirilir, yeni komplekslər tikilir. Ümumi tutumu 39 min ton olan 15 soyuducu anbarın və ümumi tutumu 205 min ton olan 21 taxıl anbarı kompleksinin tikintisinə tələb olunan vəsaitdən 48 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına həyata keçirilir. Artıq komplekslərin tikintisinə başlanılıb və onların hamısı növbəti mövsümədək istifadəyə veriləcək.
Bütövlükdə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 9 ay ərzində 1700 sahibkarlıq subyektinə 100 milyon manat güzəştli kreditlər verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşür. Bu kreditlər hesabına 7 mindən çox yeni iş yeri açılacaq, qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsi yaradılacaq.
Gələn il sahibkarlığın inkişafı üçün əlavə tədbirlərin, bu sahədə islahatların davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə xüsusi önəm verildiyini diqqətə çatdırır. Yeri gəlmişkən, adı çəkilən şirkət qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirir, artıq nizamnamə kapitalında cəmləşən vəsait bölünüb. Növbəti illərdə isə Dövlət İnvestisiya Şirkətinin maliyyə resurslarına əlavə vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə ilk dəfə olaraq beynəlxalq audit şirkəti tərəfindən maliyyə hesabatlarının auditi keçirilib və müsbət qiymətləndirilib.
Dövlət başçısı bildirir ki, 2010-cu ildə müxtəlif sahələrdə davam etdirilməsi nəzərdə tutulan islahatlar ölkəmizin iqtisadi vəziyyətini yaxşılaşdırmaqla bərabər, əhalinin sosial məsələlərinin həllinə də imkan yaradacaq. Son illər Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən infrastruktur layihələrinə gəldikdə isə, ölkə Prezidenti bu cür layihələrin icrasının gələn il də davam etdiriləcəyini bəyan edir.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin uğurla həll edildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, indi ölkəmiz xaricə neft və qazla yanaşı, elektrik enerjisi də ixrac etməyə başlamışdır. Artıq Azərbaycan dünyada getdikcə aktuallıq kəsb edən alternativ enerji mənbələrinə üstünlük verməyi qarşısına məqsəd qoyub.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası növbəti illərdə Azərbaycanın sosial-iqtisadi tərəqqisini daha da sürətləndirəcək, ölkə əhalisinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.
Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı və sabit olması heç də təsadüfi deyil. Çünki təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm iqtisadi baza, ölkəmizin malik olduğu zəngin potensial Azərbaycanın dönməz tərəqqisinə əlverişli şərait yaradıb, ölkə iqtisadiyyatını hər cür böhrana qarşı dayanıqlı edib.
İndi müstəqil iqtisadi siyasətə, beynəlxalq nüfuza malik Azərbaycan Respublikası dünyanın ən yaxşı inkişaf perspektivi olan ölkələrindən birinə çevrilib. Əgər belə olmasaydı, beynəlxalq təşkilatlar Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etməz, rəqabət qabiliyyətli dünya dövləti kimi tanımazdılar.
Son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizin gələcək davamlı inkişafına yönəldilmiş ümummilli proqramların qəbul edilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın makroiqtisadi göstəriciləri bir qədər də yaxşılaşıb, ölkəmizin strateji valyuta ehtiyatları 19 milyard dolları ötüb keçib.
Bunu həm də beynəlxalq maliyyə təşkilatlarının Azərbaycana dair proqnozları təsdiq edir. Belə ki, 2009-cu il üzrə ÜDM-in real artımı Beynəlxalq Valyuta Fondu tərəfindən 7,5 faiz, Asiya İnkişaf Bankı tərəfindən 8 faiz, 2010-cu il üzrə isə müvafiq olaraq 7,4 və 6,7 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik inkişafının davam edəcəyini qeyd edən Beynəlxalq Valyuta Fondu bu sektorun gələn il 5 faiz, Asiya İnkişaf Bankı isə 5-7 faiz artacağını bildirir. Bütün bunlar onu göstərir ki, qlobal böhrana baxmayaraq Azərbaycan öz inkişaf tempini qoruyub saxlayır.

Digər xəbərlər