2009-cu ildəki uğurlar gələn il də davam edəcək
Artıq bir ildən çoxdur ki, dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhran çox böyük mənfi təsir göstərir. Azərbaycan iqtisadiyyatı isə bu müddətdə öz inkişafını davam etdirib. Cari ildə ümumi daxili məhsul istehsalı 6,1 faiz artıb. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir, hansısa bir sektorun inkişafından asılı deyildir.
Müsbət cəhət burasındadır ki, iqtisadiyyat inkişaf etdirilməklə yanaşı, əhalinin sosial problemləri də sürətlə aradan qaldırılır. Sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Ötən müddətdə inflyasiya cəmi 2,1 faiz təşkil edib. Bu, da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir.
Əhalinin pul gəlirləri isə təxminən 10 faiz artıb. Bu, onu göstərir ki, Azərbaycan vətəndaşlarının güzəranının səviyyəsi getdikcə yüksəlir. Əhalinin 10 faiz artan pul gəlirləri, 2 faizlik inflyasiya- deməli, real artım tempi 8 faizdir. Böhranlı il üçün bu, dünya miqyasında nadir bir göstəricidir.
Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, ilk növbədə onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır. Yəni, daha da çox gəlirlər əldə edilir. Digər tərəfdən, onu göstərir ki, banklara olan inam və etibar çox yüksək səviyyədədir. Bu da öz növbəsində bank sektorunun inkişafına xidmət göstərir.
Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması bu vəziyyəti şərtləndirib. Baxmayaraq ki, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb.
"Bütün bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın ortaya qoyur ki, Azərbaycan indi böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi vaxtında aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. "Biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət edir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır"- Prezident İlham Əliyev bildirir.
Azərbaycanın böyük təbii resursları- neft-qaz resursları var. Hökumət neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəldir. Bu vəsaitlər əsasən, sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəldilir. Ona görə iqtisadiyyatımız neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı endirə bilib.
Bu gün Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir. İlin sonuna bu rəqəm 20 milyardı keçməlidir. Bu da ölkə üçün çox böyük bir maliyyə qarantıdır.
Bütün sosial proqramlar icra edilir. Bu ilin doqquz ayında orta əmək haqqı 15 faiz artıb. Bu gün Azərbaycanda orta əmək haqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və hazırda 150 min ailəyə ünvanlı sosial yardım göstərilir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yaranmış siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsil sahəsinə əlverişli şərait yaradıb. Bu sahəyə ayrılan vəsait 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatıb, investisiya qoyuluşları isə 5,8 milyon manatdan 220 milyon manata yüksəlib.
Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi balanslaşdırılmış əsasda tərtib edilib. Dünya bazarında hazırda neftin bir barrelinin qiyməti 80 dollar ətrafında olsa da, büdcədə 45 dollar hesablanıb. Neftin qiyməti 50-70 dollar arasında qalsa, ölkəmiz daha bir neçə yüz milyon dollar gəlir əldə edəcək.
Ancaq hətta 45 dollar olmaqla belə, Azərbaycanın qarşısında duran bütün sosial, iqtisadi və infrastruktur layihələrini icra etmək üçün imkanlar var. Əgər neftin qiyməti bundan artıq olsa, əlbəttə ki, Azərbaycan bundan ancaq fayda götürəcək, bizim valyuta resurslarımız daha da çoxalacaq. Paralel olaraq Dövlət Neft Fondunda cəmləşən vəsait, Mərkəzi Bankın ehtiyatları və Maliyyə Nazirliyinin resursları artır.
"Bu gün əgər bizim valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə bu daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə bu vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər sosial məsələlərin həllinə xidmət göstərsin. Böyük məbləğ yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq faizdən biz dövlət büdcəsinin yükünü daha da azaltmaq üçün istifadə edəkF- Prezident İlham Əliyev bildirir.
Gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcək.
Sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də bax, bu siyasətin təzahürüdür.
Büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur. İnvestisiya xərcləri, haradasa 5 milyard dollar ətrafında olacaq, eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır.